Məhkəmə qərarları › İş №2(103)-5264/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5264/2024

23.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5264/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X5, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.1999-cu il tarixdə Cavabdeh tarix müəllimi vəzifəsinə işə qəbul olunub.

2. İddiaçı Cavabdeh xx.xx.2022-cu il tarixli 205 saylı əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) – iddia tələbi irəli sürərək Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsini, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəsinə yenidən bərpa olunub, məcburi işi buraxmağa görə işdən azad edildiyi dövrdən işə bərpa olunana qədər itirilmiş aylıq əmək haqqının ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 9A-da yeləşən mənzildə yaşayır. İddiaçı və həyat yoldaşı X6 birinci Qarabağ müharibəsi veteranıdırlar. Həyat yoldaşı X6 2004-cü ildə dünyasını dəyişmişdir. İddiaçı Bakı Dövlət Universitetinin məzunudur. İxtisasca tarixçi, tarix müəllimidir. 1999-cu ilin avqust ayından Cavabdeh tarix müəllimi vəzifəsində işləyir. Laçın rayonundan məcburi köçkündür. 2022-ci il avqustun 29- da tətildən işə qayıtmışdır. İşlədiyi Hərbi Liseydə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tövsiyəsi ilə yeni geyim formasına keçmələri deyilmişdir. Forması hazır olmadığı üçün bir neçə gün gec geyinmişdir. Geyinməməyinin səbəbini isə 2 dəfə yazdığı izahatında məktəb rəhbərliyinə bildirmişdir. Ancaq bu bir sıra söz-söhbətlərə səbəb olmuşdur. 2 dəfə üzr istəməyi haqqında ərizə ilə rəhbərliyə müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona sentyabr ayının 1-dən sentyabr ayının 14-dək rəhbərlik tərəfindən əsassız töhmət, şiddətli töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıq edilmişdir. Halbuki, həmin vaxt məktəbdə dərs vaxtı olmamışıdır. Bununla da, bu olanlar ona 14 sentyabr tarixində fənn bölmə iclasında ona bildirilir və o, işdən əsassız olaraq uzaqlaşdırılır. Onunla müqavilə bağlanılmır. Uzun müddət işləməyinə baxmayaraq, Cavabdeh rəisi Rəşad İbarhimov onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Cavabdeh rəisi Rəşad İbarhimov xx.xx.2022-ci il tarixli 205 saylı əmr vermiş və həmin əmrdə qeyd etmişdir ki, AR Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilsin. Halbuki, iddiaçı uzun müddətdir ki, Cavabdeh tarix müəllimi kimi işləmişdir. Hesab edir ki, heç bir əsas olmadan işdən azad edilmişdir

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəyə yenidən bərpa olunma, məcburi işburaxmaya görə işdən azad edildiyi dövrdən işə bərpa olunana qədər itirilmiş aylıq əmək haqqının ödənilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh xx.xx.1999-cu il tarixdən müəllim vəzifəsində işləməsi, onun əmək müqaviləsinin hər dəfə uzadılaraq fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi işin mübahisəsiz halıdır. Bu hallar məhkəmə araşdırması müddətində Cavabdeh səlahiyyətli nümayəndələri tərəfindən təkzib edilməmişdir və iş materialları ilə təsdiq olunur. İddiaçının əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən həmin müqavilə müddətsiz hesab edilir. Bu səbəbdən müddətinin bitməsi ilə əlaqədar əmək müqavilənin xitamı barədə Cavabdehin xx.xx.2022-ci il tarixli, 205 saylı əmri və bunun əsasında işçinin işdən azad edilməsi qanuni hesab edilmir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən və iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən başlandığından, iddia müddəti tətbiq edilərək iddia tələbləri təmin edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında öz izahatında bildirmişdir ki, onun xx.xx.2022-ci il tarixində işdən çıxarılması barədə məlumatı olmuşdur və o əmək kitabçasını jurnala imza edərək 2023-cü ilin aprel ayında almışdır. O bildirmişdir ki, əmək kitabçasını aldıqdan sonra məhkəməyədək müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. İşdən görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, mövcud iddia tələbi üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.5, 68.2, 73.1, 296.2, 296.3, 300cü maddələri, Mülki Məcəlləsinin 375.2, 377.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.3, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1773/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Prossesual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlar Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Qətnamə qeyri-obyektiv çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalı, iş üzrə iddianın tamtəmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. O hesab edir ki, həmin xx.xx.2022-ci il tarixli 205 saylı əmri hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki həmin əmrin, yəni onun işdən azad edilməyi barəsində verilən qərar prossesual hüquq normalarının pozulması nəticəsində baş vermişdir. O işlədiyi müddətdə heç bir əmək pozuntusuna yol verməyib və həmişə işində çox məsuliyyətli olub. Bu səbəbdən də o ağır sarsıntı və iztirab keçirir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İşə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh qanunsuz onu işdən azad etdiyi üçün liseyin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən haqlı olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu da o anlama gəlir ki, cavabdeh qanun pozuntusuna yol vermişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirir ki, onu çağırıblar ki, niyə geyim formasına əməl etmir. Ona yazılı şəkildə sual verməyiblər ki, cavab versin. Buna görə mübahisəsi oldu. O deyib ki, sualı yazılı versinlər, cavablandırsın. O şalvar geyinməyinin, ətək geyinməməyinin səbəbini yazdı. 6 saat dərs deyir, 3 müəllim pensiyaya çıxıb, lakin onu da işdən çıxardılar. X3 əmri ilə onu işdən çıxarıblar. Qapını çırpmayıb, vərəqi stolun üstünə çırpmayıb, bunlar yalandır. O 30 ildən çoxdur ki, vətənə xidmət edib. Müharibə veteranıdır. Qarabağ müharibəsində 8 dəfə kəşfiyyatda olub, 5 dəfə komandir olub. Heç bir müəllim deyə bilməz ki, kimisə təhqir edib. Yazıblar ki, müəllimələrə stüardessa deyib, stüardessa pis söz deyil, onlar heç sözün mənasını da bilmirlər. İşə gecikib, 3 gündən sonra bir qız onu satıb. İşə gələndə 4 nəfərə "salam" verib keçib, video görüntüdə var, baxanda başa düşüblər ki, işə gecikib. Müəllimlər otağında oturanda rəis içəri girib, ona salam verməmiş üzərinə qışqırmağa başlayıb. Ona dedi ki, burada otura bilməz, digər korpusda oturmalıdır. Ona dedi ki, işə gecikib. O da deyib ki, bunu hansı erməni deyib, erməni balası deməyib. İzahatda yalandan yazıblar ki, erməni balası deyib. O, 6 saat dərs istədi, onu X3 qəbulundən qovdular. Ona dedilər ki, o kimdir ki, dərs istəsin. Geyilə bağlı tövsiyə edilib, konkret göstəriş verilməyib. Bu hadisələrdən sonra iflic olub. X3 uşağı rəhmətə gedəndə uşağına pul verənlərdən biri olub, heç o siyahıya baxmayıb. İşə bərpa olunmaq istəyir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir xx.xx.2022 ci ildə işdən çıxarıldı. Könül Qarayusubova onun 12 saatlıq dərsini müəllimələrə payladı. Üstünə şər atırlar ki, 15 sentyabr o dərsə gedib. O işə getməyib. Qızı dedi ki, işə getmə, o da getməyib. 1 il yarım müddətdən sonra məhkəməyə müraciət etməyinin səbəbi xəstələyi ilə bağlı idi. Xəstələnmişdi, müalicə oldu, sonra mediasiyaya müraciət etdi. Orada da gəlmədilər.

12. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, barışıq mümkün deyil. iddiaçının diaqnostik nəticələri aşağı olub, izahatları da iş materialların da var. Peşman olduğunu yazıb. Liseydə işlədiyi dövrdə müəllimlərdən, kursantlardan pul alıb. Saday Balayev hazırda işləmir. Liseyin rəisi iddiaçının qəbul edib, həmin zaman vəzifəni R.İbrahimov icra edirdi. İddiaçı bildirdi ki, ətək geyinə bilmir. Ona izah edildi ki, geyim formasına əməl etsin. İddiaçı formaya əməl edəcəyini bildirsə də, amma əməl etmədi. Sonra da barəsində müvafiq tədbir görüldü. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 294. 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Maddə 296. 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

15. "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-cu il tarixli 205 saylı əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir.

22. Hazırkı iddia ərizəsində iddiaçı Cavabdeh xx.xx.2022-cu il tarixli 205 saylı əmrinin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa edilməsini, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsini xahiş edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir.

24. İşin halları ilə müəyyən edilir ki, “Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu haqqında” kitabının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını cədvələ imza etməklə götürmüşdür.

25. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı izahatında xx.xx.2022ci il tarixində işdən çıxarılması barədə məlumatı olduğunu və əmək kitabçasını jurnala imza edərək 2023-cü ilin aprel ayında aldığını, əmək kitabçasını aldıqdan sonra məhkəməyədək müxtəlif dövlət orqanlarına şikayətlər etdiyini bildirmişdir.

26. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbini rədd etmişdir.

27. Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

28. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixində işdən çıxarılması ilə bağlı məlumatı olmuş, xx.xx.2023-cü il tarixdə isə əmək kitabçasını əldə edilmişdir. Lakin iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə verilmiş, iddia ərizəsi ilə məhkəməyə 22 dekabr 2023-cü il tarixdə müraciət edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürmüşdür. Həmin müddəti üzrlü ötürməsinə dair iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, işçinin pozulmuş hüquqlarının bərpası ilə bağlı Əmək Müfəttişliyinə müraciət etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmur. Mediasiya prosesinin tətbiqi isə tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə verdikdə artıq 1 aylıq müddəti ötürmüşdür.

31. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz....Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.....Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. ...Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir....Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1773/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar