Məhkəmə qərarları › İş №2(103)-5252/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5252/2022

16.11.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5252/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5252/2022 (Açar sözlər: sığorta məbləğinin ödənilməsi) Bakı şəhəri 16 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli 2(006)-1036/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:35 radələrində idarə etdiyi “Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanın yaxınlığında hərəkətdə olarkən zəncirvari qəza baş vermişdir. Belə ki, X4 idarə etdiyi “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi avtomobil də daxil olmaqla bir neçə avtomobilə ciddi zərər dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 770 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 800 manat məbləğində pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə saat 11:35 radələrində idarə etdiyi “Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanın yaxınlığında hərəkətdə olarkən zəncirvari qəza baş vermişdir. Belə ki, X4 idarə etdiyi “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi avtomobil də daxil olmaqla bir neçə avtomobilə ciddi zərər dəymişdir. Hadisə nəticəsində avtomobilin həm ön, həm də arxa hissədən zədələnmişdir. Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşı ilə yanaşı qəzanı törədən sürücünün sığortaçısı-cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi də gələrək zədələnmiş avtomobillərlə bağlı öz qeydlərini aparmışdır. Aparılmış inzibati araşdırmanın yekununda “Hyundai Elantra” markalı avtomobilin sürücüsü X4 qəzanı törədən şəxs qismində məsuliyyətə cəlb edilmiş və Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə təqsirli bilinərək cərimə edilmişdir. Bir müddət sonra sığorta şirkətilə əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, avtomobilinə dəymiş ziyanla bağlı ona yalnız 280 manat ödəyəcəklər. Bu, dəymiş zərərdən qat-qat aşağı olduğundan məsələ ilə bağlı Mərkəzi Banka da şikayətlə müraciət etməli olmuşdur. Bundan sonra ona sığorta şirkəti yeni qiymətləndiricini müəyyən etmək üçün ona 3 nəfər eksperti təklif etmişlər. Sonradan ona məlum olmuşdur ki, ona təklif edilən ekspertlər sığorta şirkətilə daim işləyən və yalnız onların razılığı ilə qiymət müəyyən edən şəxslərdir. Yeni qiymətləndirmə zamanı ona 375 manat məbləğ müəyyən edilmişdir. Lakin, bu məbləğ avtomobilinin qəzadan əvvəlki vəziyyətdə təmiri üçün kifayət deyil. Belə ki, uzun münaqişədən sonra qiymətləndirmə hesabatını alıb onunla tanış olarkən müəyyən etmişdir ki, "xxxx" MMC-nin qiymətləndiricisi zərərin məbləğini hesablayarkən qəsdən təhriflərə yol vermiş, hesabata bütün zədələnən hissələri daxil etməmiş, hesablanan material və usta xidmətləri isə hazırki bazar dəyərindən çox aşağı hesablanmışdır. Avtomobilinə dəyən real zərərin məbləğini müəyyən etmək məqsədilə bugünə qədər bir neçə servisə müraciət etmişdir. Həmin servislər bir qayda olaraq, avtomobilinin təmirbərpa işləri üçün ümumilikdəən azı 750-800 manat ödənişin tələb olunacağını bildirmişlər. Buna misal olaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən avtomobilinə dəymiş real zərərin məbləği 770 manat həcmində qiymətləndirilmişdir

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 may 2022-ci il tarixli 2(006)-1036/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi üçün 770 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 800 manat məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməsi, mülki iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 922.2, 926.1, 1096-cı, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 36.1.8, 40.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.7, 107, 124, 218.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən yəni 375 manat hissəsində təmin olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə yeni qətnamə çıxarılmasını, ekspertiza xərcinin iddiaçıdan tutulmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsinə əlavə etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Mercedes BENZ C280 MİNİK” markalı, 90SF913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 770 manat zərər dəydiyi müəyyən olunmuşdur. Sığorta hadisəsi ilə əlaqədar Şirkətin göndərişi əsasında müstəqil ekspert qurumu olan “Azsurvey LLC” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, sözügedən avtomobilə 375 manat zərər dəydiyi müəyyən edilmişdir. Həmçinin, qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmədən, Şirkət tərəfindən sığorta hadisəsindən 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qüsur aktı ilə avtomobilə dəymiş zərərin məbləği müəyyənləşdirilmiş, zərərçəkən qiymətlə razılaşmadığından tərəflərin qarşılıqlı razılığı ilə müstəqil ekspert qurumu tərəfindən hadisədən 13 gün sonra avtomobilə dəymiş zərər məbləği müəyyən edilmişdir. Lakin zərərçəkənin təqdim etdiyi qüsur aktı hadisədən 4 ay sonra, 04 12.2021-cu il tarixində tərtib edilmişdir. Bir avtomobilə dəymiş zərərin hadisədən 4 ay sonra, Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olmayan bir müəssisə tərəfindən qanunazidd qiymətləndiriməsinin həyata keçirilməsi, habelə həmin qüsur aktında müəyyən edilmiş məbləğin ekspert qurumu tərəfindən müəyyən edilmiş zərər məbləğindən 2 dəfədən də artıq olması ağlabatanlıq prinsipinə ziddir. Buna görə də hesab edirik ki, iddiaçının təqdim etdiyi qüsur aktı iş üzrə mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. İş üzrə cavabdeh Şirkətin vermiş olduğu xx.xx.2022-ci il tarixli etirazda iş üzrə təyin iddiaçının təqdim etdiyi qüsur aktının qanunvericiliyin tələbləri pozulmaqla əldə olunduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməyəcəyi və buna görə də iş üzrə əhəmiyyət kəsb etmədiyindən istinad edilə bilməyəcəyı kifayət qədər esaslandırılmış, lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, bununla da gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İş üzrə qeyd olunan faktiki hallar və sübutlar nəzərə alınmaqla tekrar ekspertiza keçirilməli, avtomobilə dəymiş zərər ədalət mühakiməsinin mövcud və mötəbər faktlar əsasında həyata keçirilməsi prinsipinə uyğun olaraq realizə edilməlidir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə verərək şirkətin iddiaçıya 600 manat ödənilmək niyyətində olduğunu bildirib, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ona təklif edilən 600 manatla razı olduğunu, iddianın həmin hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

11. Maddə 922.2 Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

12. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır

13. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 35.1 Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

15. Maddə 36.1.8 Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

16. Maddə 40.1 Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə sığorta ödənişinə aid hissəsində dəyişdirilməlidir.

23. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında Protokoldan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə, saat 12:00-da “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində X4 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

24. 04 dekabr 2021-ci il tarixli, 360 №-li "xxxx" MMC tərəfindən verilən nöqsan aktına əsasən, Mercedes Benz-C280 markalı, dövlət qeydiyyat nişanı **-SF-*** olan avtomobilə dəymiş ziyan 770 manat məbləğində müəyyən olunmuşdur.

25. 035266 №-li Arayışa əsasən, X2 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində qabaq hissəsi xarici əzintilər almışdır. İddiaçı idarə etdiyi avtomobilin isə arxa və qabaq hissəsində əzintilər olmuşdur.

26. xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Mercedes Benz-C280 markalı, dövlət qeydiyyat nişanı **-SF-*** olan avtomobilə dəymiş ziyan 300 manat məbləğində dəyərləndirilmişdir.

27. Məhkəmə Ekspertiza Mərkəzinin 9/226 nömrəli, 14 mart 2022-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes C280” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 770 manat müəyyən edilmişdir.

28. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi müstəqil ekspert qurumu olan “Azsurvey LLC” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, sözügedən avtomobilə 375 manat zərər dəydiyi müəyyən edilmişdir.

29. İşin apellyasiya baxışı zamanı zərurət yarandığından məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/5789 nömrəli, 26 sentyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən baş vermiş hadisə nəticəsində 1996-cı il buraxılışlı «Mercedes C280» markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 770,00 manat müəyyən edilir. O cümlədən:- dəyişilməli hissələrin qiyməti - 310,00 manat; - təmir-bərpa işlərinin qiyməti - 460,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Azsurvey LLC Azerbaijan» tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən baş vermiş hadisə nəticəsində 1996-cı il buraxılışlı «Mercedes C280» markalı **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 497,00 manat müəyyən edilir. O cümlədən: -dəyişilməli hissələrin qiyməti - 67,00 manat; - təmir-bərpa işlərinin qiyməti - 430,00 manat.

30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəylərində avtomobiləin təmir xərcləri ilə bağlı ziddiyyətlər olsa da, apellyasiya instansiya məhkəməsində cavabdeh təşkilatın 600 manat ödəniş etmək niyyətlərini və həmin təklifin iddiaçı tərəfindən qəbulunu nəzərə alaraq iddia məhz həmin həcmdə təmin olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

32. Odur ki, kollegiya hesab edir ki, qətnaməə sığorta ödənişi hissəsində dəyişdirilməli, sığorta ödənişi 600 manat müəyyən edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1036/2022 saylı iş üzrə 15 may 2022-ci il tarixli qətnaməsi sığorta ödənişi hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi üçün 600 (altı yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 75 (yütmiş beş) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar