Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5235/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1350/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə cavabdeh qurumda mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul olunmuş, daha sonra əmək müqaviləsi daha 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) uzadılmış, xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndə tutduğu vəzifəyə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir illik fərdi əmək müqaviləsi bağlamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdehndə mütəxəssis kimi fəaliyyətə başlamışdır. Bir ilin tamamında Mərkəzin rəhbərliyi tərəfindən ona xəbərdar edilmədən müqavilə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitməsinə müəyyən zaman qalsa da X6 xəbərdarlıq vermədən qanunsuz olaraq, şəxsi qərəzliklə onun müqaviləsinə xitam vermişdir. O, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür, müharibə veteranıdır. Ona mənəvi psixoloji zərbələr vurublar. Göründüyü kimi, Mərkəz tərəfindən ona müqavilənin bitməsi və uzadılması barədə rəsmi xəbərdarlıq edilməmişdir. Buna görə də Mərkəzin fəaliyyəti Əmək Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Bundan əlavə onun tərəfindən əmək müfəttişliyinə müraciət edilmişdir. Əmək müfəttişliyi cavabdehin qanunsuz əməllərinə görə Muğam Mərkəzini cərimələmişdir. Göstərilənlərinin nəzərə alınmasını və işə bərpa olunmasını xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1350/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X3)
5. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
6. Məhkəmə həmçinin iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən veteran olmasını nəzərə alaraq başqa işlə təmin edilməli olmasına dair dəlillər üzrə qeyd etmişdir ki, əmək qanunvericiliyində yalnız işçinin vəzifəsi ixtisara düşdüyü təqdirdə müharibə veteranlarının digər işçilərə münasibətdə üstünlük hüququna malik olması nəzərdə tutulur, işçi belə bir imtiyaza müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işçi ilə əmək münasibətlərinin xitam verildiyi təqdirdə malik deyil. Bu səbəbdən məhkəmə qeyd edilən dəlilləri əsaslı hesab etməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47-ci, 68-ci, 73-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin hüquq normaları düzgün tətbiq edilməməklə çıxarıldığını bildirmiş və həmin sahəni tənzimləyən maddi hüquq normalarına istinad edərək onların düzgün tətbiq edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissənin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir; 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; əvvəlki redaksiyada 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; əvvəlki redaksiyada 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Bu səbəbdən tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və işin hallarına istinad edərək və bu sahəni tənzimləyən qanunvericilyin yuxarıda göstərilən və digər aidiyyəti normalarını rəhbər tutaraq ilk növbədə qeyd edir ki, müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. Lakin qanunverici hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağlanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkan verir. Müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə müqavilənin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda isə, əksinə, əmək müqaviləsinin müddəti müəyyən edilmədən, yəni müddətsiz bağlanmasının məcburiliyi şərtləndirilmişdir. Lakin bu müddəanın da tətbiq edilməsinin mümkünlüyü məhz qeyd edilən 9 halın mövcudluğundan asılı edilmişdir. Nəzərə alınmalıdır ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanması bu hallara aid edilmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi).
21. İddiaçı cavabdeh qurumda (mülki müdafiə üzrə) mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Bu baxımdan onun əmək funksiyaları öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilə bilər. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm iddiaçı, həm də cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən iddiaçının əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndinə əsasən isə qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Belə ki, tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.
22. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.
23. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri yalnız xx.xx.2022-ci il tarixdə, müddətli əmək müqaviləsinin bağlanması ilə yaranmışdır. Bununla belə, bu müqavilədən əvvəl iddiaçı öz əmək fəaliyyətinin hər hansı dövründə cavabdehlə əmək münasibətlərində olmamış, hər hansı müqavilə bağlamamışdır.
24. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən həmin müqavilə 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Lakin bu müddətin qurtarmasına baxmayaraq, əmək münasibətləri davam etdirilmiş və bitmə tarixindən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmişdir. Bundan sonra da tərəflərin iradə ifadəsi, o cümlədən qarşılıqlı razılığı əsasında əmək müqaviləsi daha 1 il müddətinə uzadılmışdır. Bundan sonra isə cavabdeh əmək münasibətlərini davam etdirmək istəməmiş və məhz əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
25. Bununla belə, iddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl hər hansı formada cavabdehlə əmək münasibətlərində olmamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 1 il müddətinə bağlanmış, bundan sonra daha 1 il müddətinə də uzadılmış və həmin müddətin sonunda əmək münasibətlərinə xitam verilmişdir. Nəticədə əmək münasibətləri cəmi 2 il davam etmiş, həmin müddət ərzində tərəflərin hər hansı biri, xüsusilə də iddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması tələbini irəli sürməmişdir. Tərəflərin münasibətlərinin xarakterinin xx.xx.2024-cü il tarixli əmrin qəbul edilməsinə təsir etməsi, o cümlədən fəaliyyəti dövründə cavabdehin iddiaçıya münasibətdə qərəzli mövqe sərgiləməsi müəyyən edilmir. xx.xx.2024-cü il tarixli əmrin məhz cavabdehin sərbəst iradə ifadəsi olmaması, cavabdehin bu əmri qəbul etməkdə hüquq bərabərliyi prinsipini pozmaq niyyətində olması, hər hansı başqa məqsəd güdməsi də aşkar edilmir. Bununla belə, iş üçün diqqətəlayiq olan bütün hallar da nəzərə alınmaqla, göstərilən xidmətlərin daimi xarakterə malik olması, iddiaçın fəaliyyət göstərdiyi 2 il ərzində intizam məsuliyyətinə cəlb edilməməsi, habelə digər bu kimi hallar hər hansı formada apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tutduğu vəzifə və ya ştat ixtisar edilməmiş, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bu əsasla deyil, Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bu münasibətlər çərçivəsində isə iddiaçının müharibə veteranı olaraq işdə saxlanılmasında üstünlük hüququ yoxdur, cavabdeh ümumiyyətlə Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələrinin tələblərinə uyğun olaraq hər hansı tədbir görmək öhdəliyi daşımamışdır. Yuxarıda göstərilənlər iddianın və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin təmin edilməməsini şərtləndirir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1350/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.