Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5265/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh x3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh x5 qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)-2577/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: x4 Dövlət Komitəsi cavabdeh x5 qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh x7 vəsatətlə məhkəməyə müraciət edərək sözügedən əmlakla bağlı hüquqlarının müdafiəsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırdığından mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)- 2577/2020 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. x4 Dövlət Komitəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)-2577/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı x3 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin bərpa edilməsi və icra hakimiyyəti işçilərinin süni maneə etməsinin qarşısının alınması barədə iddiası üzrə inzibati iş vardır. Həmin iş üzrə məhkəmənin 04.12.2019-cu il tarixli, 2- 1(81)-4780 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə cavabdehlərin sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd edilən iddia Yasamal Rayon İcra Hakimiyyətinə qarşı olmaqla tikilinin bərpası ilə bağlıdır və həmin iddianın təmin edilib-edilməməsi hazırkı iddia üzrə qəbul ediləcək qərara hər hansı formada təsir göstərməyəcəkdir. Belə ki, hazırkı iddiaya əsasən Bakı şəhəri Yasamal rayonu Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 2 C ünvanında yerləşən 168,6 kv.m olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 17.03.2017-ci il tarixli, 204 nömrəli icarə müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş və həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçının Yasamal Rayon İcra Hakimiyyətinə qarşı tikilinin bərpa edilməsi barədə iddiasının Bakı İnzibati Məhkəməsi tərəfindən təmin və ya rədd edilməsinin iddiaçının Komitə ilə bağlanılmış icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə hər hansı bağlılığı yoxdur. Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işlə Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin arasında hər hansı asılılıq mövcud deyildir və həmin işlərə məhkəmələr tərəfindən eyni zamanda baxılıb qərar qəbul edilməsi mümkündür. Buna görə də məhkəmədən mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2020-ci il tarixli 2(006)- 2577/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh x7 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı təşkilatın nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)- 2577/2020 saylı qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə olan vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.... Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlanadək həmin işə baxılması, ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı x7 tərəfindən verilmiş inzibati tələbə baxılması səbəbi ilə dayandırılmasına əsas yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 497/2020 saylı məhkəmə bildirişinin surətindən görünür ki, iddiaçı x3 cavabdehlər Yasamal Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə maneələrin aradan qaldırılması tələbinə dair inzibati iş üzrə 25.02.2020-ci il tarixə saat 15:15-ə hazırlıq iclası təyin edilmişdir. Göründüyü kimi hazırkı mülki iş x4 Dövlət Komitəsinin cavabdeh x5 qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbi ilə bağlıdır. Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati iş isə iddiaçı x3 cavabdehlər Yasamal Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə maneələrin aradan qaldırılması tələbindən ibarətdir. Bakı İnzibati Məhkəməsində olan iddianın təmin edilib-edilməməsi hazırkı mülki iş üzrə qəbul ediləcək qərara hər hansı formada təsir edə bilməz, çünki bunla bir-biri ilə əlaqəli olmayan ayrı-ayrı tələblərdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işlə Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin arasında hər hansı asılılıq yoxdur və həmin iddia tələbərinə eyni zamanda baxılıb qərar qəbul edilməsi mümkündür. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)-2577/2020 saylı qərardadı əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininşikayəti təmin edilsin. Mülki iş üzrə icraatın dayandırılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(006)-2577/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5265/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5265/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver