Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5233/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbin direktoru X1 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-164/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kəlbəcər Rayon Təhsil Şöbəsi 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) onunla bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “ b ” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsi barədə 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrin ləğv edilməsi və onun Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə əsasında ingilis dili müəliliməsi işləmiş, Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin (direktor Həqiqət Şükürova) 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin ərmrdən çıxarış ona göndərilməmiş və bu barədə ona hər hansı bir formada xəbər verilməmişdir. Nümayəndə və vəkilin sorğusuna əsasən onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən çıxarışlar 18 iyun 2021-ci il tarixli məktubla 24 iyun 2021-ci il tarixdə məktəbin binasında onun nümayəndəsinə təqdim edilmişdir. Təqdim olunmuş əmrdən çıxarışlardan ona məlum olmuşdur ki, onunla olan müddətsiz müqaviləyə onun xəbəri olmadan 2017-ci il tarixdən xitam verilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmış, 16 iyun 2020- ci il tarixli 43 saylı əmrdən çıxarışda göstərilir ki, məktəbdə işləyən X3 müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 68 “b” bəndinə və 73-cü maddəsinə əsasən cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsini qanunsuz və əsassız hesab edir Əmək Məcəlləsinin 68 “b” bəndinə və 73-cü maddəsinə əsasən cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilməsini qanunsuz və əsassız hesab edir.
3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-164/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Leyla Talıbova) ilə iddia ərizəsi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi və 73-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməni qəbul edərkən məsələyə birtərəfli yanaşmış, hüquqi əsaslandırmanı isə cavabdehin xeyrinə edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, mülki iş materiallarında iddiaçı ilə müvəqqəti əmək müqaviləsinin razılıq əsasında bağlanmasını təsdiq edən sübut yoxdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı onun müddətsiz əmək müqaviləsinə xitam verilərək, müddətli əmək müqaviləsi bağlanmasından xəbəri olmayıb.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.İbrahimov apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçının müddətli əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verilib, əmr qanuna uyğun olmuşdur, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, X2 Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında xx.xx.2000-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
11. əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında xx.xx.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır.
12. 15 sentyabr 2017-ci il tarixli, 3 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Təhsil şöbəsinin tapşırığına əsasən X3 müddətli müqavilə bağlanmış və 13 saat dərslə təmin edilmişdir.
13. 14 iyun 2018-ci il tarixli 17 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, X3 ilə bağlanmış müddətli müqavilənin vaxtı bitdiyi üçün müqaviləsinə xitam verilmişdir.
14. 15 sentyabr 2018-ci il tarixli 23 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, ingilis dili dərslərinə ehtiyac olduğu üçün Təhsil Şöbəsinin tapşırığına əsasən X3 ilə yenidən müqavilə bağlanılmışdır.
15. 14 iyun 2019-cu il tarixli 11 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, məktəbin ingilis dili müəllimi X3 ikinci iş yeri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam verilmişdir.
16. 16 sentyabr 2019-cu il tarixli 25 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Rayon Təhsil Şöbəsinin tapşırığına əsasən X3 müddətli (iyunun 14) müqavilə ilə 17 saat dərslə təmin olunmuşdur.
17. 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, müddətin bitməsi ilə bağlı olaraq X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
18. 104 saylı orta məktəb tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 493 saylı məlumatdan müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı həqiqətən xx.xx.2000-ci il tarixdən Bakı şəhəri N. Rəfiyev adına 104 №li orta məktəbə ingilis dili müəllimi qəbul edilmiş və hal-hazıra kimi ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11. İşəgötürənin əsas hüquqları
20. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
21. Maddə 43. Əmək müqaviləsinin məzmunu Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
22. Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
24. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Verdiyeva (Sədirova) İnci İdris qızı xx.xx.2000-ci il tarixdən Kəlbəcər rayonu 23 saylı tam orta məktəbdə müddətsiz müqavilə bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdən Verdiyeva (Sədirova) İnci İdris qızı ilə Kəlbəcər Rayon Təhsil Şöbəsi arasında müddətli əmək müqaviləsi bağlanmış, bundan sonra iddiaçı ilə 15 sentyabr 2017-ci il tarixli, 14 iyun 2018-ci il, 15 sentyabr 2018-ci il, 14 iyun 2019-cu il, 16 sentyabr 2019cu il tarixli müddətli əmək müqavilələri bağlanmış, 16 iyun 2020-ci il tarixli 43 nömrəli əmri ilə idiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə və 73-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Kəlbəcər rayonu 23 saylı tam orta məktəbin əmrinin əsassız olduğundan ləğv edilməli olduğunu iddia edir. İddiaçı əsas kimi onunla müddətli əmək müqaviləsi bağlanmasından məlumatının olmadığını qeyd edir.
35. Məhkəmə kollegiyası iddiaçının onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi və onunla müddətli əmək müqaviləsi bağlanmasından məlumatı olmaması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, iddiaçı ilə müxtəlif illər üzrə müvafiq müddətli əmək müqavilələri bağlanmışdır ki, iddiaçının həmin müqavilələrdən məlumatsız olması barədə dəlili əsassızdır.
36. Kollegiya onu da qeyd edir ki, 104 saylı orta məktəb tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 493 saylı məlumatdan müəyyən olunur ki, Verdiyeva (Sədirova) İnci İdris qızı həqiqətən xx.xx.2000-ci il tarixdən Bakı şəhəri N. Rəfiyev adına 104 №li orta məktəbə ingilis dili müəllimi qəbul edilmiş və hal-hazıra kimi ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
37. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
38. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
39. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Verdiyeva (Sədirova) İnci İdris qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-164/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev