Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5261/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa,müddətli əmək müqaviləsi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılmaya görə pul“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2646/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. «X7 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı «X7 İnstitutu» MMC-də Suvarma rejimləri sektorunda əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 2 il 5 ay müddətinə bağlanmışdır.
2. «X7 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən (Razılaşma protokolu) görünür ki, İddiaçı ilə «X7 İnstitutu» MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətinin bitməsi xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.
3. «X7 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı «X7 İnstitutu» MMC-də Suvarma rejimləri laboratoriyasında əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 1 il 7 ay müddətinə bağlanmışdır.
4. “X7 İnstitutu” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən (Razılaşma protokolu) görünür ki, İddiaçı ilə «X7 İnstitutu» MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddətinin bitməsi xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.
5. «Su X7 İnstitutu» X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 74-K nömrəli əmrindən görünür ki, Əliyev X6 rejimləri laboratoriyasının baş mütəxəssisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Hidrogeologiya şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir.
6. «Su X7 İnstitutu» X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmrindən görünür ki, Əliyev X2 şöbəsinin elmi işçisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan iş ili üçün istifadə edilməmiş əsas məzuniyyətinə görə 12 təqvim günü pul əvəzi ödənilməlidir.
7. İT-İ seriyalı, ******* saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “X7 İnstitutu” MMC-də Suvarma rejimləri sektoruna baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Su X7 İnstitutu” X13 xx.xx.2024-cü il tarixli 372-k nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 23 il cavabdeh qurumun nəzdində olan Abşeron Təcrübə-Tədqiqat stansiyasında işləmişdir. 2015-2024 illərdə Su və X7 İnstitutun “Suvarma” şöbəsində, daha sonra isə həmin İntistitutu “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsində işləmişdir. 06 yanvar 2025-ci il tarixdə iş yerinə gələrkən onun əmək müqaviləsinə xitam verildiyini və son haqq-hesabın gün ərzində bank hesabına köçürüləcəyini bildirildi. Həmin gün təqdim edilmiş xx.xx.2024-ci il tarixli 372-k nömrəli əmrin surətindən məlum oldu ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir.Cavabdehn onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-ci il tarixli 372-k nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o, faktiki olaraq 35 ildən çoxdur cavabdeh qurumda işləyir, bu sahədə kifayət qədər təcrübəsi vardır və işlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. Həmçinin 2024-ci ildə keçirilmiş imtahandan da kifayət qədər yüksək bal toplayaraq vəzifəyə uyğun hesab edilmişəm. Hazırkı vəziyyətdə isə 6 aylıq müqavilələrin bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edir. Belə ki, həmin qurumda 300-ə yaxın işçi vardır və hər kəslə ardıcıl 3-6 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diktə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Məlum olduğu kimi, onun təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və onun uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan qısa müddətli əmək müqaviləsinə keçməyi, həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Onun bu cür dəyişikliyə getməyi işəgötürənin təzyiqi altında olmasını sübut edir. Belə ki, 40 ildən çox stajı olan və cavabdeh qurumda 35 ildən çox işləmiş bir şəxs öz sərbəst iradəsi əsasında 6 aylıq əmək müqaviləsi imzalamazdı. Bunu demək olar ki, heç bir tam fəaliyyət qabiliyyətli şəxs könüllü olaraq etməz. O, 1983-cü ildə X4 Meliorasiya fakültəsinin hidrotexnika-mühəndisi diplomunu almışdır. 23 il Su və X7 İnstitutun nəzdində olan Abşeron Təcrübə-Tədqiqat stansiyasında işləmiş, 2016-cı ildə üç imtahan verib (fəlsəfə, ixtisas və inglis dili) doktoranturaya girmiş, 2019-ci ildə inglis dilindən imtahanı verib dokturanturanı bitirmişdir. Dissertasiyası demək olarki hazırdı. 13 məqaləsi dərc olunub (11 məqalə elmi əsərlər toplusunda və 2 məqalə Moskvada). İki beynalxalq konfransda fəal iştirak etdiyinə görə 2 sertifikat almışdır (UNDP-GEF KURA-2 İWRM ACADEMY). Covid-19 görə müdafiəsi ləngidi. 2015-2024 illərdə “Suvrama” şöbəsində işləmişdir. Bu müddətdə həm çöl təcrübətədqiqat işlərində, həm də hesabatların tərtibatında iştirak etmiş, bütün lahiyələrdə və prezentasiyalarda bilavasitə iştirak etmişdir. Orda olan məlumatların böyük hissəsini Rusiya və Türkiyə internet məmbələrindən götürüb Azərbaycan dilinə o, tərcümə etmişdir. Keçən il onu “Hidrogeologiya” şöbəsinə elmi işçi vəzifəsinə təyin etdilər. Burda da çöl tədqiqat işlərində və hesabatın 2-ci hissəsinin tərtibatında bilavasitə iştirak etmişdir
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 2646/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “Su X7 İnstitutu” X11 İddiaçı işdən azad edilməsi ilə bağlı olan xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmri ləğv edilsin və qanunsuz işdən azad olunduğu tarixdən işə bərpa olunanadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı “Su X7 İnstitutu” X12 “Hidrogeologiya” şöbəsində elmi işçi vəzifəsinə bərpa edilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh “Su X7 İnstitutu” X10 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X3)
11. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, əmək müqaviləsindən görünür ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aiddir. Lakin onunla bağlanmış əmək müqaviləsi müddətli bağlanmışdır. Bu baxımdan məhkəmə o qənaətə gəlmişdir ki, işçi ilə əmək müqaviləsi müddətli bağlanıla bilməzdi və əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt, yəni xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi etibarsız hesab edilməlidir. Eyni zamanda yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni X13 yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə aşıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq fəaliyyət göstərmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz bağlanmalı idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin müddəti ilə bağlı olan şərtin etibarsız hesab edilməsi barədə tələbini irəli sürmüş, iddia tələbinin əsaslandırılmasında əmək müqaviləsinin müddətli bağlanmasının əsassız olmasını göstərilmişdir. Bununla bağlı məhkəmə əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməsini qanunauyğun hesab etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı olan şərt etibarsız hesab edilmişdir və cavabdeh müddətli bağlamalı olmadığı əmək müqaviləsinə görə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci, 46-cı, 47-ci, 300.1-ci maddələrinə, Mülki Məcəllənin 337.3-cü, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 119-cu, 217.1-ci, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsalandırılmışdır ki, leğv olunmus İnstitutların və faktiki mövcud olan İnstitutun nizamnamalərinə baxış keçirilməmişdir. Odur ki, qeyd olunan hissə sübuta yetirilməmişdir. Həmçinin yeni yaradilmiş İnstitutun fəaliyyət istiqamətləri həmin vaxt qüvvədə olan Nizamnaməyə uyğun olaraq daha təkmilləsdirilmiş və əvvəllər mövcud olan İnstitutlara nisbətda daha geniş fəaliyyətlərlə məşğul olmuşdur. Birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmamiş Meliorasiya Elmi-Tedqiqat İnstitutu X13i yuxarıda qeyd olunan İnstitut ve Elm-İstehsalat Birliyinin hüquqi varisi kimi qəbul etmiş və İddiaçı müqaviləsinin müddətsiz hesab olunmasi ilə bağlı qərar qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Apellyator tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı “X7 İnstitutu” MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək çalışmışdır. Bundan sonra həmin qurum ləğv edilərək, «Su X7 İnstitutu» X15 yaradılmışdır. «X7 İnstitutu» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı «X7 İnstitutu» MMC-də Suvarma rejimləri laboratoriyasında əsas, baş mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 1 il 7 ay müddətinə bağlanmışdır. «Su X7 İnstitutu» X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 74-K nömrəli əmrinə əsasən Əliyev X6 rejimləri laboratoriyasının baş mütəxəssisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Hidrogeologiya şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. «Su X7 İnstitutu» X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 372-K nömrəli əmrinə əsasən Əliyev X2 şöbəsinin elmi işçisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinin müddətli bağlanmış olmasını qanunsuz hesab edir və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş edir. İddiasını onunla əsaslandırır ki, onun əmək funksiyası əmək müqailəsinin müddətli bağlanan hallarına aid deyildir. Cavabdeh iddia tələbini ona görə əsassız hesab edir ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs “X7 İnstitutu” MMC-nin hüquqi varisi deyildir və tərəflər qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar. Müddət bitdiyindən əmək münasibətlərinə haqlı olaraq xitam verilmişdir.
25. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
26. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.
27. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.
28. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.
29. İş materiallarından isə görünür ki, İddiaçı tutduğu vəzifə üzrə müqaviləyə əsasən müddətin bitməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə iddiaçı ilə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 73-cu maddəsinə əsasən xitam verilərkən ƏM-nin 45-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki iddiaçının 23 ildən artıq müddətdə əvvəllər “X7 İnstitutu” MMC, daha sonra «Su X7 İnstitutu» X12 fasiləsiz işlədiyi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddiaçının eyni qurumla bağladığı müddətsiz müqavilə ləğv edilərək, cəmi bir gün sonra eyni vəzifə üzrə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Bu isə qanunvericiliyin əmək münasibətləri sferasında verdiyi təminatlara, əmək münasibətlərinin təməl prinsiplərinə ziddir.
30. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil ilə bağlı isə qeyd edilməlidir ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni X13 yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir birinin davamı olması isə açıq aşikardır. Göründüyü kimi işəgötürənlə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş xidmətin (işin) əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına və iddiaçı 5 ildən artıq müddətə həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq, eləcə də əvvəlki eyni vəzifə üzrə - yəni mühəndis vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi isə qeyd edilmiş normalara əsasən qanuni hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2646/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.