Məhkəmə qərarları › İş №2(103)-5262/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5262/2025

01.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5262/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-46/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Binəqədi rayonu X5 xx.xx.2005-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 400 kv.m torpaq sahəsinin X3 mülkiyyətinə ayrılması qərara alınmışdır.

2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X10 ərazisində 400 kv.m torpaq sahəsinin alınması üçün X8 tərəfindən ******* manat ödənilmişdir.

3. Binəqədi rayonu X5 xx.xx.2006-cı il tarixli, 94 nömrəli qərarına əsasən bələdiyyənin ərazi hüdudları daxilində X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları İddiaçı istifadəsinə verilmişdir.

4. Binəqədi rayonu X5 İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 ilə aranızda olan torpaq mübahisəsi tərəfimizdən araşdırılmış, təqdim etdiyiniz sənədlərdən vizual olaraq göründüyü kimi, Sizə məxsus torpaq sahəsi ərazidə yerləşən torpaq sahəsi ilə uyğunluq təşkil edir. Dəqiq koordinat oxları olmadığından ərazinin coğrafi hüdudlarını müəyyən etmək mümkün hesab olunmur.

5. Binəqədi rayonu X5 xx.xx.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 400 kv.m torpaq sahəsinin X4 mülkiyyətinə ayrılması qərara alınmışdır.

6. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X10 ərazisində 400 kv.m torpaq sahəsinin alınması üçün X9 tərəfindən 320 manat ödənilmişdir.

7. Binəqədi Rayon X5 xx.xx.2025-ci il tarixli, 01/14p-271 nömrəli məktubundan görünür ki, X10 tərəfindən İddiaçı istifadəsinə ayrılmış 94 saylı xx.xx.2006- cı il tarixli qərar həmçinin torpaq sahəsinin ayrılmasına əsas olan eskiz-sxemdə kordinat nöqtələri olmasa da, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilərək vizual görüntülər onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin cografi hüdudları İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsi ilə qismən eynilik təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə sahibliyinə və istifadəsinə verilmiş, Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlərin torpaq sahəsinə tökdükləri mişar daşlarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması və torpağın əvvəlki vəziyyətinə gətirilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat haqqın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Bakı şəhəri, X5 xx.xx.2005-ci il tarixli, 1536/1 saylı qərarı ilə X5 ərazi hüdudları daxilində yerləşən 400 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 və istifadəsinə verilmişdir. Həmçinin X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə X5 xx.xx.2005-ci il tarixli, 1536/1 saylı qərarı ilə X5 ərazi hüdudları daxilində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsindən X2 və istifadə hüquqlarının İddiaçı adına keçirilməsi qərara alınmışdır. xx.xx.2006-cı il tarixindən Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsi sahibliyində və istifadəsindədir. 2022-ci ilin noyabr ayında sahibiyində və istifadəsində olan torpaq sahəsində abadlaşdırma işləri aparmaq istədikdə məlum olmuşdur ki, cavabdehlər ona məxsus 400 kv metr torpaq sahəsini zəbt edərək, ora mişar daşı tökmüşlər və qanunsuz tikili inşa etməyə başlamışlar. O, cavabdehlərə tikintini dayandırmalarını bildirsə də, onlar əllərində torpağa dair sənədlərinin olduğunu bəhanə edərək özbaşınalıqlarını davam etdirmişlər. Buna görə də o, əmlak hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər qanunsuz zəbt etdiyi ona məxsus torpaqdan çıxarılmalı, torpaq sahəsinə tökdükləri mişar daşları cavabdehlərin hesabına oradan çıxarılmalıdır. Həmçinin hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat haqq cavabdehlərdən tutulub ona ödənilməlidir.

10. X5 nümayəndələri birinci instansiya məhkəməsinin iclaslarında bildirmişlər ki, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər əslidir və bələdiyyənin arxiv sənədlərində hər iki müqavilə üzrə sənədlər mövcuddur. Hal-hazırda həmin torpaq sahələrinin bələdiyyəyə aid olması ilə bağlı sənədlər onlarda mövcud deyil.

11. Məhkəmə tərəfindən tərəflərin və bələdiyyənin memarının iştirakı ilə mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı bələdiyyənin memarı iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin qərar və qərara əlavə edilmiş sxem əsasında iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu, cavabdehə ayrılmış torpaq sahəsinin isə yoldan sağ tərəfdə işıq dirəyinin arxasında daşla hasarlanmış ərazidə yerləşdiyini, eyni zamanda həmin sahənin digər şəxs tərəfindən zəbt edildiyini vizual baxış nəticəsində bildirmişdir. İstər ekspertiza keçirilən zaman, istərsə də məhkəmə tərəfindən yerində baxış keçirilən zaman tərəflər və bələdiyyə tərəfindən torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi təqdim edilməmişdir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1213/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6368 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçı və nümayəndəsi, cavabdeh və nümayəndəsi, Bələdiyyənin nümayəndəsi ilə birgə baxış keçirilmişdir. Sahənin bir tərəfindən təqribən 2.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (110 kVt-liq). Vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda qeyd olunan torpaq sahələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə olaraq torpaq sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməyib. Bu səbəbdən sahələrin üst-üstə düşməməsi və ya digər mübahisəli vəziyyətə dair rəy torpaq sahələrinin ayrılmasına qərar qəbul etmiş Bələdiyyə tərəfindən verilə bilər. Ümumi olaraq bildiririk ki, iddia olunan torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 k/İ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir.

14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 46/2025 nömrəli qətnaməsi ilə (hakim E.F.Vəliyeva) iddia təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun müdafiə olunması üçün ilk növbədə onun bu hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi və ekspertiza rəyində göstərilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 980.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli torpaq sahəsinə iddiaçı və nümayəndəsi, cavabdeh və nümayəndəsi, Bələdiyyənin nümayəndəsi ilə birgə baxış keçirilmişdir. Sahənin bir tərəfindən təqribən 2.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir(110 kVt-liq). Vahid elektron kadastr baza məlumatlarına əsasən qərardadda qeyd olunan torpaq sahələri dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə olaraq, torpaq sahələrinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməyib. Bu səbəbdən sahələrin üst-üstə düşməməsi və ya digər mübahisəli vəziyyətə dair rəy torpaq sahələrinin ayrılmasına qərar qəbul etmiş Bələdiyyə tərəfindən verilə bilər. Ümumi olaraq bildirilir ki, iddia olunan torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 k/İ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir.

16. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verə biləcək sənədlərin əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Şəhər filialına müvafiq sorğular göndərilmiş, lakin qərar və qərara əlavə edilmiş sxem məhkəməyə təqdim edilmişdir.

17. İşdə olan sənədlərdən göründüyü kimi, iddiaçının istifadəsinə 400 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı qərarda və qərara əsasən verilmiş iddiaçının istinad etdiyi sxemdə həmin torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən məlumatlar daxil edilməmişdir. Bundan başqa, iddiaçı 400 kvm torpaq sahəsinin zəbt edildiyini iddia etsə də, mütəxəssis tərəfindən verilmiş rəylə tərəflərin təqdim etdiyi torpaq sahəsinin 980 kv.m olduğu öz təsdiqini tapmış, iddiaçı tərəfindən, həmçinin bələdiyyə və yerli baxış zamanı bələdiyyənin memarı tərəfindən qərarla ayrılmış 400 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı başqa sənədi (sənədləri) məhkəməyə təqdim edə bilməməklə yanaşı, 980 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşdiyinin vizual olaraq belə göstərilməsi yerli baxış zamanı müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, rəylərdə əks olunan və yerli baxış zamanı koordinatlar bilavasitə ekspertiza zamanı tərəflərin mütəxəssislərə və ekspertlərə göstərdikləri və cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatlarıdır. İddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmur.

18. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə müvafiq hüquqlarının olub-olmamasından aslı olmayaraq iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın təmin edilməsinə zəmin yaratmır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının qeyd etdiyi torpaq sahəsinin məhz ona aid olmasını sübuta yetirə bilmədiyindən hesab edilir ki, o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmək üçün subyektiv hüquqa malik deyil. Buna baxmayaraq bu hal özlüyündə cavabdehlərin həmin torpaq sahəsinə hüququnu tanımamaqla cavabdehlərə torpaq sahəsi ilə bağlı hər hansı hüquqa təminat vermir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli, “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına, Mülki Məcəllənin 139.3, 157.2, 157.4, 157.5, 158.1.2, 158.4-cü, Torpaq Məcəlləsinin 81, 83.1, 84.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış və iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarından göründüyü kimi, iddiaçının X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə sahibliyinə və istifadəsinə verilmiş, Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv metr torpaq sahəsindən cavabdehlərin çıxarılması üçün subyektiv hüququ vardır və onun mülkiyyət hüququnun müdafiəsi qanunvericiliyin tələblərindən irəli gəlir və iddiasının hüquqi əsası kifayət qədərdir. X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarının və döngə nöqtələrinin olmaması, vaxtında müəyyən edilməməsi və vurulmaması bir vətəndaş kimi onun günahı deyil, torpağı ona satan Bələdiyyənin və digər qurumların günahıdır. Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş və mülki işdə olan ona torpaq ayrılmasına dair X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı və ona əlavə edilmiş plan-sxemdən, eyni zamanda cavabdehə ayrılmasına dair X5 xx.xx.2006-cı il tarixli qərarı və ona əlavə edilmiş plansxemdən görünür ki, hər iki torpaq sahəsi ayrı-ayrı yerlərdədir. Məhkəmənin torpaq sahəsinə tərəflərin və X5 memarının iştirakı ilə baxış keçirilərkən Bələdiyyənin memarı tərəfindən X4 mülkiyyətinə ayrılmış 400 kv metr torpaq sahəsinin başqa yerdə olduğu, lakin digər şəxslər tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Məhkəmənin iclas katibi yerli baxışda fotoşəkillər çəkmişdir. Bələdiyyənin memarı məhkəməyə yerli baxışın nəticəsinə dair 01/14p-271 nömrəli 22 may 2025-ci il tarixli məktub təqdim etmişdir və həmin məktubda qeyd edilmişdir ki, X10 tərəfindən İddiaçı istifadəsinə ayrılmış 94 saylı xx.xx.2006-cı il tarixli qərar həmçinin torpaq sahəsinin ayrılmasına əsas olan eskizsxemdə kordinat nöqtələri olmasa da, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilərək vizual görüntülər onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin cografi hüdudları İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsi ilə qismən eynilik təşkil edir. Bundan başqa, işdə olan X5 sədrinin, memarının və hüquqşünasının imzası ilə təsdiq edlmiş və İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da qeyd edilmişdir ki, Cavabdeh1 ilə aranızda olan mübahisə araşdırılmış, təqdim etdiyiniz sənədlərdən vizual olaraq göründüyü kimi, Sizə məxsus torpaq sahəsi ərazidə yerləşən torpaq sahəsi ilə uyğunluq təşkil edir. Binəqədi rayon Məhkəməsi işdə olan bu sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin bələdiyyədən əlavə olaraq, sxem tələb etməmişdir. Formal mülahizələrlə iddia rədd edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, öz mülahizələri əsasında qətnamə qəbul etmişdir. Bununla da, iddiaçının mülkiyyət hüquqlarının Konstitusion təminatı pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, müvafiq dövlət qurumlarını işə cəlb etməmişdir. Məhkəmə Ekspertiza rəyinin verilməməsi, torpaq sahəsinin döngə nöqtələrinin və koordinatlarının olmamasını əsas gətirərək, iddianı rədd edə bilməzdi. Bunun üçün alternativ araşdırma aparıla bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, sözügedən torpaq sahəsini 2006-cı ildə dostu ilə birlikdə almışdır. Onun torpaq sahəsi 6 sot-dur.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X5 xx.xx.2006-cı il tarixli, 94 saylı Qərarı ilə iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, Binəqədi qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv. metr torpaq sahəsindən cavabdehlərin çıxarılması üçün subyektiv hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi qanunvericiliyin tələblərindən irəli gəlir və iddianın hüquqi əsası kifayət qədərdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, sözügedən torpaq sahəsini 2005-ci ildə almışdır. Həmin vaxt ailəvi problemləri olduğundan bu barədə qərar 2006-cı ildə onlara verildi. Torpaq sahəsi faktiki olaraq 980 kv.m-dir. Oraya daş tökdürmüşdür. 2018-ci ildə Rusiya Federasiyasından gəlmişdir. Həmin vaxt başqa ailəvi problemləri olduğundan mövcud torpaq məsələsi ilə maraqlana bilməmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, torpaq sahələrinin hüdudları müəyyən edilməmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdə olan mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının X5 xx.xx.2006-cı il tarixli, 94 nömrəli qərarına istinad edərək iddia etdiyi torpaq sahəsi tam şəkildə yüksək gərginlikli elektrik (110 k/İ-lıq) хəttinin mühafizə zonası olmaqla Dövlət mülkiyyətindədir.

35. Həmçinin, həmin qərarda torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı göstərilmişdir.

36. Halbuki, torpaq qanunvericiliyinə əsasən elektrik xətlərinin mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

37. Bundan başqa, X10 tərəfindən iddiaçıya ünvanlamış xx.xx.2022-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubların məzmunlarından müəyyən edilir ki, dəqiq koordinat oxları olmadığından iddiaçıya ayrılmış ərazinin coğrafi hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Yalnız vizual müşahidə əsasında mübahisəli torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə qismən eynilik təşkil etdiyi müəyyən edilmişdir.

38. Şərh olunanlara əsasən, iddiaçının iddia etdiyi sahənin Binəqədi rayonu X5 xx.xx.2006-cı il tarixli, 94 nömrəli qərarı ilə iddiaçıya ayrılmış sahə olduğu təsdiq olunmur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi sahə dövlət mülkiyyətində olan sahə olduğundan, onun dövlətə məxsus torpaq sahəsinin cavabdehlərin sahibliyindən geri alınaraq onun istifadəsinə verilməsi barədə iddia irəli sürməyə subyektiv hüququ yoxdur.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-46/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar