Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5245/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 6000/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun Babayev Rauf Arzu oğluna sağlamlıq imkanları məhdud, anadangəlmə spastik serebral iflic, mikrosefaliyadan əziyyət çəkən uşaq kimi 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə kimi, yəni vəfat edənə qədər heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 6000/2025 nömrəli qərardadı (hakim İ.N.Abbasova) ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, ərizəçi İddiaçı yaşayış yeri Qəbələ rayonu, Bum qəsəbəsi Ərazi dairəsi, Bum qəsəbəsi olsa da, ərizəçi qanunun tələblərinə riayət etməyərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, ərizəçi ərizəni Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, mülki iş üzrə maraqlı şəxsi göstərməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı Qəbələ rayonu, Bum qəsəbəsində yaşadığını qeyd etmiş, ərizənin aidiyyəti üzrə göndərilmədiyini iddia etmişdir. İddiaçı ünvan 1 ünvanlanmışdır. Müraciətə cavab təqdim olunan zaman, apellyasiya şikayətinə əlavə olunacaqdır. Mülki Prosessual Məcəllənin 37-ci maddəsində isə təsbit olunmuşdur ki, Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Mülki-prosessual qanunvericiliyin qeyd olunan maddəsi və İddiaçı yaşayış yerinin arayışla təsdiqi halı ilə ərizənin təqdim edilməli olduğu aidiyyatı məhkəmənin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi olduğu bir daha öz təsbitini tapır. Həmçinin, qərardadda Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinə istinad edilmiş, mülki iş üzrə maraqlı şəxs göstərmədiyinə görə ərizənin geri qaytarılması zərurəti qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarında nəzərdə tutulmuşdur ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Ali Məhkəmənin Plenumunun qərarından da maraqlı şəxslərin dairəsinin müəyyən edilməsinin Məhkəmənin vəzifəsinə aid olması müəyyən olunmuşdur. Buna baxmayaraq, Məhkəmənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə istinad etməsi, həmçinin mövqeyini tam şəkildə əsaslandırmaması ərizəçi İddiaçı konstitusion hüquqları və maraqları pozulmuşdur.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 309.1 Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı məhkəmədən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş edir.
14. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
15. İşdən aydın olur ki, ərizəçinin rəsmi olaraq yaşayış yeri Qəbələ rayonu ərazisindədir.
16. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-6000/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: