Məhkəmə qərarları › İş №2(103)-5257/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5257/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5257/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, həmçinin Vəkil1, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxslər qismində cəlb edilməklə) “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)-2527/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1979-1986-cı illər ərzində Bakı şəhərinin keçmiş 26 Bakı Komissarları adına, indiki Səbail rayonunun baş memarı vəzifəsində çalışmış və ona Azərbaycan Memarlar İttifaqının üzvü kimi 1983-cü ildə 26 Bakı Komissarları adına rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 52/5615 saylı qərarı ilə ünvan 1 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış otağını memarlıq-yaradıcılıq emalatxanası kimi istifadəsinə verilmiş və 1995-ci ilə qədər o, bu emalatxanadan təyinatı üzrə istifadə etmişdir. 1995-ci ilin avqust ayında Füzuli rayonundan olan X11 ailəsi ilə birgə həmin emalatxananın otağının qapısını sındıraraq oranı qanunsuz olaraq zəbt etmiş və orada məskunlaşmışlar. Qeyd olunan memarlıqyaradıcılıq emalatxanası onun istifadə və sahibliyindən qeyri-qanuni olaraq X11 və onun ailə üzvləri tərəfindən ələ keçirildiyini nəzərə alıb bu qeyriyaşayış sahəsindən həmin şəxslərin çıxarılması və oranı boşaldılaraq ona təhvil verilməsi məhkəmə baxışının predmetidir. Bununla əlaqədar olaraq o, ötən müddətdə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir və həmin şəxslərin emalatxanası boşaltmalarını xahiş etmişdir. Amma əməl olunmayıb. Füzuli rayonunun Babı kəndində qeydiyyatda olmuş X6 ailəsi Bakıya gələrək Yasamal rayonunda 1993-cü ildə məcburi köçkün kimi qeydiyyata alınmış, Yasamal rayonunun ərazisində əvvəlcə A.Şaiq küçəsi 15-də, sonra ev 17-də və Tolstoy küçəsi, 41-də məskunlaşmışdır. B.Məmmədovun ailəsi Yasamal rayonunda 1993-cü ildən qaçqın kimi qeydiyyatda olmasına və oradan onlara verilən bütün yardımlardan istifadə etməsinə baxmayaraq eyni zamanda şəhid atası olması barədə saxta sənədlə Səbail rayon qaçqınlar və məcburi köçkünlər şöbəsində qeyri-qanuni yolla özünü qeydiyyata aldırmışdı. B.Məmmədov ailəsinin Yasamal rayonunda 3 mənzildə məskunlaşdığını, Abşeron rayonu Xırdalan qəsəbəsində qızının yaşadığını və Füzuli rayonunda qaçqınlar şəhərciyində də çadırı olduğunu gizlədərək, əvvəlcə Səbail rayonunun Şeyx Şamil küçəsi 26-da 1 mənzil zəbt etmiş və oraya oğlunun ailəsini yerləşdirmiş və yenidən Səbail rayonu Nizami küçəsi 10-da 1 mənzil zəbt etmiş və mənzilin sahibləri tərəfindən oradan zorla çıxarılmışdır. Ondan sonra 1995-ci ilin avqust ayında yenidən saxta sənədlə Səbail rayon İcra Hakimiyyətindən yeri olmadığını bəhanə gətirərək yer tələb etmiş və Səbail rayon İHnin QMK şöbəsi onun sənədlərini dəqiq araşdırmadan və harada məskunlaşdığını dəqiq yoxlamadan onun 8 No-li MİS-in ərazisində yerləşdirilməsinə xx.xx.1995-ci il tarixli 576 nömrəli məktubla razılıq vermişdir. Nəticədə qeyri-qanuni olaraq həmin ailə onun emalatxananın qapısını sındıraraq oranı zəbt etmişlər. Səbail rayon İHB-nın müavini Ə.Manafovun apardığı yoxlama zamanı müəyyən olmuşdur ki, bu ailə Səbail rayonu ərazisində Ş.Şamil küçəsindəki 26 nömrəli evdə 1 otaqlı mənzildə köçkün kimi qeydiyyatdan keçmişdir. Onun müraciətlərinə və aparılan araşdırmaların nəticələrinə əsasən Səbail rayon İH-nin rəhbərliyi xx.xx.1995-ci il tarixli 633 nömrəli məktubla 8 nömrəli MİS-nin rəhbərliyinə tapşırıq verilmişdir ki, B.Məmmədovun ailəsinin məskunlaşdırılması üçün göndərilmiş xx.xx.1995-ci il tarixli 576 nömrəli məktubun icrası dayandırılmaqla etibarsız sayılsın. Qanunsuz əməllərinin qarşısında maneə görməyən və əyri yollarla Bakı şəhərinin mərkəzi rayonlarında 4 mənzil və 1 emalatxana zəbt edən Məmmədovlar ailəsi emalatxanasında olan və ona məxsus bütün əmlakı və məişət əşyalarını qeyri-qanuni mənimsəmiş və bir hissəsini də məhv etmişlər. O, cavabdehlərdən emalatxanada olan əmlakını, məişət və iş əşyalarını tələb etsə də, onlar heç nə qaytarmamışlar. Bütün yuxarıda göstərilənləri və AR NK-nın xx.xx.2003-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın 6-cı maddəsi (Qaçqın statusu almış şəxsin müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz) əsasında Azərbaycan Memarlıq İttifaqının üzvü kimi ona verilmiş həmin emalatxana boşaldılmlı, kənar şəxslər oradan çıxardılmalı və emalatxana ona özünə qaytarılmalıdır. Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 8 saylı MənzilKommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 0/79 saylı arayışına əsasən X11 bir neçə il əvvəl vəfat etmiş və hazırda sözügedən ünvandakı yarımzirzəmidə onun 7 nəfərdən ibarət ailə üzvləri yaşayırlar: 1. Qızı – Cavabdeh1, 2. Kürəkəni – Cavabdeh2, 3. Nəvəsi – Cavabdeh3, 4. Nəvəsi – Cavabdeh4 Layiq oğlu, 5. Gəlini – Cavabdeh5, 6. Nəticəsi – X7 (xx.xx.2013-cü il təvəllüdlü), 7. Nəticəsi – xx.xx.2015-ci il təvəllüdlü X8. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)- 2527/2021 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və sonuncuların uşaqları 19 dekabr 2013-cü il təvəllüdlü X7 və 19 sen2015-ci il təvəllüdlü X5 ünvan 2 ünvanındakı yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan memarlıq-yaradıcılıq emalatxanasından şəxsi əşyaları ilə birgə çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxslər qismində icraata cəlb olunmuşlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli ünvanda məcburi köçkün kimi məskunlaşmaları, başqa yaşayış yerlərinin olmaması, mübahisə predmeti olan qeyriyaşayış sahəsindən iddiaçının təyinatı üzrə istifadə edib-etməməsinin, ona məxsus olmasının müəyyən edilməməsi, iddiaçıya emalatxana üçün başqa sahənin verilməsi, eyni zamanda iddiaçı həmin sahəni qeyri qanuni qazanc əldə etmək üçün 1985-1995-ci illərdə müxtəlif şəxslərə kirayəyə verməsi, məhkəmədə ifadə vermiş şahidlərin ifadələrinin də nəzərə alınmaması, şahidlərin qonşu kimi iddiaçını qeyri-yaşayış sahəsində görməmələri, orada heç bir emalatxananın olmaması barədə ifadələrinin nəzərə alınmaması, iddianın əsassız olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermişlər və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, qətnamənin tamamilə ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə vermiş etiraza uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nümayəndəsi apellyasiya şikayətini əsaslı sayaraq bildirmişdir ki, cavabdehlər mübahisəli ünvanda məskunlaşmışlar və həmin ünvana müvəqqəti qeydiyyata alınmışlar. Keçən müddət ərzində cavabdehlərə başqa hər hansı yaşayış sahəsi verilməmişdir. İddiaçının isə mübahisəli qeyri-yaşayış sahəsinə dair əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sübut yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi apellyasiya şikayətini əsaslı sayaraq bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla, orada cavabdehlər məcburi köçkün kimi məskunlaşmışlar. Eyni zamanda həmin daşınmaz əmlak üzərində iddiaçının hər hansı əmlak hüquları dövlət qeydiyyatına alınmamış, oranın iddiaçıya icarəyə verilməsinə dair müqavilə bağlanmamışdır. İddiaçı təqdim etdiyi sənədlər isə əsasən 80-ci illərə aiddir. Halbuki, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə və mülkiyyətinə verilməsi qaydaları qanunvericiliklə tənzimlənmişdir ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi tərəifndən həmin qeyri-yaşayış sahəsinin icarədarı və ya istifadəçisi kimi qəbul edilməməklə bu istiqamətdə onunla hər hansı müqavilə də bağlanmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, yəni hazırki vaxtda mübahisəli daşınmaz əmlak üzərində qanuni əmlak hüquqlarının (əşya və ya məhdud əşya hüquqları və s.) mövcudluğunun müəyyən olunubolunmaması, 2) cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki şərtlər iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) hazırki vaxtda iddianın təmin olunmasına əsasların mövcudluğu, cavabdehlərin məcburi köçkün kimi məskunlaşdıqları sahədən çıxarılmasının demokratik cəmiyyətdə zəruri olub-olmaması, mütənasiblik məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehlərin Füzuli rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında yerləşən sahədə (yarımzirzəmi) məskunlaşmaları, 14 may 1998-ci ildən həmin ünvana qeydiyyata alınmaları, hazıki vaxtadək orada yaşamaları işin mübahisəsiz hallarıdır (iddiaçının özü iddia ərizəsində cavabdehlərin 1995-ci ildən həmin sahədə məskunlaşmalarını qeyd etmişdir). Bu hallar işdə olan sənədlərlə (Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məktublar, arayışlar və s.) tam təsdiq olunur. Belə olan halda birinci instansiya məhkəməsinin – cavabdehlərin mübahisəli ünvanda məskunlaşmalarının etibarsız olması barədə mövqeyi əsassız olmaqla, işin halları və təqdim olunmuş sübutlarla uzlaşmır. İddiaçı hazırki iddia tələbində həmin sahənin ona məxsus olmasını iddia edərək, cavabdehlərin oranı qanunsuz zəbt etməsini, bu səbəbdən də qeyri-yaşayış sahəsindən şəxsi əşyaları ilə birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir. Belə olan halda hazırki vəziyyətdə həmin daşınmaz əmlak üzərində iddiaçının qanuni əmlak hüquqlarının mövcudluğu yoxlanılmalıdır. İddiaçı əmlak hüquqlarının mövcudluğu kimi məhkəməyə - 26 Bakı Komissarları adına İcra Komitəsinin xx.xx.1983-cü il tarixli 52/5615 saylı qərarını təqdim etmişdir. Həmin qərarda isə müvafiq sahənin (yarızirzəminin) iddiaçıya məhz yaradıcılıq emalatxanası kimi istifadə etmək üçün icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, iddiaçı 80-ci illərə aid qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bir neçə müqavilə təqdim etmişdir (müqavilələrdə icrarə müddəti bir illik müəyyən edilmişdir). “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən – Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. “İcarə haqqında” Qanunun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin izahatından, həmçinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş 15 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçının hər hansı hüquqları dövlət qeydiyyatına alınmamış, iddiaçı həmin sahənin icarədarı kimi qəbul edilməməklə, onunla qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əqd bağlanmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Baxılan işdə iddiaçının mübahisəli sahəyə hazırkı tələbi o halda qorunmağa layiq manafe hesab olunar ki, həmin daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Buna baxmayaraq, işin müəyyən edilmiş faktiki hallarından iddiaçının sözügedən daşınmaz əmlaka münasibətdə ixtiyar sahibi olması müəyyən olunmur. Bununla yanaşı, qanunvericiliklə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinin xüsusi qaydası müəyyən olunmuşdur ki, iddiaçı da bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının həmin əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının mövcudluğu ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Məhkəmə qətnamədə ümumiyyətlə əsaslandırmamışdır ki, iddiaçının mübahisəli əmlaka gözlənilən mülkiyyət hüquqlarının qanuni əsasları konrket nədən ibarətdir. Eyni zamanda, iddiaçı tərəf də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə, iddiaçının hazırki vaxtda mübahisəli daşınmaz əmlak üzərində qanuni əmlak hüquqlarının mövcudluğu müəyyən olunmur. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. «Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, 32 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, rayon və şəhər icra hakimiyyəti orqanları qaçqın və məcburi köçkünlərin vəsaitləri hesabına yeni tikilən və bərpa edilən evlərin inşasına dövlət tikinti təşkilatlarının sərbəstləşdirilmiş güclərinin cəlb edilməsi üçün əməli tədbirlər görsünlər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, məcburi köçkünlərin sosial müdafiəsi daima diqqət mərkəzində olmuş, bu sahədə müvafiq hüquqi baza yaradılmış, eləcə də ilk növbədə onların məskunlaşdırılması, yaşayış və torpaq sahələri ilə təmin olunmalarının vacibliyi xüsusilə vurğulanmışdır. Lakin, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nümayəndəsinin izahatından da göründüyü kimi, cavabdehlərə sonradan hər hansı yaşayış sahəsi verilməmiş, onlar ilkin olaraq məskunlaşdıqları mübahisəli sahədə yaşamaqla davam edirlər. İşin hallarından da aydın olur ki, cavabdeh tərəf məcburi köçkün kimi, məskunlaşdığı qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə aid olmaqla, orada öz vəsaitləri hesabına təmir işləri aparılmışdır ki, sonuncuların da hazırki iddia üzrə oradan çıxarılması dövlət tərəfindən təminat verilən hüquqlarının kobud surətlə pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli Sərəncamının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlərin məskunlaşdıqları sahə iddiaçının xüsusi mülkiyyətində olmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının həmin sahəyə dair qanuni əmlak (digər əşya) hüquqlarının da mövcudluğu müəyyən olunmadığından, hazırki iddia üzrə dövlət mülkiyyətində olan həmin sahədən cavabdehlərin çıxarılması demakratik cəmiyyətdə zəruri olmamaqla, buna sıxıcı sosial təlabat da mövcud deyildir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı). MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxslər qismində cəlb edilməklə) “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)-2527/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)- 2527/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar