Məhkəmə qərarları › İş №2(103)-524/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-524/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-524/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygın Ülviyyət qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra, cavabdeh) qarşı “pul barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında 60 kv.m-lik mənzilin əvəzinə verilmiş ümumi sahəsi 55,2 kv.m olan mənzilin 4,8 kv.m-dən ibarət çatışmayan sahəsinin dəyəri olan 12000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən tam təmirli, 2 otaqlı mənzil İddiaçı məxsus olmuş, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 fevral 1995-ci il tarixdə 30/3177 qeydiyyat nömrəsi ilə mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli sərəncamı əsasında İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən tam təmirli, 2-otaqlı mənzil sökülərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarşılıqlı razılaşma əsasında alınaraq, yerində “Pilot layihə” əsasında hündürmərtəbəli yaşayış sahəsi inşa olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdə, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Tikinti şirkəti Cavabdeh MMC isə “Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m, təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh iddiaçının ikiotaqlı mənzilini və əlavə tikililəri mənzilin daxilindən ölçərək, ümumi sahənin 60 kv.m olduğunu bildirmiş və əvəzində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında iddiaçıya sahəsi 60,0 kv.m-dən ibarət təmirli mənzil verməyi öhdəsinə götürsə də, iddiaçıya təklif edilən mənzil müqavilə şərtlərinə uyğun gəlməmiş, yeni mənzilin ümumi sahəsi 55,2 kv.m olmuş, bir otaq və mətbəxdən ibarət olmuş, mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminant və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Bu mənzil iddiaçının ailəsinin yaşaması üçün əlverişsiz olduğundan, mənzili qəbul etməmiş və məcbur olub 2020-ci il yanvar ayının 9-dan iyun ayının 9-dək 5 ay qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Qeyd edilən müddət ərzində cavabdehə 2 otaqdan ibarət 60 kv.m-lik mənzilin verilməsi barədə dəfələrlə müraciət etsə də, müsbət nəticəsi olmamış, məcbur olub mənzili göstərilən nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci il tarixdə qəbul etmişdir. Bununla bağlı, məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-dək müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin balkona vurulmayan metlaxın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli 2(005)- 1730/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda, iddiaçı dəfələrlə mənzillə bağlı maliyyə arayışının verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəf qərəzli şəkildə, yəni cavabdehə qarşı məhkəməyə müraciət etdiyi üçün arayışın verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizənin təmin olunması, tərəflər arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, iddiaçıya ünvan 1 ünvanında 60 kv.m-lik mənzilin əvəzinə verilmiş ümumi sahəsi 55,2 kv.m olan mənzilin 4,8 kv.m-dən ibarət çatışmayan sahəsinin dəyəri olan 12000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(005)- 823/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2530 manat pul tutulması, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 1/5 hissəsi, yəni 10 manat pul Cavabdeh MTKdan, qalan 4/5 hissəsi, yəni 40 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1/5 hissəsi, yəni 50 manat pul Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 200 manat pul isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçının apellyasiya şikayəti - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, ekspertiza rəyinin əsassız olması, ölçmə işlərinin düzgün aparılmaması, rəydə 1,1 m2 sahənin az olmasının qeyd edilməsi, halbuki ekspert tərəfindən yerində ölçmə zamanı öz xətt ilə yazdığı vərəqdə 3,3 m2 sahənin çatışmamasının müəyyən edilməsi, rəydə isə ölçülərin təhrif olunması, mənzilin ümumi sahəsinin əsassız artırılması, mənzilin balkonun ümumi sahəyə müvafiq azaltma əmsalı tətbiq edilməklə hesablanmalı olması, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, 1,1 m2-lik fərqin çüzi olması, təbii olaraq belə fərqin yaranmasının mümkün olması, bu halın isə məhkəmə tərəfindən cavabdehin öhdəliyini lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilməsinin düzgün olmaması, iddianın tam təmin olunmamalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini əsassız sayaraq, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, apellyasiya icraatı zamanı alınmış əlavə məhkəmə tikintitexniki ekspertizasının rəyinə etirazları yoxdur, lakin hesab edirlər ki, mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalı nəzərə alınmaqla hesablanmalıdır. Bununla yanaşı, iddia ərizəsində çatışmayan hər m2 sahə üçün qiymət 2500 manatdan hesablanmaqla tələb irəli sürülsə də, apellyasiya icraatı zamanı iddiaçının sifarişi ilə "xxxx" MMC-nin 15 mart 2024cü il tarixli hesabatı əldə olunmuş, orada mənzilin 1 m2-nin bazar dəyərinin 3238,34 manat olmasını müəyyən edilmişdir. Bu səbəbdən də, qiymətin həmin rəyə uyğun hesablanmasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq, başqa məhkəmə iclasının olması ilə əlaqədar gələ bilməməsini, bu səbəbdəndə məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyasını bununla razılaşmamışdır. Birincisi cavabdeh hüquqi şəxs olmaqla, başqa nümayəndəsi vasitəsilə də təmsil olunmaq imkanına malikdir, ikincisi isə hazırki məhkəmə iclasının vaxtı kifayət qədər əvvəldən (26 fevral 2024-cü il tarixdən) təyin olunaraq, bu barədə tərəflərin elektron kabinetinə müvafiq məlumat yerləşdirilmişdir. Belə olan halda isə, cavabdehin nümayəndəsinin (vəkilinin) digər məhkəmə proseslərini tənzimləmək imkanı olmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərək, izahatlar vermiş, hazırki iclasla bağlı isə elektron kabinet vasitəsilə mübahisə üzrə yazılı münasibətini bildirərək, müəyyən sənədləri əlavə etmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 12 may 2017-ci il tarixli, 115 saylı müqavilənin bağlanması, həmin müqaviləyə əsasən iddiaçının öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdehin isə iddiaçının mülkiyyətində olan həmin yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m, təmirli mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1730/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrası tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırki tələbində - cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsinə, yəni müqavilə ilə nəzərdə tutulmuş 60 m2 ümumi sahəsi olan mənzilin ona təhvil verilməməsini, mənzilin sahəsinin daha az, 55,20 m2 olmasını, bu səbəbdən də cavabdeh tərəfindən çatışmayan sahə üçün ona 12000 manat pul vəsaitinin ödənilməli olmasını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutumuş ölçüdə mənzilin verilməsini, öhdəliyin pozulmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya ümumi sahəsi 60 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 58,9 kv.metr olan mənzil vermişdir. Belə ki, mülki iş üzrə təyin edilmiş ekspertiza ilə mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsi arasında 1.1 kv.metr fərq olduğu müəyyən olunmuşdur. Bununla da cavabdeh müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı tərəfindən tələb olunan pul məbləği ilə bağlı qeyd etmişdir ki, mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 1,1 kv.metr fərq olduğu müəyyən edilmiş, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri, təqribən 2300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 2530 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2530 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında 12 may 2017-ci il tarixli, 115 saylı müqaviləyə bağlanmışdır ki, iddiaçının da həmin müqaviləyə əsaslanmaqla, cavabdehə qarşı müvafiq tələblər irəli sürməkdə subyektiv (tələb) hüquqları mövcuddur. Birinci instansiya məhkəməsi əsasən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1320 nömrəli rəyinə əsaslansa da, həmin rəydə - Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A. mərtəbə 6, 29 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 58,9 kv.metr təşkil etdiyi göstərilmiş, lakin rəy kifayət qədər əsaslandırılmamış, mənzilin ayrı-ayrı tikililərinin sahələrinin necə hesablanması, göstərilən sahələrin mənzilin məhz hansı tikililərinə aid olması və s. hallar rəyin təsviri hissəsində konkret qeyd olunmamışdır. Həmçinin, iddiaçı sübut kimi həmin yaşayış binasında yerləşən analoji sahəyə malik digər mənzilə (onun mənzilindən bir neçə mərtəbə yuxarıda yerləşən mənzil) dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın və texniki pasportun surətini əlavə etmiş, orada göstərilən sahələrlə ekspert rəyində qeyd edilən sahələrin fərqlənməsini bildirmişdir (məsələn, texniki pasportda balkon 3,9 m2 qeyd olunduğu halda, ekspert rəydə 4,7 m2 qeyd etmişdir və s.. Halbuki, üst-üstə olan mənzillərin balkonları eyni ölçüdə olur). Bu səbəbdən də apellyasiya şikayətlərinin dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verilməsi və s. digər zəruri halların obyektiv aydınlaşdırılması məqsədilə iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. Daxil olmuş əlavə ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli rəyi) görünür ki, tərəflər arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzili yaşayış binasının 6-cı mərtəbəsində yerləşməklə, təmirli vəziyyətdə bir sanitar qovşağı, bir dəhliz-mətbəx, iki yaşayış otağı və bir balkondan ibarətdir. Mənzilin ümumi sahəsi 54,04 m2, faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 56,7 m2 təşkil edir. Eyni zamanda, yaranmış 3,3 m2 fərqin mənzildə aparılmış təmir işlərinin nəticəsi olmaması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmiş, nəzərdə tutulan və təhvil verilmiş sahələr arasında fərq 3,3 m2 təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 3,8 m2 ölçsüdə balkon daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 1,14 m2 kimi nəzərə alınmışdır. İddiaçı sahənin müvafiq azalma əmsalı nəzərə alınmaqla hesablanmalı olması bildirsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, cavabdeh (podratçı) faktiki olaraq 3,8 m2 ölçsüdə balkon tikintisini həyata keçirmişdir. Belə olan halda, şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı həmin sahənin müvafiq əmsal tətbiq edilməklə daha az ölçüdə qeydə alınması vəziyyəti dəyişdirmir. Belə ki, Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə, işin faktiki hallarından, qanunvericiliyin qeyd edilən normalarından və tədqiq olunmuş sübutlardan müəyyən olunduğu kimi, cavabdeh (podratçı) müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçıya 60 m2 sahədə mənzili inşa edərək təhvil verməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mənzilin sahəsi azalma əmsalı nəzərə alınmaqla 56,7 m2 müəyyən olunmuşdur. Eyni zamanda yaranmış 3,3 m2 fərqin (60-56,7=3,3 m2) mənzildə aparılmış təmir işlərinin nəticəsi olmaması da ekspertiza rəyi ilə müəyyən edilmişdir. Tərəflər ekspertiza rəyi ilə razılaşmamaları, eləcə də onun əsassızlığı ilə bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər dəlil irəli sürməmişlər. Belə olan halda isə iddiaçı mənzilin çatışmayan 3,3 m2 sahəsinə görə onun dəyərini (pul formasında kompensasiyasını) tələb etməkdə haqlıdır. İddiaçı tələbində cavabdehin hər m2 çatışmayan sahə üçün 2500 manat ödəməli olmasını iddia etmiş, birinci instansiya məhkəməsi isə məbləği 2300 manat müəyyən etmişdir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/M 39- 286/23 saylı ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzil üçün təmirli olaraq 12 may 2023-cü il tarixinə 1 kv.metr üzrə bazar dəyəri 2300,0 manat təşkil edir. İddiaçı apellyasiya baxışı zamanı özünün sifarişi ilə yeni qiymətləndirmə hesabatı ("xxxx" MMC-nin 15 mart 2024-cü il tarixli hesabatı) təqdim edərək, mənzilin 1 m2-nin bazar dəyərinin 3238,34 manat olmasını bildirmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə və ona əlavə olunmuş eksperti rəylərini təqdim edərək, iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi yeni qiymətləndirmə hesabatında göstərilən qiymətin həddindən artıq şişirdilmiş məbləğ olmasını, həmin ərazidə təmirli mənzillərin 1 m2-nin dəyərinin 2000-2300 manat arası dəyişdiyini, eləcə də birinci instansiya məhkəməsində icraat zamanı alınmış qiymətləndirmə rəyində göstərilən 2300 manat qiymətin uyğun olmasını göstərmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus mənzilin 1 m2-nin bazar dəyərinin 2300 həddində manat təşkil etməsi real, obyektiv və ağlabatandır. Bununla yanaşı, iddiaçı hazırki apellyasiya baxışı zamanı təqdim etdiyi yeni qiymətləndirmə hesabatına əsaslanaraq qiymətin daha yüksək (3238,34 manat) olmasını bildirsə də, iddia tələbində özü çatışmayan 1 m2 sahə üçün 2500 manat tələb etmişdir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 7590 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı 50 manat məhkəmə tikinti-texniki ekspertizası xərci, 250 manat qiymətləndirici "xxxx" MMC-nin xərci mövcud olmuş, apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə 100 manat əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci (məhkəmə xərcləri) mövcud olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni 2530 manat həddində təmin etdiyindən məhkəmə xərclərini iddiaçıya 4/5, cavabdehə 1/5 nisbətdə aid edərək, bölüşdürmüşdür. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın 7590 manat hissədə təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, qeyd edilən məhkəmə xərcləri 1/3 hissədə iddiaçıya, 2/3 hissədə cavabdehə aid edilməli, qeyd edilən nisbətlərdə tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, iddiaçıya münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (tələb 12000 – təmin olunan hissə 7590 = 4410) iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəifndən verilmiş apellyasiya şikayəti təmin olunmasın, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitin məbləği 7590 (yeddi min beş yüz doxsan) manat müəyyən edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi həmçinin məhkəmə xərclərinə dair hissədə dəyişdirilsin, məhkəmə xərcləri 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh MTK-ya aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizaların ümumi dəyəri olan 150 manat xərcin 50 (əlli) manat hissəsi iddiaçıdan, 100 (bir yüz) manat hissəsi isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Həmçinin, qiymətləndirici "xxxx" MMC-nin 250 manat xərcinin 84 (səksən dörd) manat hissəsi iddiaçıdan, 166 (bir yüz altmış altı) manat hissəsi isə cavabdehdən tutularaq "xxxx" MMC-yə (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən iddiaçı kassasiya şikayəti verə bilməz, cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar