Məhkəmə qərarları › İş №2(103)-5242/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5242/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5242/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən (Azərişıq abunə kodu **********20000) Cavabdeh1 yaşadığı özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Xəzər Rayon Məhkəməsinin 2(003)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən Cavabdeh1 yaşadığı evə (1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikiliyə) köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil onun xalasının vəsaiti hesabına tikilmiş özbaşına tikilidir. Hazırda o yenidən ailə qurmuşdur, bir övladı da doğulub, həmin evdə onun yeni ailəsi, xalası, həmçinin iddiaçının övladları ilə birgə köçərək yaşaması mümkün deyil. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət qanunsuz və əsassızdır, belə ki, ailə qurduqdan sonra cavabdehin valideynlərinin yanında yaşamış, sonra yaşadıqları evi sataraq Bakı şəhəri, Xəzər rayonu, ərazisində ev inşa etmiş və həmin evdə yaşamağa başlamışlar. Ev tikiləndə hətta evin fəhləliyini də özü etmişdir, indi cavabdeh ona həmin evə köçüb yaşamasına süni maneə yaradır. Evin guya xalasının vəsaiti hesabına tikilməsini də sonradan düşünərək ortaya atmışlar. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, ev birgə nikah dövründə və birgə vəsaitlər hesabına tikilib, iddiaçı da həmin evdən istifadə ilə bağlı cavabdehlərlə eyni hüquqa malikdir, həmin mənzilin güya Təbrizin xalasının vəsaiti hesaqbına tikilməsi uydurmadır, əsas məqsəd iddiaçını azyaşlı uşaqları ilə haqqı olduğu mənzildən- yaşayış yerindən məhrum etməkdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Tərəflər xx.xx.2010-cu il tarixində nikahlarını bağlamışlar, birgə nikah münasibətlərindən üç övladları-xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlarının analarının yanında saxlanılması qət edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən 135 nömrəli xx.xx.1990-cı il tarixli çıxarışın surətindən görünür ki,X1 0.07 ha torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 ona ayrılmış 0.07 ha torpaq sahəsinə dair Cavabdeh1 2081-ci il tarixinədək etibarnamə verilmişdir. Mülki iş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 396/06 saylı xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icrarədar olan Buzovna Bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh1 bağ-bostan bitkilərinin becərilməsi məqsədilə, hər il 6 manat icarə haqqı ödənilməklə 50 il müdddətinə 600 m2 torpaq sahəsi icarəyə verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 əvvəllər rəsmi nikahda olmuşlar, ailə qurduqları ilk dövrdə Binə qəsəbəsində yerləşən evdə yaşamışlar, həmin ev satıldıqdan sonra əldə edilmiş pulun hesabına mübahisə predmetinə daxil olan tikilinin yerləşdiyi Buzovna qəsəbəsində yerləşən torpaq sahəsini əldə etməklə, kirayədə yaşadıqları dövrdə həmin torpaq sahəsində mübahisə predmeti olan tikili inşa edilmiş, tikili 1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikilidir. Həmin tikilidə (evdə) 2019-cu ilin oktyabr ayının 19-dək iddiaçı ilə Cavabdeh1 birgə yaşamışlar. Həmin tarixdə iddiaçı Cavabdeh1la münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk etmişdir. Onlar arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və şahid ifadəsinə əsasən iddiaçı ilə Cavabdeh1 mübahisə predmeti olan evdə birgə nikah dövründə inşa etmiş və təmir işləri aparmışlar, həmin evdə olan iddiaçıya məxsus əmlaklar onun razılığı olmadan Cavabdeh1 tərəfindən aparılıb başqa ünvana yerləşdirilmişdir. Mübahisə predmetinə daxil olan tikilin hüquqmüəyyənedici sənədi yoxdur, tikili- özbaşına tikilidir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikilmiş evə köçürülmə və istifadəyə aiddir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdeh1 apellyasiya şikayətində həmi evin xalasının vəsaiti hesabına tikildiyni qeyd etsə də, bununla bağlı hər məhkəməyə hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddiaçı azyaşlı övladları ilə birgə köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdelərlə eyni hüquqa malik olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar