Məhkəmə qərarları › İş №2(103)-5273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5273/2023

15.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5273/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il nömrəli, 2(001)-4267/2022 saylı qətnaməsi (hakim Günel Abbasova) ilə iddia ərizəsi rədd edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada xx.xx.2023-cü il il tarixdə məhkəməyə daxil olmuşdur.

5. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilmədiyindən geri qaytarılmışdır.

6. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməlidir.

10. Belə ki, rayon məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, cavabdeh Əlavə 2-də nəzərdə tutulmuş qrafalara istinad etsə də, əsaslandırmamış və qətnamə çıxarılarkən maddi normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı sayıla bilməz və bununla bağlı aşağıdakıları qeyd edir.

12. Belə ki, MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları müəyyən edilmişdir.

13. MPM-in 363.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

14. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

15. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

16. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

17. 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

18. 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

19. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.

20. Göründüyü kimi, qanunda apellyasiya şikayətinin geri qaytarılması konkret əsasları (halları) göstərilmiş, burada maddi normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməsi kimi bir tələb nəzərdə tutulmamışdır.

21. Cavabdeh həmin qərardaddan verdiyi şikayətdə bildirmişdir ki, qətnamədən verdiyi apellyasiya şikayətində qrafalarda rayon məhkəməsinin istinad etdiyi maddi hüquq normalarının tətbiqinin əsassızlığı, normanın düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın şəkildə izah edilmişdir.

22. Kollegiya cavabdehin apellyasiya şikayətini nəzərdən keçirib qeyd edir ki, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətində qrafalarda rayon məhkəməsinin istinad etdiyi maddi hüquq normalarının tətbiqinin əsassızlığı, normanın düzgün tətbiq edilməməsinin nədən ibarət olması qeyd edilmişdir.

23. Belə olan halda rayon məhkəməsi cavabdehin apellyasiya şikayətində qətnamə çıxarılarkən maddi normanın düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməməsi əsası ilə onun apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır.

24. X10 Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) “Fəhmin Hacıyev Azərbaycana qarşı” işdə (16 iyuun 2015-ci il tarixli qərar) bildirmişdir ki, məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən edilmiş hüququn ayrıca hissəsidir.

25. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “ Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

26. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər).

27. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

28. Yuxarıda sadalanan məhkəmə presedentlərindən görünür ki, Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən əgər milli qanunvericilikdə mövcud olan boşluq, yaxud nəzərdə tutulmuş qayda Konvensiyaya ziddirsə, belə olan halda Konvensiyanın müddəaları rəhbər götürülməlidir.

29. “X2rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.

30. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüquqnu və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

31. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).

32. Bütün yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

34. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

35. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar