Məhkəmə qərarları › İş №2(103)-5251/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5251/2021

21.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5251/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-503/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən imzalanmış 22.09.2020- ci il tarixli K-986 saylı əmrin ləğv edilməsi və işlədiyi Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-503/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. 1994-cü ildən ixtisası üzrə Lənkəran rayonu Lüvəsər kənd tam orta məktəbində müəllim işləməyə başlamış, 1996-cı ildə müvafiq əmrlə Bələbur kənd tam orta məktəbinin direktoru təyin edilmişdir. 1997-ci ldən 2003-cü ilə kimi Lənkəran rayonu Kərgəlan kənd seçki məntəqəsinin sədri vəzifəsində, 2003cü ildən 2014-cü ilə kimi Lənkəran Şəhər İcra hakimiyyətində mədəniyyət və səhiyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmişdir. 2017-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbul müsabiqə və müsahibəsini uğurla keçərək M.M.Əbilov adına Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. Sözügedən məktəbədə üç ilə yaxın direktor vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən məktəbdə monitorinq və yoxlamalar aparılmamışdır. Bu üç il ərzində şagirdlərin ali məktəbə qəbulu sahəsində nəzərə çarpacaq müsbət statistik göstəricilər əldə olunmuşdur. Ənənəvi olaraq hər təhsil ilində məktəbin bır və ya iki məzunu ali məktəblərə qəbul olunduğu halda onun həmin məkəbdə direktor işlədiyi üçüncü il ərzində, yəni 2020-ci ildə 8 (səkkiz) şagird ali məktəblərə qəbul olunmuşdur. Təhsildə olduğu kimi təlim tərbiyədə də müsbət nəticələr rəhbərlik tərəfindən mütəmadi olaraq qeyd edilmişdir. Məktəbdə keçirilmiş tədbirlər barəsində məktəbin sosial şəbəkəsindəki səhifəsində müfəssəl faktlar, videogörüntülər şəkilində dərc olunmuşdur. Həmin məlumatlar bu gün də sosial şəbəkədə qalmaqdadır. Azərbaycan Respublikasının Təhsil Naziri 22 09.2020-ci il № K-986 saylı əmri ilə onu və digər məktəbin direktorlarını işdən azad etmişdir. Əmrdə Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində və digər məktəblərdə aparılmış yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi, o cümlədən əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyi, dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmadığı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagırdlərlə birlikdə təhsil alması kimi pozuntulara yol verildiyi göstərilmişdir. Yoxlamanın gedişi və sonrakı dövr ərzində əsassız ödənilən əmək haqqı üzrə vəsaitlərin büdcəyə bərpası təmin olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirinin 22.09.2020-ci ıl tarixli, K-980 saylı əmri ilə razı olmadığını, əmrdə göstərilənlərin Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinə aid olmayan məsələlərdir. İşlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmağı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagirlərlə birlikdə təhsil alması kimi pozuntularla bağlı monitorinq və yoxlamalar aparılmadığından bu məsələlərin M.M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəbinə aid edilməsi təəcüb doğurur. Göstərilənlərlə bağlı yoxlayıcılar məktəbdə araşdırma aparsalar da qanunsuz fəaliyyət, qüsur və çatışmazlıqla üzləşmədiklərinə görə bu barədə heç bir akt tərtib etməmişlər. İlk həmkarlar təşkilatı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermədiyi halda təsir altında olan ATİAHİ Lənkəran Şəhər Komitəsi ilk həmkarlar təşkilatının qərarını ləğv etmədən özünü “ədalətli” göstərmək məqsədilə digər işdən çıxarılmış direktorlar barəsində deyil məhz onun barəsində ayrıca bəndlə çıxış etmişdir. Bu ikibaşlı qərarın hansı şəraitdə verildiyi aydın görünür. Azərbaycan Respublikası Təhsil Nazirinin 19.02.2020-ci il tarixli, E-254 saylı əmrindən görünür ki, vətəndaş X2 Rayonu Mamusta, Xolimli kənd orta məktəblərində və X6 Kollecində(M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində deyil) baş verən qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikasının Baş Prokuroruluğundan daxil olmuş müraciətini yerində araşdirmaq məqsədilə X7 sektorunun baş məsləhətçisi Kamil Abdullayev və aparıcı məsləhətçi Aydın Rəhimov 19.02.2020-ci il tarixdən 4 gün müddətinə Lənkəran şəhərinə ezam olunmuşdur. Bu əmrdə görünür ki, yoxlayıcılar heç bir göstəriş almadan əsasız olaraq öz vəzifə səlahiyyətlərini aşaraq sifarişlə, qəribədir ki, (əgər nazir həmin gün əmri səhər saat 9.00-da imzalasaydı belə) əmr imzalanandıqdan bir saat sonra (Bakıdan Lənkərana gəlməkdən ötrü hansı nəqliyyat vasitəsindən istifadə etdikləri aydın deyil, Bakıdan Lənkərana avtomobillə gəlmək üçün ən azı üç saat vaxt lazımdır) 19.02.2020-ci il tarixində saat 10.00-da Təhsil Nazirinin əmrində və şikayət ərizəsində M.M.Əbilov Şağlakücə kənd tam orta məktəbin adı olmadığı halda, Lənkəran rayon M.M.Əbilov Şağlakücə kənd tam orta məktəbində bir saata yaxın ərzində, yoxlama prosedurlarını kobud şəkildə pozaraq, əmək kollektivinə yoxlamanın məqsədləri və nəticələri barədə heç bir məlumat verməyi lazimi hesab etmədən monitorinq aparmış, texniki və pedaqoji işçilərə təhdid və təzyiq etməklə istədiyinə nail olaraq akt tərtib etmişdir. Məktəb rəhbərindən araşdıqdıqları məsələ ilə bağlı aldıqları izahatdan da görünür ki, onlara şifahi qaydada verilmiş yalan məlumatların öz təsdiqini tapmadığını gördükdə iftira və qarayaxmaya əl atmışlar. Yoxlayıcılar uyğunlaşdırılmış binada yerləşən Lənkəran rayon M.M.Əbilov adına Şağlakücə kənd tam oda məktəbinin şagirlərin sayına görə iki növbəli iş qrafiki ilə fəaliyyət göstərməsinə baxmayaraq dörd sinifini tələm- tələsik yoxlamış, həmin gün məktəb üzrə ümumi davamiyyət faizinin 80%- ni nəzərə almamış, yalnız dörd sinif əsasında qeyri obyektif qərar qəbul edilmiş və aktda daxil edilməsi təkid edilmişlər. Həmin aktın surətini tələb etsə də, yalnız məhkəmə prosessində surəti onlara verilmişdir. Cavabdeh-Azərbacan Respublikası Təhsil Nazirinin 22.09.2020- ci il tarixli K-986 saylı əmri ilə məktəbdə yoxlayıcı tərəfindən tərtib edilmiş 19.02.2020-ci il tarixli akt arasında böyük zidiyyət vardır. Belə ki, məktəbdə dörd sinifin şagirlərinin dərsə davamiyyətini, texniki işçilərin işə davamiyyətini və məktəbdə fizika və kimya laborantlarının olmasını, laboratoriyaların (məktəb 1970-ci ildən fəaliyyət göstərir və indiyə qədər labaratoriyalar məktəbdə fəaliyyət göstərmiş, buna uyğun ştat cədvəli mövcud olmuşdur) isə olmamasını göstərmişdir. Lakin Azərbacan Respublikası Təhsil Nazirinin 22.09.2020-ci il tarixli K-986 saylı əmri Lənkəran rayon M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbi və digər məktəblərdə əsassız əməkhaqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyini, dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmadığı, sağlamlıq vəziyyətinə görə təhsil müəssissində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagirdlərlə birlikdə təhsil alması kimi pozuntulara yol verildiyi müəyyən edilməsi göstərilmişdir. Azərbacan Respublikası Təhsil Nazirin 22.09.2020-ci il tarixli K-986 saylı əmrinin əsasını 19.02.2020-ci il tarixli akt təşkil etsə də, məktəbdə tərtib olunmuş aktda qeyd olunmayan və M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində yoxlama zamanı araşdırılmayan məsələlər əmrdə qeyd olunmuşdur. Lakin Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyev tərəfindən işə baxılan zaman həmin pozuntulara, onun diqqətinə dəfələrlə çatdırsa da, hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, pulu işçilər ödəyiblər. Onların pulu ödəməsinə etiraz etmişdir. Lakin işçilər işlərini itirməkdən qorxduqları üçün pul ödəyiblər. Həmçinin Baş prokurorluğa edilən şikayət onların məktəbinə heç bir aidiyyəti yoxdur. Yoxlamanı icra hakimiyyəti qəsdən onun işlədiyi məktəbə salıb. İcra hakimiyyəti işdən çıxmağı üçün ona dəfələrlə təzyiq edirdi. Razı olmadığı üçün bu yoxlamanı təşkil etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndləsi və vəkili Vəkil bildrdi ki, fevral ayında keçirilmiş yoxlama nəticəsində tərtib edilən aktla iddiaçının işdən azad edilməsi barədə əmrin məzmunu birbirindən tamam fərqlidir. Aktda qeyd olunanlar digər 3 şəxslə bərabər təmsil etdiyi şəxsə də necə aid edilə bilər. Nazirliyin işçiləri texniki işçilərə işlərindən azad ediləcəklərini dediyi üçün işçilər həmin pulu ödəməyə məcbur olublar. Nazirliyin işçisinin hansı əsasla 521 manat hesablaması bilinmir, yoxlama zamanı şifahi olaraq işçilərə bu məbləği deyib. Onlar da işlərini itirməmək üçün pulu ödəyiblər. Bundan başqa niyə fevral ayında keçirilən yoxlama nəticəsinə əsasən 7 ay sonra iddiaçı işdən çıxarılır. Tələb edilən məbləğ hansı əsasla hesablanıb. İşə baxılması yeri və vaxtı haqqında cavabdeh Təhsil Nazirliyinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Təhsl Nazirliyinin əməkdaşları Kamil Abdullayev və Aydın Rəhimovun, Lənkəran ŞTŞ-nin əməkdaş Elnur Əsədlinin, Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinnin direktoru İddiaçı və direktor müavini Ümüd Əhədovun iştirakı ilə tərtib olunmuş Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinə dair 19.02.2020-ci il tarixli aktdan görünür ki, Xa sinfində 16 şagirddən 13-ü iştirak etməsi, Xb sinfində 17 şagirddən 7-si iştirak etməməsi, Xİ a sinfində 13 şagirddən 7-si iştirak etməməsi, Xİ b sinfində 15 şagirddən 8-i iştirak etməməsi, dərsdə iştirak etməyən şagirdlərə müəllim tərəfindən qayıb qoyulmaması aşkar edilmişdir. Eyni zamanda həmin aktla texniki işçilərin araşdırılması zamanı Şahid3 və Şahid5, məktəbi gündüz gözətçisi X5 (övladını məktəbə aparıb gətirir) işə gəlməməsi, məktəbdə fizika və kimya laborantların olması, amma laboratoriyaların olmaması məlum olmuşdur. 10.03.2020-ci il tarixdə İddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı”na 1261,26 manat, 521 manat, 434 manat, 521 manat ödənilmişdir. Azərbaycan Republikasının Təhsil Nazirliyinin 22.09.2020-ci il tarixli, K-986 №-li əmrin surətindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kənd tam orta məktəbinin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 sentyabr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İşdən görünür ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində aparılan monitorinq zamanı məktəbin kiçik texniki işçiləri X5, X8 və X3 işə gəlmədikləri məlum olmuş, lakin onlara əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan başqa, həmin məktəbin müəllimi Qənbərova Sehranə Qurbanəli qızı ölkədə olmadığı halda ona 434 manat əmək haqqı ödənildiyi məlum olmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə 434 manat, 1261,26 manat, 521 manat, 521 manat dövlət büdcəsinə qaytarılmışdır. Düzdür, iddiaçı həmin vəsait onun deyil, qeyd olunan işçilərin vəsaiti hesabına ödənildiyini və onların da bu vəsaiti hədə-qorxu və təsir altında ödədiklərini bəyan edir. Ancaq bu vəsaitin hədə-qorxu yaxud təsir altında ödənilməsi inandırıcı və ağlabatan deyildir. Ən azından ona görə ki, həmin işçilər həqiqətən işləmiş olsaydılar, bu vəsaitin dövlət büdcəsinə qaytarılmasına israrla etiraz edərdilər. Başqa sözlə həmin işçilər həqiqətən işləmiş olsaydılar, yerinə yetirdikləri işə görə onlara verilən əmək haqqını hansı məntiqlə dövlət büdcəsinə qaytara bilərdilər yaxud qaytarmaq istəyərdilər. Təbii ki, bu dəlil əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün də əsas ola bilməz. Bundan əlavə, iddiaçı şikayətində Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbinə görə intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda 7 aydan sonra işdən çıxarılma barədə əmr imzalanmasının qanunsuz olduğunu göstərsə də, bu dəlil də əsaslı deyildi. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Düzdür, iddiaçı tərəf məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmadığını qeyd etsə də, ancaq bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə görə onlara əsassız əmək haqqı ödənildiyi və bununla da dövlət büdcəsinə ziyan vurulduğu məhz məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması və təftişinin aparılması nəticəsində ortaya çıxmış, bununla da iddiaçının vəzifə hüquqpozması ilə bağlı intizam xətası törətdiyi məlum olmuşdur. Ona görə də bu cür xətalara görə işçiyə törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Anca iddiaçıya verilən intizam tənbehi isə əmək qanunvericiliyi ilə nəzərdə tutulan müddətdə verilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-503/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar