Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5271/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin X8 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Dövlət X12 Binəqədi rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair 2(001)-2024/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 1992-ci ilədək Ağdam rayonu X4 çilingər vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1972-ci ildən 1992-ci ilədək Ağdam rayonu, kolxozlararası idarəsində çilingər işləmişdir. Təqaüd almaq üçün Dövlət X12 Binəqədi rayon şöbəsinə müraciət etmiş, orada ona əmək kitabçasını təqdim etməli olduğu bildirilərək müraciətinə imtina cavabı verilmişdir. Əmək kitabçası Ağdam rayonu işğal olunduğundan, onun bərpa edilməsi mümkün olmamışdır. Hazırda təqaüd almağı ilə əlaqədar iş stajının olmasına dair faktın hüquqi əhəmiyyəti vardır. O, isə bu faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apelyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin əmək kitabçası olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsini qanuna zidd hesab edirlər. Belə ki, hazırki iş üzrə məhkəməyə şahid qismində dəvət olunmuş şəxslərin verdikləri ifadələr ilə onların əmək kitabçalarında qeyd olunan məlumatlar arasında ziddiyyət mövcuddur. Bu da qanunvericiliyin tələblərinin birbaşa pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. xx.xx.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 1976-1980-ci illərdə və X5 1971-1993-cü illərdə Ağdam rayon X4 işləmişdir. Lakin şahidlərin iddia edilən dövrlər ərzində işlədiyi idarələr onların məhkəmə iclasına sübut qismində təqdim etdikləri əmək kitabçası ilə ziddiyyət yaradır. Belə ki, Ərizəçi 1972-1992-ci illərdə Ağdam rayon X4 işlədiyini iddia edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 əmək kitabçasında onun 1976-1980-ci illər ərzində Azərbaycan SSR yanında Nazirlər Şurasının Baş X13 Rayon X4 işlədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş X2 əmək kitabçasında isə onun 42 saylı X1 Dəstəsində işlədiyi qeyd olunmuşdur. Həmçinin, 1971-ci ilə aid qeyddə tarix qeyd olunmadığı üçün və həmin ilə aid qeydin davamının 1993-cü ilə aid xanada qeyd olunması şübhə doğurur. Həmçinin əmək kitabçasında 1971-1993-cü il qeydində onun müvafiq vəzifəyə təyin olunduğu deyil, həmin vəzifədə işlədiyi qeyd olunub və bu qeyd də əmr əsasında deyil, arayışa əsasən yazılmışdır. Digər vacib bir məsələ isə X2 əmək kitabçasında onun 1993-cü ildə qeyd olunan iş yerindən və vəzifəsindən azad edilməsinə dair hər hansı bir qeyd (əmr) yoxdur. Birinci instanisya məhkəməsi qanunvericiliyin tələbini pozaraq şahid ifadələrinə əsasən iddiaçının tələb etdiyi 1972-1992-cü illər üzrə 20 il iş stajına malik olmasını təyin etmişdir. Apelyasiya baxışı zamanı maraqlı şəxsin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Ərizəçi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar və şahid ifadələri əsasında müəyyən etmişdir ki, məhkəmə baxış iclasında dindirilən şahidlər X7 və X5 Ərizəçi Ağdam rayon X4 çilingər vəzifəsində işləməsi faktını təsdiq etmişlər. Ərizəçi, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 Binəqədi rayon şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən ərizəçinin iş stajını təsdiq edən əmək kitabçası olmadığı səbəbi ilə ona yaşa görə əmək pensiyası təyin etməyin mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 106.1, 217.4, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il, 03 saylı Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, tədqiq edilmiş işin halları ilə təsdiq edilmişdir ki, Ərizəçi həqiqətən 1972-ci ildən 1992-ci ilədək Ağdam rayon X4 çilingər vəzifəsində işləmişdir. Bundan başqa, apelyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş 18 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən, X6 Sahəsinin adı (Агдамское МСУ) Azərbaycan SSR Dövlət Aqrarsənaye Komitəsinin xx.xx.1986-cı il tarixli əmrinə əsasən dəyişdirilərək Ağdam- 42 saylı Mexanikləşdirilmiş Dəstə adlandırılmışdır (бывший Агдамское МСУ,МПМК-42 город Агдам). Məlumat üçün bildirirlər ki, X6 Sahəsi (Ağdam 42 saylı Mexanikləşdirilmiş Dəstə) hal-hazırda “xxxxxxxxxxxxxxxx” ASC adlanan təşkilatın struktur vahidi olub. Beləliklə, qətnamənin ləğv edilməsinə və ərizənin rədd edilməsinə dair maraqlı şəxsin dəlilləri işin halları və qanunvericiliyin tələblərinə əsasən təkzib olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Maraqlı şəxs Dövlət X12 Binəqədi rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2024/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5271/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5271/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver