Məhkəmə qərarları › İş №2(103)-5249/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5249/2021

06.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5249/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(005)-704/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2012-ci ildən başlayaraq keçmiş adı Azərbaycan Turizm İnstitutu, hazırkı adı Cavabdeh olan təhsil müəssisəsinin «turizm biznesi kafedrası»nın 0,5 ştat vahidi ilə müəllim vəzifəsinə işə qəbul olunmuşdur. 05.01.2015-ci il tarixli 04-k №-li əmrlə iddiaçı ilə ATMU arasında 15.04.2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. 15.09.2020-ci il tarixli 77-K saylı əmrə əsasən sözügedən təhsil müəssisəsi ilə iddiaçı arasında bağlanmış həmin müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Əmrlə razı deyildir, çünki 19.05.2015-ci il tarixli 56-k №-li əmrə əsasən iddiaçı ilə ATMU arasında 01 iyun 2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ləğv edilməmişdir və onu ləğv etmədən iddiaçını hansısa bir müddətli müqavilənin müddətinin qurtarmasına görə işdən azad etmək absurd və məntiqsiz bir haldır. Bunu iddiaçının əmək kitabçasından da aydın görmək olur. Digər tərəfdən isə ATMU tərəfindən verilmiş 04.09.2019-cu il tarixli «əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»ndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin a) yarımbəndinin tələbi pozularaq «şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı» göstərilməmişdir. Həmin əmr mövcud qanunvericiliyin normalarının pozulması ilə çıxarılmışdır və həmin əmr ləğv edilməli, iddiaçı öz işinə bərpa edilməli və məcburi iş buraxma günlərinə görə iddiaçıya əmək haqqı ödənilməlidir. Əmrin surətini 03.11.2020-ci il tarixdə və əmək kitabçasını 15.10.2020-d il tarixdə iddiaçıya verildiyinə görə iddiaçı tərəfindən 1 aylıq iddia müddəti buraxılmamışdır. Odur ki, yuxanda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, işdən qanunsuz olaraq çıxarıldığına, kobud pozuntuya yol vermədiyinə və eyni zamanda iddiaçı ilə ATMU arasındakı əmək münasibtinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş əsaslara və qaydalara zidd olaraq xitam verildiyindən iddia tələbi təmin olunmalı, pozulmuş hüquqları bərpa olunmalıdır. Sözügedən əmrin verilməsi iddiaçıya əzab-əziyyət verən, iddiaçını sarsıdaraq səhhətinin pisləşməsinə səbəb olan, ailədə, qohum əqraba əhatəsində və s. yerdə nüfuzdan düşməyinə səbəb olan bir hal hesab edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(005)- 704/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 15 sentyabr 2019-cu il tarixindən 15 sentyabr 2020-ci il tarixinədək Turizim və qonaqpərvərlik fakültəsinin turizim biznesi kafedrasında 0,5 ştat müəlli vəzifəsinə təyin edilmiş və işçinin aylıq əmək haqqının məbləği 330 manat təşkil edir. İşdə olan Azərbaycan Turizim və Menecment Unversitetinin 13.09.2019-cu il tarixli 174-K nömrəli əmrin surətindən görününür ki, İddiaçı 0,5 ştat vahdi üzrə müəllim vəzifəsinə təyin edilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 15.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan 22.10.2007-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 174-k nömrəli 13.09.2019-cu il tarixli əmrlə iddiaçı ilə 15 sentyabr 2019cu il tarixdən 15 sentyabr 2020-ci il tarixinədək turizim biznesi kafedrasında 0,5 ştat vahidi ilə müəllimi vəzifəsinə təyin edilməklə müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan 15.09.2020-ci il tarixli 09 nömrəli aktın surətindən görünür ki, Əmək Məcəlləsinin 68.2 b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 15 sentyabr 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq Turizim biznesi kaferasının 0,5 ştat vahidi ilə müəllimi İddiaçı İnsan resursları şöbəsindən əmək kitabçasının təhvil alınması barədə təklif edilmişdir. Lakin həmin tarixdə İddiaçı əmək kitabçasını insan resursları şöbəsindən təhvil almamış, sonra gəlib götürəcəyinin bildirmişdir. İşdə olan Əmək kitabçalarının dövriyyəsi qeydiyyatı vərəqəsinin surətindən görünür ki, iddiaçı 11.09.2012-ci ildə müəllim kimi qeydiyyata alınmışdır.06.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Azərbaycan Turizim və Mencment Unversitetinin rəhbərliyinə 2018/2019-cu tədris ili müddətində müsabiqə keçirilənədək 1 (bir) illik əmək müqaviləsinə keçirilməsini xahiş etmişdir. İşdə olan 28.08.2018-ci il tarixli 158-K əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı “turizim biznesi” kafedrasına 0,5 ştat vahidi ilə müəllim vəzifəsinə qəbul edilmiş, müqavilə 15.09.2018-ci il tarixdən 15.09.2019-cu il tarixədək müddətə bağlanmışdır. İşdə olan 04.09.2019-cu il tarixli 174-k/33 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı “turizim biznesi” kafedrasında 0,5 ştat vahidi üzrə müəllim vəzifəsinə qəbul edilmiş, müqavilə 15.09.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək müddətə bağlanmışdır İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əsasən – İddiaçı 2012-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Turizim və Mencment Unversitetində «turizim biznesi kafedrası»nda 0,5 ştat vahidi ilə müəllim vəzifəsində işləmişdir. 06.07.2018-ci il tarixli ərizəsilə iddiaçı Azərbaycan Turizim və Mencment Unversitetinin rəhbərliyinə 2018/2019-cu tədris ili müddətində müsabiqə keçirilənədək 1 (bir) illik əmək müqaviləsinə keçirilməsini xahiş etmiş və bu əsasla da tərəflər arasında 28.08.2018-ci il tarixli 158-K saylı 1 illik əmək müqaviləsi, daha sonra 04.09.2019-cu il tarixli 174-k/33 nömrəli əmək müqaviləsi bağlanaraq sonuncu müqavilə üzrə əmək müqaviləsinin qurtama müddətinin 15.09.2020-ci il tarixdə olması barədə tərəflər razılaşmışlar. 05 sentyabr 2020-ci il tarixdə 77-K saylı əmrə əsasən sözügedən təhsil müəssəsi ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə görə xitam verilmişdir. İşdən azad olunması ilə əlaqədar iddiaçı ilə son haqq hesab edilərək əmək kitabçasını götürməsi təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürmədiyindən bu barədə 15.09.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab olunur ki, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin. Hazırki işin hallarından və işdə olan sübutlardan isə görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 15 sentyabr 2019-cu il tarixdə bitmiş, cavabdeh (işəgötürən) qanunla müəyyən olunmuş müddət ərzində qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsinə dair əmr qəbul etmişdir. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi – onunla əvvəl müddətsiz əmək müqaviləsinin bağlanmasını, sonradan müddətli əmək müqaviləsinin bağlanmasının qanuna zidd olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işçi ilə işəgötürən arasında ilkin olaraq müddətsiz əmək müqaviləsinin bağlanması sonradan tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanmasını istisna etmir (Əmək Məcəlləsinin 45.3-cü maddəsi). İşin hallarından və təqdim olunmuş sübutlardan görünür ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında iki dəfə (hər dəfə 1 il müddət olmaqla) müddətli əmək müqaviləsi bağlanmış, sonuncu əmək müqaviləsinin müddəti 15 sentyabr 2020-ci il tarixdə bitmişdir. Eyni zamanda, iddiaçı sonradan bağlanmış əmək müqavilələrini də bu və digər qaydada (işəgötürənə, əmək müfəttişliiynə və ya məhkəməyə müraciət etməklə) mübahisələndirməmişdir. Həmçinin, qeyd edilməlidir ki, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (ƏM-nin 42-ci maddəsinin 1-ci hissəsi). Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(005)-704/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(005)-704/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar