Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5238/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı iddiası üzrə (Açar sözlər:mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1023/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.
2. Qeyd olunan mənzil Cavabdeh2 və onun ailə üzvlərinin faktiki istifadəsindədir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin qeydiyyatında yalnız iddiaçı özüdür. Uzun illərdir ki, iddiaçının qaynı ailəsi ilə birlikdə bu mənzildə yaşayırlar. Hazırda iddiaçının özünün mənzilə ehtiyacı var. İddiaçı dəfələrlə cavabdehlərə mənzili boşaltmaları barədə bildirsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva, iş № 2(011)-1023/2025) iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilin İddiaçı mülkiyyətində olması nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 həmin mənzilin tərk etməkdən imtina etməkə sahədə yaşamağa davam etməklərini əsaslandıran qanuni əsaslar (əmlaka və ya onun payına mülkiyyət, sahiblik və ya istifadə hüququ) müəyyən edilməmişdir. Buna görə də iddia tələbləri təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, sözü gedən mənzildə 24 ildir ki, ailə üzvlərilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 34 nömrəli mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçı onu və ailə üzvlərini həmin ünvandan qeydiyyatdan çıxarmağı ilə bağlı heç bir məlumatı olmamış, onun razılığı alınmamışdır. Qanunvericiliyin tələbinə əsasən qeydiyyatdan çıxarılma və istifadə hüququnun xitamı üçün müvafiq kompensasiya ödənilməlidir. Lakin, iddiaçı ondan və ailə üzvlərindən xəbərsiz onları qeydiyyatdan çıxarmış və heç bir kompensasiya ödəməmişdir. İddiaçı həmin mənzili ona bağışlıyacağını bildirdiyi üçün o, həmin mənzilin təmiri üçün kifayət qədər xərc çəkmişdir. Lakin, məhkəmə bu xərclərin qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Onun və ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 34 nömrəli mənzildən başqa heç bir yaşayış yeri yoxdur. İddiaçı bağışlama müqaviləsi əsasında mənzili ona verəcəyini dəfələrlə bildirmiş və oğlunun toy mərasimi zamanı rəsmiləşdirməyi vəd etmişdir. Daha sonra, bağışlama müqaviləsinin bağlanması üçün müvafiq addımlar atılmış, lakin tamamlanmamışdır. İddiaçı hesab edir ki, “məhkəmələr tərəfindən mülki məsələlərin düzgün həll edilməsi vətəndaşların dövlətə və məhkəmələrə inamını artırır, qanunu pozmuş səxslərdə hüquq qaydalarına əməl etməyə məsuliyyət hissini yüksəldir” prinsipini nəzərə alaraq iddia təmin olunmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
19. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
20. İş materiallarında olan sənədlərdən görünür ki, mənzil iddiaçının adına 2001-ci ildə özəlləşdirilmişdir.
21. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 və onun ailə üzvlərinin faktiki sahibliyindədir.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin İddiaçı mülkiyyətində olması nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 həmin mənzilin tərk etməkdən imtina etməkə sahədə yaşamağa davam etməklərini əsaslandıran qanuni əsaslar (əmlaka və ya onun payına mülkiyyət, sahiblik və ya istifadə hüququ) müəyyən edilməmişdir. Belə ki, cavabdehlərin mənzil mülkiyyətçisinin iradəsi əleyhinə mənzili tərk etməkdən imtina etməkləri - iddiaçının mükiyyət hüququnu pozmaqla, sonuncuya öz mülahizəsinə görə mübahisəli sahənin üzərində sahiblik, istifadə, sərəncam hüquqlarının həyata keçirilməsinə maneələr törədir.
23. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi apelyatora aid hissədə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2025-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.