Məhkəmə qərarları › İş №2(103)-5231/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5231/2022

16.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5231/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndələri X1 və X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-cu il tarixli, 2(007)-360/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 920 manat məbləğində pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 dekabr 2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh1 etibar edilmiş və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Hyundai Matrix” markalı, ** GO *** dövlət nişanlı avtomobil “Kia Rio” markalı, ** OB *** dövlət nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 qanunvericiliyin tələbini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə 920 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8047 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 920 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-cu il tarixli, 2(007)-360/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin olunmuşdur. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, avtomobilin etibarnamə əsasında Cavabdeh1 məxsus olması, hadisə baş verən zamanı Cavabdeh1 avtomobildə olması, subroqasiya hüququnun yaranmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh2 idarə etdiyi və iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundaı Matrıx” minik markalı, ** GO *** dövlət nömrə nişanlı avtomobillə 26 dekabr 2020-ci il tarixdə digər şəxsin idarə etdiyi “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə sonuncuya maddi maddi ziyan vurulması, hadisə ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək və s.) nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borjlunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borjlunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlardan (sığorta aktı, qiymətləndirmə aktı və s.) görünür ki, iddiaçı tərəfindən icbari sığorta müqaviləsinə əsasən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə 920 manat sığorta ödənişi verilmişdir. MM-nin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində «nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs» dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Cavabdeh2 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, həm Cavabdeh1, həm də Cavabdeh2 üzərinə qoyulmalıdır. Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən zamanı Cavabdeh1 onun yanında olmasını qeyd etsə də, işdə olan səlahiyyətli orqanın inzibati xəta haqqında protokolundan və qərarından görünür ki, cavabdeh İXM-nin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh barəsində olan inzibati xəta ilə bağlı qərarı mübahisələndirmədiyini qeyd etmişdir. Bununla yanaşı, apellyasiya şikayətində avtomobilin cavabdehlərə məxsus olması qeyd edilsə də, işdən görünür ki, hadisə baş verən zamanı avtomobil üzərində Cavabdeh1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, yalnız adına mülkiyyətçi (X6) tərəfindən etibarnamə verilmiş, Cavabdeh2 adına isə həmin avtomobil üzərində qanuni sahiblik və istifadə hüquqlarını ehtiva edən hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi, iddiaçının subroqasiya hüququ sahəsində müvafiq tələb hüququ yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehlər apellyasiya şikayətində dəymiş zərərin məbləği ilə bağlı təqdim olunmuş sübutları mübahisələndirməmiş, eləcə də onların əksini təsdiq edən hər hansı sənəd təqdim etməmişlər. İşdə olan 05 yanvar 2021-ci il tarixli qüsur aktından görünür ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə - ön sağ qanad 140 manat, sağ fara 380 manat, su baçoku 45 manat, sağ salaska 30 manat, usta pulu 325 manat, yekun olaraq 920 manat zərər dəymişdir. İşdə olan 21 yanvar 2021-ci il tarixli, 3638 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 920 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, işin faktiki halları və qanunverijiliyin qeyd edilən normaları baxımından cavabdehlərin sığorta ödənişini həyata keçirmiş iddiaçı qarşısında subroqasiya qaydasında müvafiq öhdəliyi mövcuddur. cavabdeh tərəf isə etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinji instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-cu il tarixli, 2(007)-360/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-cu il tarixli, 2(007)- 360/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar