Məhkəmə qərarları › İş №2(103)-5248/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5248/2023

28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5248/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“paylı mülkiyyətdə olan evə köçürülmə”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evə köçürülmə” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-653/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "paylı mülkiyyətdə olan evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli evə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-653/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və onların mülkiyyətlərindən istifadəyə Cavabdeh tərəfindən yaradılan manеənin aradan qaldırılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 14.3, 152.1, 152.5, 157.4, 213.1, 213.2, 213.3, 215.4, 220.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4; Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmlak hüquqları istənilən şəxs, o cümlədən digər mülkiyyətçi Cavabdeh tərəfindən də pozulmaqdan müdafiə edilməlidir. Cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onları bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. İddiaçılarının sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam vermək huquqları pozulduğundan həmin hüquqlar bərpa olunmalı, iddia tələbi təmin edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 78,70 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə İddiaçı1 adına qeydiyyata alınmışdır (iş səh. 8). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 653/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.3, 215.1, 220.1, 560; Mülki Prosessual Məcəllənin 217, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçılara qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi olmuş, lakin ərizə məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. İddiaçılar Cavabdeh xalalarıdır, digər xalası X1 Cavabdeh iddiaçılarla münasibəti yaxşı olmuş,xalasının vəfatından sonra mübahisəli əmlaka vərəsəlik payları müəyyən edildikdən sonra aralarında gərginlik yaranmışdır. Yas mərasimi bitdikdən sonra xalaları 50.000 manat qarşılığında qəbul etdiyi bütün paydan imtina etməyi və dərhal evi boşaltmağı tələb etmişlər. Kamal təklifin miras əmlakın məbləğinə qətiyyən uyğun olmadığını və onların bu məsələdə ədalətli olmadığını, 1990-ci ildən xalası ilə yaşadığını, xalasına daim qulluq etdiyini və fərdi yaşayış evində əsaslı təmir işləri apardığını, kifayət qədər pul xərclədiyini və əlavə tikililərin, əsaslı təmir işlərinin fərdi yaşayış evinin qiymətini yaxşılaşdırdığını, xalası sağlığında evi ona bağışlayacağını, lakin qəflətən vəfat etməsini əsas gətirərək təklifi qəbul etməkdən imtina etmişdir. Belə olduqda, xalaları, xalası qızı onun yaşadığı evə gələrək, mənzilə zorla daxil olmaq istəmişlər və baş vermiş mübahisə zəminində xalaları uşaqlarının yanında onu və yoldaşını təhqir etmiş, Kamalın yoldaşının üzünə tüpürərək onu alçaltmışlar. Baş vermiş hadisədən sonra Cavabdeh övladlarında özünə qapanma, stress, qorxu və həyəcan yaranmışdır. Küçədə qalma təhlükəsi, evdəki dava və söz-söhbət onlara çox pis psixoloji zərbə vurmuş, onların ətrafdakılarına, məktəb yoldaşlarına, dərslərinə münasibətini dəyişmişdir. Baş verən psixoloji pozğunluq, qorxu və aqressivlik təhsil aldıqları məktəbin psixoloqu tərəfindən uşaqlarla aparılmış danışıqlar zamanı da öz təsdiqini tapmışdır. Paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü aparılmadan, bölgünün mümkünlüyünü və mülkiyyətə dair istifadə qaydalarını müəyyən etmədən fərdi yaşayış evinə köçürülmə tələbi təmin edilə bilməz. Bu səbəbdən tərəflərindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsində “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü” tələbinə dair ayrıca iddia qaldırılmışdır. Mütəxəssis rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi 78 kv.m təşkil etsə də, faktiki olaraq sahəsi 123 kv.m-dir. Əlavə tikililər Cavabdeh tərəfindən inşa edilmiş və mövcud vəziyyətdə artırılmış sahə fərdi yaşayış evinin ayrılmaz hissəsi olmaqla mülkiyyətə dair çıxarışda qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıların mülkiyyətlərində olmayan, fərdi yaşayış evinin tərkib hissəsini təşkil edən Cavabdeh məxsus sahəyə köçürülməsi əsassızdır. Paylı mülkiyyətdə olan əmlakdan istifadəyə dair ümumi razılıq olmadığı halda istifadə qaydaları məhkəmə tərəfindən müəyyən edilməlidir və belə qaydalar müəyyən edilmədən əmlakdan ümumi istifadə, tərəflər arasında münaqişələrlə nəticələnə bilər və yuxarıda qeyd edildiyi kimi, artıq tərəflər arasında bir dəfə belə bir hadisə baş vermişdir. Hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı heç bir razılıq yoxdur, iddiaçılar evin satılaraq paylara uyğun şəkildə bölünməsini qəbul etmirlər və belə bir razılıq əldə olunmadığından Cavabdeh tərəfindən naturada bölgü ilə bağlı digər məhkəmədə iddia qaldırılmışdır. Hər hansı bir paylı mülkiyyətçi, ümumi paylı mülkiyyətlə bağlı qanuni rejimi onunla paylı mülkiyyət halının davam etdirməsini mümkünsüz edəcək şəkildə pozmaqla nə digər paylı mülkiyyətçiləri çıxmağa vadar edə bilər, nə də ki, bu yolla digər paylı mülkiyyətçilər istəmədikləri halda onları faktiki olaraq ümumi paylı mülkiyyət halına xitam verməyə vadar edə bilər. Hazırda iddiaçıların məqsədi münaqişə yaratmaqla Cavabdeh ailəsi ilə birlikdə yaşadığı evdən çıxarmaqdır. Cavabdeh 1990-cı il tarixdən ünvan 2 ünvanda yaşayır, xalası Tərlan Hüseynovanın ailəsi və uşaqları olmadığından o uşaqlıqdan xalasının himayəsinə verilmiş və xalası ilə yaşamışdır. 2008-ci ildə nikaha daxil olmuş, ev cavabdehlərin bacısı, cavabdehin digər xalası X3 mülkiyyətində olmuş və Cavabdeh 2011-ci ildə həmin evə qeydiyyata düşmüş, onun nikahdan 4 övladı dünyaya gəlmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu müddət ərzində cavabdeh tərəfindən fərdi yaşayış evi əsaslı təmir edilmiş, müəyyən əlavə tikililər inşa edilmiş və yaxşılaşdırma işləri görülmüşdür. Anası 2019-cu ildə, xalası Tərlan Hüseynova 2021-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh vərəsə olaraq xalasından anasına düşən paya vərəsə olmuş, miras işi açılmış və xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almışdır. Xalasının vəfatına qədər digər xalaları ilə (hazırki iddiaçılar) yaxşı münasibətləri olmuş, xalalarının həmin fərdi yaşayış evinə heç bir iddiaları olmamış, evin Kamala məxsus olduğu iddiaçılarla yanaşı onların ailə üzvləri və digər qohumlar tərəfindən qəbul edilmişdir. Bütün qeyd olunan xüsusatlar iddiaçıların hüquqdan sui-istifadə etdiklərini təsdiq edir, hər iki cavabdehin mənzil şəraiti vardır, hazırki fərdi yaşayış evinə köçürülmə tələbi onların yaşamağa hər hansı yerləri olmadığı ilə qətiyyən əlaqəli deyildir. İllərlə o evdə yaşamayan, mübahisəli evin Cavabdeh məxsusluğunu qəbul edən iddiaçıların birdən-birə həmin evə köçmək, orada yaşamaq fikrinə düşməkləri hansı niyyətdə olduqlarını açıq-aşkar büruzə verir. Hazırki işdə də belə bir vəziyyət (ümumi razılıq yoxdu) olduğu halda, məhkəmə istifadə qaydasını müəyyən etməli idi. İstifadə qaydasının müəyyənliyi gələcəkdə baş verə biləcək problemlərin, mülkiyyətçilər arasında yaranacaq münaqişənin qarşısını alacaqdır. Hesab edir ki,mülki hüquq subyektlərinin faktiki sahiblik etmək imkanı və iqtidarına sahib olduqları əmlakın sərhədləri və həcmi müəyyənləşdirilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü aparılmadan, bölgünün mümkünlüyünü və mülkiyyətə dair istifadə qaydalarını müəyyən etmədən, paylı mülkiyyətdə olan fərdi yaşayış evinə küçürülmə tələbinə dair iddiasına baxıla bilməz. Bu səbəddən tərəflərindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsində paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü tələbinə dair ayrıca iddia qaldırılmışdır. Hazırda mülki iş hakim Nərgiz Tağıyevanın icraatındadır və iş üzrə əmlakın naturada bölgüsünün mümkünlüyünün müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Qeyd edilənləri nəzərə alıb, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-2320/2023 saylı mülki işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə iş üzrə icraatın dayandırılmasına etiraz etdiyini bildirmiş, mənzilin satılmasına razı olmadıqlarını, baba mülkünün qorunub saxlanılmasını istədiklərini, mübahisənin barışıq yolu ilə həll edilməsinə qarşı tərəfin razı olmadığını qeyd etmişdir.

7. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh İddiaçı1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

10. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri,bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214-cü maddəsinə əsasən: 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-ci maddəsinə əsasən: 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 213-223, 414-415; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri və mülkiyyətçilərin maneəsiz öz mülkiyyət hüquqlarına yiyələnməsi hüquqları qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Belə ki, iş üzrə icaatın dayandırılması mükiyyət, sahiblik və istifadə hüquqların əsassız məhdudlaşmasına və bir mülkiyyətçinin öz hüquqlarından sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Qeyd edildiyi kimi, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-653/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar