Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-527/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu, Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(005)-2072/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə hesablanmış pulun ödənilməsi və mənəvi zərərin əvəzi kimi 100000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 02 avqust 2018-ci il tarixdən Cavabdeh MMC-də İxracat satış şöbəsinin bölmə rəisi vəzifəsində işləmiş, 24 sentyabr 2018-ci il tarixdən 29 yanvar 2019-cu il tarixədək xəstə olduğu üçün işə çıxa bilməmişdir. Müalicə alması barədə şirkət rəhbərliyinə və əməkdaşlara məlumat vermiş, lakin müalicə aldığı müddətdə ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşdən qanunsuz azad olunması barədə X4 müraciət etmiş, araşdırmanın nəticəsi olaraq Cavabdeh MMC-nin barəsində inzibati xəta haqqında 29.01.2019-cu il tarixli protokol tərtib olunmuşdur. X2 12 fevral 2019cu il tarixli məktubu ona rəsmi qaydada çatdıqdan sonra hüquqlarının pozulması ona məlum olmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə 24 sentyabr 2018-ci il tarixdən 24 oktyabr 2018-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti olmaması barədə Bakı şəhəri 20 saylı poliklinikasının 061219 saylı və 25 oktyabr 2018-ci il tarixdən 28 yanvar 2019-cu il tarixədək əmək qabiliyyətinin müvəqqəti olmaması barədə 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının 161318 saylı vərəqələrini əlavə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(005)- 2072/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh MMC-də işə bərpa olunması və iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, qalan hissədə isə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən qanunla nəzərdə tutulmuş bir illik iddia müddəti keçsə də, məhkəmə iddia müddətinin tətbiqi barədə vəsatətə qiymət verməmiş, məhkəmə İddiaçı təqdim etdiyi qanunu pozmaqla əldə edilmiş əmək qabiliyyətinin olmaması barədə saxta vərəqədən sübut kimi istifadə etmiş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bır sıra halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı 25 oktyabr 2018-ci il tarixdən 28 yanvar 2019-cu il tarixədək olan dövrdə bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə, məclislərdə iştirak etmiş, iştirak etdiyi tədbirləri sosial şəbəkələrdə nümayiş etdirmiş, ölkə ərazisini bir neçə dəfə tərk etmişdir. İddiaçı xəstə olmasını yəqin etmək məqsədilə, hansı xəstəxanada müalicə alması barədə işəgötürənə məlumat verməsi üçün ona iki aydan artıq müddətdə imkan və fürsət yaradılmış, bu müddətdə ona 9 dəfə sorğu və xəbərdarlıq edilmiş, lakin o, sorğu və xəbərdarlıqlara əhəmiyyət verməyərək işə çıxmamış və hansı tibb müəssisəsində müalicə almasını bildirməmişdir. Halbuki, əmək müqaviləsinə görə İddiaçı 3 aylıq sınaq müddəti ilə işə qəbul edildiyindən, işəgötürən həmin müddətdə qanunvericiliyə əsasən birtərəfli qaydada əmək müqaviləsinə xitam verə bilərdi. İddiaçı üzrsüz səbəbdən işə gəlməməklə qəsdən və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, iki aydan artıq müddətdə onun vəzifə öhdəliklərini şöbənin digər əməkdaşları görərək onların iş yükləri əsassız olaraq artmış, işçilər arasında narazılıq əmələ gəlmiş, bununla da iş yerində işin, əmək və icra intizamının, həmçinin müəssisənin eksport fəaliyyətinin normal ahəngi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsi 01 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili X8 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, maddi və prosessual hüquq normaları pozulduğuna və düzgün tətbiq olunmadığına, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(005)-2072/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunmasına dair hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, İddiaçı 02 avqust 2018-ci il tarixdə Cavabdeh MMCnin İxracat satış və əməliyyat departamentinin İxracat satış şöbəsinə bölmə rəisi vəzifəsinə qəbul edilmiş, 28 dekabr 2018-ci il tarixli 583/K saylı əmrlə onunla bağlanan əmək müqaviləsinə 28 dekabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. (1-ci cild i.v.71-72) İş materiallarında olan sənədlərə əsasən, 11 və 15 oktyabr 2018-ci il tarixlərdə Cavabdeh MMC tərəfindən İddiaçı məktub göndərilərək 25 sentyabr 2018-ci il tarixdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə ondan işə gəlməməsinin səbəbinin bildirilməsi xahiş olunmuş, üzrsüz səbəbdən işə gəlməməsinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilə biləcəyinə səbəb olması barədə xəbərdarlıq edilmişdir. 18 və 25 oktyabr 2018-ci il tarixlərdə İddiaçı ünvanına məktub göndərilərək əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqənin açıldığı tibb müəssisəsinin adını bildirməsi xahiş edilmişdir. 30 oktyabr 2018-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu 20 saylı şəhər poliklinikasına sorğu edilmiş, sorğuya cavab olaraq 01.11.2018-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı vəziyyəti 24 oktyabr 2018-ci il tarixdən yaxşılaşmış və 25 oktyabr 2018-ci il tarixdə evə yazılmışdır. 14 və 21 noyabr 2018-ci il tarixlərdə məktubla İddiaçı müraciət olunaraq işə gəlməməsinin səbəbi və 25 oktyabr 2018-ci il tarixdən sonra ona hansı tibb müəssisəsində xəstəlik vərəqəsi açılması barədə məlumat verməsi soruşulmuşdur. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 29.11.2018-ci il tarixli müraciətdə Cəmiyyət tərəfindən ona ünvanlanmış məktubları aldığını etiraf etmişdir. Bundan sonra onun barəsində 29 noyabr 2018-ci il tarixdə təqdimatla MMC-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Həmin tarixli məktubla İddiaçı həmkarlar təşkilatının iclasında iştirak etmək üçün dəvət edilmiş, lakin iclasda iştirak etməmişdir. 06 dekabr 2018-ci il tarixdə məsələ Cavabdeh MMC-nin HİK-in iclasında müzakirə olunmuş, belə qərara gəlinmişdir ki, 25 oktyabr 2018-ci il tarixdən sonrakı dövrə əmək qabiliyyətinin olmaması barədə vərəqəni təqdim etməsi və ya hansı tibb müəssisəsində müalicə alması barədə məlumat verməsi üçün İddiaçı məktubla müraciət olunsun, bu müraciət cavabsız qalarsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməsin. 17 dekabr 2018-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı bu barədə müraciət olunmuş, lakin müraciət cavabsız qalmışdır. 28 dekabr 2018-ci il tarixdə İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan sənədlərdən həmçinin görünür ki, İddiaçı 29 oktyabr 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək olan dövrdə bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə, ziyafətlərdə iştirak etmiş, həmin tədbir və ziyafətlərdən canlı yayım etmiş və fotoşəkillərini sosial şəbəkədə paylaşmış, həmin dövrdə iki dəfə Gürcüstan Respublikasına səfər etmiş, 28 dekabr 2018-ci il tarixdə Azərbaycan Sənaye Bankının filialındakı hesablaşma hesabından 2498 manat məbləğində pulu nağd şəkildə məxaric etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(003)-84/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, 14 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən İddiaçı verilmiş SN 00006 seriyalı, 161318 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi etibarsız hesab edilmişdir. Həmin qətnamə 30 mart 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(003)-13/2021 saylı qərarının surətindən görünür ki, X3 25 oktyabr 2018-ci il tarixdə həkim-cərrah vəzifəsində işlədiyi 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına qəbul etdiyi İddiaçı “absesləşmiş pilonidal kista” diaqnozu qoyduqdan sonra qeyd edilən diaqnozun stationar rejimdə müalicəsi nəzərdə tutulmadığı halda, sonuncunu həmin tarixdə stasionar rejimə qəbul edərək İddiaçı 3 ay 3 gün ərzində mütəmadi və fasiləsiz xəstəxananı, həmçinin ölkə hüdudlarını tərk etməsinə baxmayaraq, xəstəni stasionardan xaric edib bu barədə xəstəlik tarixində qeydiyyat aparmalı olduğu halda, İddiaçı stasionar kartasında xəstəxanada olmadığı tarixlərdə də qeydlər apararaq, yəni rəsmi sənədə bilə-bilə saxta məlumatlar daxil edib yekunda xəstəyə 25.10.2018-28.01.2019-cu il tarixlərdə xəstəxanada stasionar, yəni palata rejimində fasiləsiz müalicə almasına dair SN 00006 seriyalı 161318 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi verib “xxxx” MMC-nin nəzdində olan Cavabdeh MMC-də İxracat satış və əməliyyat departamentinin İxracat satış şöbəsinin bölmə rəisi vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğundan 28.12.2018-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndinə əsasən xitam verildikdən sonra sonuncunun qeyd edilən saxta sənəddən bilə-bilə istifadə edərək əməkdaşı olduğu Cavabdeh şirkətinə qarşı işə bərpa olunması, əmək haqqı tələbi və mənəvi təzminatın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edərək qanunsuz üstünlük əldə etmək üçün 14 saylı BŞX-dan verilmiş ƏQOV-u təqdim edib iddia ərizəsinin qismən təmin edilməsinə nail olmasına şərait yaratmaqla şəxsi niyyətlə vəzifə saxtakarlığı etmişdir. Həmin əməlinə görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilmiş, məhkəmə iclasında təqsirini etiraf edərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin əməlinə görə həkim-cərrah Ələsgər Əliyev işlədiyi 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyi tərəfindən intizam məsuliyyətinə də cəlb olunmuşdur. (2-ci cild i.v.16) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 noyabr 2019cu il tarixli 3(008)-696/2019 saylı qərarından görünür ki, İddiaçı ilə əmək müqaviləsi pozularkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulmasına görə Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilməsinə dair X6 Xidmətinin 3 saylı region üzrə X2 6 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qətnamənin mübahisələndirilən hissəsində mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Cavabdeh MMC-də İxracat satış və əməliyyat departamentinin İxracat satış şöbəsinin bölmə rəisi vəzifəsində işləmiş İddiaçı 24 sentyabr 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək olan dövrdə işə çıxmaması işin mübahisəsiz halıdır. Bu dövrdə Cavabdeh MMC tərəfindən dəfələrlə İddiaçı məktublar göndərilərək və şifahi şəkildə işə çıxmamasının və hansı tibb müəssisəsində müalicə olunmasının səbəbi soruşulmuş, lakin İddiaçı işəgötürənin müraciətlərinə etinasız yanaşaraq məlumat verməkdən boyun qaçırmış, sonradan isə 24 sentyabr 2018-ci il tarixdən 24 oktyabr 2018-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti olmaması barədə Bakı şəhəri 20 saylı poliklinikasının 061219 saylı vərəqəsinin surətini şirkətə təqdim etmişdir. Bundan sonra ona şirkət tərəfindən yenidən müraciət olunaraq 25 oktyabr 2018-ci il tarixdən sonra hansı tibb müəssisəsində müalicə alması barədə məlumat verməsi tələb olunmuş, lakin İddiaçı məlumat verməkdən boyun qaçırmışdır. Daha sonra İddiaçı müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə, ziyafətlərdə iştirak edərək sağlam vəziyyətdə aktiv həyat tərzi keçirməsini sosial şəbəkələrdə nümayiş etdirmişdir. Bundan sonra məsələ Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə olunmuş, həmkarlar təşkilatının razılığı ilə Tural Rzayevlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına tam əməl olunmuş və həmin Məcəllənin 300.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. İddiaçılə bağlanmış əmək müqaviləsi ləğv olunarkən Əmək Məcəlləsinin 79cu maddəsinə riayət olunmaması (əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsi) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə Cavabdeh MMC tərəfindən kifayət qədər müraciətlər edilməsinə baxmayaraq İddiaçı tərəfindən Cəmiyyətə hər hansı sənəd təqdim edilməmiş, MMC-də isə xəstəliklə bağlı heç bir sənəd olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 25 oktyabr 2018-ci il tarixdən 28 yanvar 2019-cu il tarixədək əmək qabiliyyətinin müvəqqəti olmaması barədə 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının 161318 saylı vərəqəsinin isə saxta olması müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş çoxsaylı və təkzibolunmaz sübutlar İddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə hesablanmış pulun ödənilməsi barədə iddiasının əsassız olması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsassız olmaqla yanaşı, həm də iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçılə əmək müqaviləsinin pozulduğu 28 dekabr 2018-ci il tarixdə o, bankdan son haqqhesabını almış, işdən azad edilməsi barədə bildiriş və əmr 28 dekabr 2018-ci il tarixdə xəbərnaməli məktubla İddiaçı göndərilmiş və həmin sənədlər 02 yanvar 2019-cu il tarixdə iddiaçıya çatdırılmışdır. Göründüyü kimi, İddiaçı əmək hüquqlarının pozulmasını iddia etdiyi hallar ona həmin tarixlərdən məlum olmuşdur. Hətta İddiaçı iddia ərizəsində qeyd etdiyi X2 12 fevral 2019-cu il tarixli məktubu ona rəsmi qaydada çatdıqdan sonra hüquqlarının pozulması ona məlum olduqda belə, 14 mart 2019-cu il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə o, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(005)- 2072/2019 saylı qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni İddiaçı Cavabdeh MMC-də işə bərpa olunmasının və iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-527/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-527/2021
17.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver