Məhkəmə qərarları › İş №2(103)-526/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-526/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-526/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə QƏTNAMƏSİ iş № 2(103)-526/2023 (Açar sözlər: doğum faktının müəyyən edilməsi) Bakı şəhəri, 17 yanvar 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsinə dair, doğum akt qeydində uşağın soyadı “Məmmədova”, adı “Elnarə”, ata adı “Oqtay”, valideynləri qrafasında atası “X6”, anası “Ərizəçi” qeyd edilməsi barədə; onun xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsinə dair, doğum akt qeydində uşağın soyadı “Məmmədova”, adı “Zeynəb”, ata adı “Oqtay”, valideynləri qrafasında atası “X6”, anası “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X6 ilə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahlarından beş övladları anadan olmuşdur. 4-cü və 5ci uşaqları ev şəraitində doğulduğundan onlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. 4-cü övladı X11 03 noyabr 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 5-ci övladı X12 04 aprel 2000-ci il tarixdi Bakı şəhərində anadan olmuşdur. Övladlarının doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfindən yazılı ərizə ilə Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin həmin şöbənin xx.xx.2022-ci il tarixli, 05/Q-807/15 saylı məktubu ilə ona müsbət cavab verilməmiş, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir (Hakim: Mədinə Bağırova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Ərizəçi apellyasiya şikayətində qeyd etmişdir ki, o, qeyri-rəsmi nikahda olan əri X7 ilə birlikdə 1993-cü ildə Azərbaycan Respublikasına gəldikdən sonra kirayələrdə yaşamış, sonra bir müddət Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşamışlar. Ərizəçinin böyük qızı Elmiraya hamilə olduqda ərizəçi Gürcüstan Respublikasına getmiş və 1997-ci ildə Elmira orada doğulandan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Həmin qızı Azərbaycan Respublikasında vəfat edib. Onlar Rəsulzadə qəsəbəsində yaşayarkən orada 1998-ci ildə Elnarə 2000-ci ildə Zeynəb adlı qızları qonşuların köməkliyi ilə ev şəraitində dünyaya gəliblər. Qızlarının doğum şəhadətnamələri olmadığından onlar məktəbə gedə bilməyərək orta təhsil almamışlar. Hal-hazırda qızları qeyri-rəsmi nikahla ailə qurmuşlar. Rəsulzadə qəsəbəsindən sonra ailə üzvlərimlə birlikdə çox yerdə yaşamışlar. Hal-hazırda Səbail rayonunda yaşayırlar. Əri 15 il olar ki, onları atıb Gürcüstana getmişdir və orada yaşayır. Bakı Baş Səhiyyə İdarəsinin 4 saylı uşaq poliklinikası tərəfindən verilmiş Tanrıverdiyeva Zeynəbin tibbi qeydiyyatda olmasına dair xx.xx.2014-cü il tarixli tibbi arayışda onun xx.xx.2000-ci il təvəllüdlü olduğunu qeyd etmişdir. Göründüyü kimi məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, ərizəçinin ifadəsinə və şahidlərin ifadəsinə heç bir qiymət verilməmişdir. Buna görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(009)-1660/2022 nömrəli qətnaməsi ləğv edilməli, ərizəçinin tələbim təmin edilməlidir. Mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biridir. Ərizəçinin məhkəməyə sübut kimi təqdim etdiyi şahidlərin verdiyi ifadələr mötəbər sübut kimi qəbul edilməmişdir. Bununla da məhkəmə tərəfindən ərizəçinin hüquqları pozulmuşdur. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Lakin, qanunvericiliyin tələbinə baxmayaraq məhkəmə şahidlərin ifadələrini qəbul etməmiş və nəticədə tələbi rədd edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin, qanunvericiliyin tələbinə baxmayaraq məhkəmə təqdim edilən şahidlərin ifadəsini sübut kimi qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, hakim tərəfindən qətnamə qəbul edilərkən təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, Şahidlər Şahid1, Şahid2, X2 ifadələrində 1998-ci ildə qızı Elnarənin, 2000-ci ildə isə qızı Zeynəbin qonşuların köməkliyi ilə ev şəraitində dünyaya gəlməsi faktını təsdiq etmişlər. Lakin, məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlı şəxin nümayəndəsi Nümayəndə ərizəçinin apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

10. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

11. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

15. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildirilir ki, tibbi şəhadətnamə olmadığından hazırda uşaqların doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

16. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi 20 nömrəli Uşaq Poliklinikasının 478 nömrəli, xx.xx.2017-ci il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004-cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb. xx.xx.2000-ci il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb.

17. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, K/393 nömrəli arayışından görünür ki, 20 dekabr 1971-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ophelia Mamedovanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 2 ünvanına qeydiyyata alınmaqla 29 aprel 2020-ci il tarixdən 28 iyun 2020-ci il tarixədək uzadılmışdır. Bununla belə, şəxsin xx.xx.2022-ci il tarixli M-3420/4074/ə nömrəli ərizəsi əsasında faktiki yaşayış yeri ilə bağlı məlumat ünvan 3 ünvanı olaraq dəyişdirilmişdir.

18. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 nömrəli Uşaq Poliklinikasının 182 nömrəli, xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubuna əsasən, uşaq poliklinikaları 0-18 yaşadək uşaq əhalisinin tibbi qeydiyyatına nəzarət etdiyindən məktubda adları çəkilən şəxslərə görə Şəhər Poliklinikalarına müraciət etməyiniz tövsiyə olunur.

19. İş materiallarından görünür ki, xx.xx.1971-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş ərizəçi X14 vətəndaşıdır.

20. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Bakı şəhərinin Nəsimi rayonunda yaşayır. Ondan əvvəl Nərimanov rayonunda yaşayıb. Ofeliyanı 1998-ci ildən, yəni 20 ildən çoxdur ki, tanıyır. O, 15 ildir ki, köçüb Nərimanov rayonuna. 1998-ci ildən Nərimanorv rayonunda yaşıyır, qeydiyyatı isə başqa ünvanadır. O Ofeliya ilə qonşu olub. 1998-ci ildən Nərimanorv rayonunda yaşıyır, qeydiyyatı isə başqa ünvanadır. Ofeliyagil öz evlərində yaşayıblar, kirayədə yox. Ofeliya yoldaşı və 4 uşağı ilə birlikdə yaşıyıblar, 1 uşağı rəhmətə gedib. Ofeliyanın qızlarının biri 1998-ci ildə , digəri 2001-ci ildə doğulub və o, bu uşaqların doğulmasının şahidi olub. Ofeliya özü işləmirdi, yoldaşı hər gün spirtli içki qəbul edirdi, içmədiyi günlər isə işləyirdi. Ofeliyagilə qonşuları baxırdı. Ofelyagilin imkanı olmadığından Ofeliya xəstəxanaya getməyib, ev şəraitində uşaqlarını dünyaya gətirib. Uşaqlar doğulanda heç birində iştirak eməyib. Qızlar doğulanda heç birində iştirak etməyib. Uşaqlar dünyaya gələndə, o evdə kimlər olub bilmir. Ofelyanın uşaqlarından Seyhun, Elmira, Ruslan məktəbonradan doğulan iki qız məktəbə getməyiblər.

21. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Odelyanı 1998-ci ildən tanıyır. O, Rəsulzadə qəsəbəsində yaşayıb, lakin neçənci ildən yaşadığını xatırlamır. Sonra Əhmədli qəsəbəsində də yaşayıb. Hövsana 5-6 aydır ki, gedib. Ofeliya 2 uşağı ilə birgə yaşayıb. Uşaqların məkətəbə gedib-getməməsini bilmir. Ofelyanın qızlarından biri 1998-ci ildə, biri isə 2000-ci ildə doğulub. Uşaqlar doğulan zaman gedib onlara, başqa adamlar da var idi, amma tanımır kim olduqlarını. Ofelyanın cəmi 4 uşağı var. Sonuncu ikisi məktəbə getmiyib, digər uşaqları bilmir.

22. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasında qalmaq üçün 5 illik sənəd götürüb, 1993-cü ildən Azərbaycanda yaşayır. 2022-ci ilə kimi Kirov qəsəbəsində yaşayıb, sonra Bayıla gəlib. Ofeliya yoldaşının əmisi qızıdır. Ofeliya 1997- 1998-ci ildə Azərbaycana gəlib, gələndə 2 uşağı olub. 1 uşağı rəhmətə gedib, niyə rəhmətə gedib demək istəmir. Cəmi 4 uşağı var. Yemək bişirib aparırdı, kömək eləyirdi. Uşaqları dünyaya gətirəndə qonşular olub, lakin özü orada olmayıb. Ofelyanın digər 3 uşağı harda doğulub bilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Kollegiya iş materialları əsasında qeyd edir ki, ərizəçi Güsrcüstan Respublikasının vətəndaşıdır və o, 1998 və 2000-ci illərdə Elnarə və Zeynəb adlı qızlarının Bakı şəhərində dünyaya gəlməsini bildirir və hazırda məhkəmədən onların doğum faktının tanınmasını xahiş edir.

24. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə araşdırması zamanı X3 adlı şəxsin xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması və X4 adlı şəxsin xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktına dair sübutlar ərizəçi tərəfindən təqdim edilməmişdir. Həmçinin qeyd edilən şəxslərin hər hansı dövlət orqanında və ya təşkilatda qeydiyyata alınmasına dair sənəd də təqdim edilməmişdir. Bundan başqa, Ərizəçi övladlarının doğulduğu dövrdə Azərbaycan Respublikasında olmasına dair də hər hansı sübutlar təqdim edilməmişdir.”

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məkəməsinin mövqeyi ilə razılaşmır və qənaətini onunla əsaslandırır ki, iş materiallarında olan sübutlara qiymət verməmiş, müvafiq sorğular göndərməmiş, kifayət qədər araşdırma aparmamış və şahid ifadələrini nəyə görə ziddiyyətli hesab etməsini əsaslandırmamışdır.

26. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Bakı Şəhər Baş Səhiyyə İdarəsi 20 nömrəli Uşaq Poliklinikasının 478 nömrəli, xx.xx.2017-ci il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004-cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb. xx.xx.2000-ci il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004-cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb.

27. Birinci instansiya məhkəməsi həmin arayışın Tanrıverdiyeva Zeynəbin məhz xx.xx.2000-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda doğulmasını təsdiq edəcək kifayət qədər mötəbər sübut kimi qəbul edilə bilməməsini qeyd etməklə kifayətlənmişdir.

28. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, xx.xx.1998-ci il təvəllüdlü X3 və xx.xx.2000-ci il təvəllüdlü X1 müvafiq olaraq xx.xx.1998-ci il tarixində və xx.xx.2002-ci il tarixində 20 nömrəli uşaq poliklinikasında qeydiyyata götürülməsi onların həmin illərdə doğulmasını deməyə əsas verir. 20 nömrəli uşaq poliklinikasının qeyd edilən arayışının mötəbərliyinə sübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmir.

29. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, doğumda iştirak etmiş, o zaman tibb işçisi işləyən X5 izahatı alınmış və o, izahatında bildirmişdir ki, 1998 və 2000-ci illərdə Ərizəçi evdə baş tutan doğumunda qaynanası ilə birlikdə iştirak etmişdir.

30. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, daha əhatəli araşdırmanın aparılmasının təmin edilməsindən ötrü Dövlət Sərhəd Xidmətindən Ərizəçi Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmişdir.

31. Dövlət Sərhəd Xidmətinin sorğuya cavab məktubunda bildirilmişdir ki, DSX-da “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) 2002-ci ildən etibarən mövcud olduğu üçün, həmin tarixdən etibarən ərizəçinin dövlət sərhədindən hərəkətlərinin çıxarışı məhkəməyə göndərilir.

32. Kollegiya qeyd edilənlərə əsasən vurğulayır ki, ərizəçi uşaqlarının 1998 və 2000-ci illərdə doğulduğunu bildirdiyindən məhkəmə onun həmin illər ərzində Azərbaycan Respublikası ərazsində olub-olmamasının müəyyən edilməsindən ötrü Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsini zəruri hesab etmişdir. Sorğuya cavab məktubuna əsasən həmin illər ərzində ölkəyə giriş-çıxış məlumatlarının əldə edilməsi mümkün olmadığından, məhkəmə kollegiyası iş materiallarında olan mövcud sübutlar əsasında ərizəyə qiymət verilməsini kifayət heab edir.

33. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, maraqlı şəxs Səbail Rayon Qeydiyyat şöbəsinin rəisi Nümayəndə kollegiya iclasında verdiyi izahatında bildirmişdir ki, Forma 103 olmadığına, uşaqlar artıq yetkinlik yaşına çatdıqlarına görə şəhadətnamə yalnız məhkəmə qərarı ilə verilə bildiyi üçün verilməsindən imtina edilmişdir. Səbail Rayon Qeydiyyat şöbəsinin rəisi Nümayəndə ərizənin təmin edilməsinə etirazın olmadığını bildirmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində izahatları alınmış şahid ifadələrini iş materiallarında olan və yuxarıda qeyd edilən digər sübutlarla yanaşı şəkildə nəzərdən keçirərək qeyd edir ki, həmin şahidlər Ərizəçi tanıdıqlarını, onun qızlarının 1998 və 2000-ci illərdə ev şəraitində dünyaya gəldiklərini təsdiq etmişlər və onların izahatlarında birbirinə zidd hər hansı fikir söylənilməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinin ziddiyyətli olmasına istinad edərək ərizəni təmin etməsə də, həmin ziddiyyətin nədən ibarət olmasını qətnamədə əsaslandırmadığından, hazırda işə baxan məhkəmə üçün anlaşılan deyildir.

35. Sadalanan xüsusatlara əsasən, kollegiya uşaqların doğulduqları ərəfədə 20 nömrəli uşaq poliklinikasında qeydiyyatda olmalarını nəzərə alaraq, həmçinin doğumda iştirak etmiş tibb işçisinin və birinci instansiya məkəməsində izahatları alınmış şahidlərin ifadələrini yanakı şəkildə qiymətləndirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

39. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X3 və xx.xx.2000-ci il təvəllüdlü X1 Bakı şəhərində doğum faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar