Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5266/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Külək MMC və Cavabdeh1nə qarşı "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac protokollarının etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Külək MMC və Cavabdeh1nə qarşı "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1628/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasına dair xx.xx.2009-cu il tarixdə qeydiyyat aparılmışdır.
2. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, iddiaçıdan 139267,59 ABŞ dolları əsas, 3295.41 ABŞ dolları faiz, cəmi 142563 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə yönəldilməsi, açıq hərracda satılması, satıldıqdan 1 ay sonra onun və X2 yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir.
3. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 2562,08 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında ipoteka predmeti olan əmlakı satılması üçün açıq hərraca çıxarılmış və icra məmurunun sifarişi ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir.
5. Hərraclar baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51 000 manata əldə edilmişdir.
6. Cavabdeh1 27 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinə əsasən borclular İddiaçı və X6 tələbkar "xxxx" ASC-yə olan cəmi 139267,59 ABŞ dolları məbləğində borcunun borclu İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır.
7. 14 fevral 2023-cü il tarixli aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötrü ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASCdən qəbul edilmiş zərf qaimə (603934) İddiaçı Gəncə şəhəri, Nizami rayonu ünvanına olan məktub geri qaytarılmışdır. Ondan ötrü ki, ünvançı bu ünvanda yaşamır.
8. Xəbərnamələrdən görünür ki, İddiaçı ünvanına göndərilmiş məktublar “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdeh1 ipoteka saxlayan "xxxx" ASC-yə ipoteka qoyan (borclular) İddiaçı və X3 ünvanlanmış 31 yanvar 2023-cü il tarixli 01 nömrəli bildirişdən müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair 23 fevral 2023-cü il tarixə saat 11:00- 17:00-dək keçiriləcək açıq hərracın yeri və vaxtı barəsində məlumat verilmişdir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdeh1 ipoteka saxlayan "xxxx" ASC-yə ipoteka qoyan (borclular) İddiaçı və X3 ünvanlanmış 08 fevral 2023-cü il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair 13 mart 2023-cü il tarixə saat 11:00- 17:00-dək keçiriləcək açıq hərracın yeri və vaxtı barəsində məlumat verilmişdir.
11. Birja Yenilikləri” qəzetinin 31 yanvar 2023-cü il və xx.xx.2023-cü il tarixli, 335 və 341 saylı çıxarışlarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 14 mart 2023-cü il tarixli təklifdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmamaqla yəni 51000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
13. 07 aprel 2023-cü il tarixli Hərracın yekunları barədə 16/01-1 saylı protokolun və alqısatqı müqaviləsinin məzmunundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinin, Cavabdeh1 285326/2022 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X5 51000 manata satılmışdır.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin "xxxx" ASC-nin mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır.
15. "xxxx" ASC-nin 24 may 2024-cü il tarixli maliyyə arayışına əsaən, İddiaçı “Expressbanka” qalıq borcu 111892,67 ABŞ dolları (cari günə mərkəzi bankın məzənnəsinə əsasən 190110,44 manat) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Külək MMC və Cavabdeh1nə qarşı "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş **********42 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı "Külək” MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan onun xəbəri olmayıb. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun bir sıra tələbləri pozulmuşdur. Belə ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmadan hərracın keçirilməsini "Külək” MMC-yə həvalə elmişdir. Bununla bağlı Gəncə İcra İdarəsindən, həmçinin hərrac təşkilatı tərəfindən ona hər hansı müraciət edilməyib və onun belə bir razılığı alınmayıb.
18. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1628/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. İddiaçının hərracın keçirilməsi ilə bağlı bildirişlərin ona çatdırılmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı adına bildirişlər ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyulmuş mənzilin yerləşdiyi ünvana göndərilmişdir. Mövcud qanunvericilik normalarına uyğun olaraq isə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Həmçinin qeyd edilməlidir ki, hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol etibarsız hesab edilmədiyindən iddia protokola əsaslanan alğı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və hərracın yenidən təşkil olunması hissəsində də əlavə araşdırılma aparılmadan rədd edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 319.5, 415.2, 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7-ci maddələri, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-1628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac onun xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da, hüquqları pozulmuşdur. Lakin, məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmənin bu qənaəti səhvdir və qəbul etdiyi qətnamə işin hallarına uyğun gəlmir. Belə ki, əksinə, cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin iddiaçı tərəfindən qəbul edilərək imzalanmasına dair hər hansı sübut təqdim edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
24. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hərracın keçirilməsi barədə tərəfə bildiriş göndərilib, elan da yerləşdirilib. Hərracın yeri və vaxtı barədə iddiaçı məlumantlandırılmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. İddiaçı ərizə ünvanlayaraq müki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 26 İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
28. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iddiaçı hazırkı iddiasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş **********42 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil olunmasını xahiş etmişdir.
35. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
36. Qətnamədən şikayət verən iddiaçının apellyasiya şikayətinin dəlilləri odur ki, hərracın 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir. Bununla bağlı bildirişlər ona çatdırılmamış, bu səbəbdən hərracın keçirilməsi vaxtından xəbəri olmamışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, “Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir. Hərraclar baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51 000 manata əldə edilmişdir.
38. İş materiallarında olan xəbərnamənin sürətindən görünür ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hərrac təşkilatı tərəfləri məlumatlandırmaq üçün lazımı tədbirlər görmüşdür.
40. O cümlədən, elektron sistem məlumatlarından müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
41. Belə olan halda Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
43. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1628/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev