Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5270/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Tapdıq qızına qarşı mülki iş (Açar sözlər: «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçıın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2738/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə Cavabdeh3 adına qeydə alınmışdır.
2. İddiaçı Cavabdeh3 keçmiş gəlinidir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Tapdıq qızına qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladlarının Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi (Xutor), sıra 6, 32 saylı fərdi yaşayış evinin 1 otağından və həmin evin mətbəxindən, sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, Cavabdeh1 ilə xx.xx.2008-ci ildə nikah bağlayıb ailə qurmuş və cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi (Xutor), sıra 6, 32 saylı fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. xx.xx.2020-ci il tarixli, 2(001)-651/2020 saylı qətnamə nikahı pozulmuşdur. Nikah pozulandan sonra övladları ilə birlikdə kirayə qalır. Cavabdeh alimentdən başqa bu günə kimi ona heç bir köməklik göstərmir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2738/2023 saylı, 14 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilməmiş və ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, evə köçürülmə ilə bağlı iddia tələbinin hüquqi əsasını müəyyən etmək üçün əvvəla mübahisəli evə dair tərəflər arasında hansı münasibətlərin olması, mübahisəli hüquq münasibətlərinin xarakteri aydınlaşdırılmalıdır. Yəni, evə köçürülmək istəyən şəxsin evə dair hansı əşya hüquqlarının və ya məhdud əşya hüququnun(istifadə hüququnun), o cümlədən əşyadan(əmlakdan) istifadə edilməsi ilə bağlı digər hüquqların olması araşdırılmalıdır. İddiaçının evə dair əşya hüququnun olmaması mübahisə doğurmur, belə ki, iddiaçı özü də tələbində istifadə hüququ ilə bağlı normalara istinad etmiş və evin qayınatasına məxsus olduğunu bildirmiş və iş materialları ilə də bu öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi evin ikinci mərtəbəsinin tərəflərin birgə nikahları dövründə təmir edildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş və hər hansı əsaslandırma aparmamışdır. Odur ki, məhkəmə araşdırmasının predmetini iddiaçının sözügedən evə istifadə hüququnun yaranıb-yaranmaması təşkil edir. Hansı ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı gəlin kimi 19 avqust 2008-ci ildə mübahisənin obyekti olan mənzilə köçərək 2020-ci ildə nikahı pozulanadək orada yaşamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında evdən istifadə ilə bağlı mübahisəli hüquq münasibəti 2008ci ildə yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. «Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri özünün digər ailə üzvünü(arvadını) yaşayış binasına köçürməsi üçün mülkiyyətçinin razılığı tələb olunur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Odur ki, iddiaçı həm mülkiyyətçiyə, həm də digər istifadə hüququ olan şəxslərə qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etsə də, özünün istifadə hüququnun yarandığını sübut edə bilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi istifadə hüququnun yaranması üçün mülkiyyətçinin şifahi razılığı və ya yaşayış sahəsinə qeydiyyata düşmə əsas kimi nəzərdə tutulmamışdır, istifadə hüququnun yaranması üçün əsas kimi yalnız istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma çıxış edir. Beləliklə, iddiaçı istifadə hüququnun yarandığını sübut edə bilmədiyindən onun evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi barədə tələbi əsassızdır.
7. Məhkəmə qənaətini Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları çəkilən qərarları ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, mülkiyyətcinin razılığı notariat qaydada alındıqdan sonra gəlin köcdüyü ünvana qeydiyyata düşmüşdür. Məhkəmə cavabdehin razılığı ilə qeydiyyata düşmüş gəlinin nəzərə almayaraq qətnamə qəbul etmişdir. Cavabdeh iddiacını qeydiyyata düşməsinə icazə verdikdə notariat qaydada yazılı ərizə təqdim edir. Bu ərizə olmadıqda mülkiyyətcinin razılığı olmadan qeydiyata alınmır və buda Mülki Məcəlləsinin normalarına uyğundur.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçıın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Tapdıq qızı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Mübahisəli fərdi yaşayış evi ilə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir.
24. Belə ki, iddiaçının köçmək istədiyi Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 32 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə Cavabdeh3 adına qeydə alınmışdır. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə iddiaçının yaxud onunla rəsmi nikahda olmuş Cavabdeh1 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Təbii ki, iddiaçının şikayətində göstərdiyi dəlillər onun əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin mənzilə köçdüyü vaxt mənzil keçmiş qaynatasının mülkiyyətində idi. Onların arasında isə etibarlı ailə münasibətləri olmadığından iddiaçının həmin mənzildən istifadə hüququ bu əsasla yarana bilməzdi. Bunun üçün iddiaçı ilə keçmiş qaynatası arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma olmalı və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.
25. İddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyətçi ilə hansısa müqavilə bağlaması, hər hansı bir formada aidiyyəti, yəni həmin evin hansısa hüquqla ona yaxud keçmiş əri olan digər cavabdehə məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan evdə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar iddiaçının həmin evə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Başqa sözlə, qeydiyyat bir inzibati aktdır və daha çox dövlətlə fiziki şəxslər arasında olan münasibətlər üçün əhəmiyyət kəsb edir. Heç bir halda şəxsə hansısa əmlak hüquqları yaratmır.
26. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının keçmiş qaynatasının mülkiyyətində olan evdə qeydiyyatda olması və yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Çünki, iddiaçının qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan keçmiş qaynatasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından köçmək istədiyi evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, iddiaçının bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynatasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. 27.Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan istər iddiaçı, istərsə də cavabdeh əri yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı evə köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq tərəflərin övladları olan yetkinlik yaşına çatmayan şəxslər valideynlərinin yaşadıqları evdən istifadə etmək səlahiyyəti mövcuddur və bu onlara qadağan edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2738/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2738/2023 saylı, 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.