Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5274/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Talışinsiki Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(005)-636/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 01 dekabr 1946-cı ildə doğulmuş və Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)- 2985/2019 saylı qətnaməsi ilə ölmüş elan edilmiş anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 136 saylı evin, 3 saylı mənzili üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin miras əmlak üzərində 1/10 pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Cavabdeh və anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızı 11 sentyabr 1964-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Ata və anası bir ailə kimi yaxşı keçinməmiş, atası daim anasını təhqir etmiş, aralarında tez-tez münaqişə baş verməyə başlamışdır. Daha sonradan atasının başqa bir qadından qeyri-rəsmi uşaqları olduğunu bilmişdir. İllərlə davam edən bu fiziki və mənəvi zorakılığa dözə bilməyən anası 1997-ci ilin oktyabr ayının sonlarında evi tərk etmiş, onun hara getdiyi barədə məlumat ala bilməmişlər. Atası uzun illər ərzində onun axtarışı ilə səthi məşğul olmuş, buna görə də iddiaçı özü əlindən gəldiyi qədər anasının axtarışı üçün polis orqanlarına və qohum-tanışlara müraciət etmiş, lakin o, hələ də tapılmamışdır. Anasının itkin düşməsindən xeyli müddət sonra atası qeyri-rəsmi nikahda olduğu arvadı və uşaqları iddiaçının anası ilə birgə nikah dövründə əldə etdiyi əmlakı mənimsəmək niyyəti ilə müvafiq addımlar atıblar. Belə ki, onlar atasının adına olan həmin mənzilləri mənimsəmək məqsədi ilə məhkəməyə müraciət edərək, anasının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını tələb ediblər. Binəqədi Rayon Məhkəməsi də hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, iddiaçının və qardaşlarının məhkəmədə iştirakını təmin etmədən anasının ölmüş elan edilməsi barədə 02.04.2019-cu il tarixli, 2(001)-2985/2019 nömrəli qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının valideynlərinin birgə nikah dövründə atasının adına bir neçə mənzil əldə etmişlər. Lakin atasının qeyri-rəsmi ailəsindən olan övladları atalarına hədə-qorxu gələrək mənzillərin böyük əksəriyyətini ögey qardaşı - X2 adına bağışlama müqaviləsi əsasında özgəninkiləşdiriblər. Hazırda atasının adına yalnız ünvan 1 ünvanında yerləşən mənzili qalmışdır. Lakin atası və qardaşları bu payı könüllü şəkildə iddiaçıya vermədikləri üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin müvafiq məktubundan da görünür ki, atasıyla anası qeyd edilən mübahisəli mənzili birgə yaşadığı dövrdə, daha dəqiq desək 1997-ci ilin avqust ayında alqı-satqı yolu ilə atasının adına əldə etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(005)- 636/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəzslərə rəsmi qaydada məlumat verilmiş, lakin, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi təmin edilmiş, 01.12.1946-cı il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan Rəhimova (Qurbanova) Nərgiz Bilal qızının ölmüş elan edilməsi, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün 01.12.1946-cı il təvəllüdlü Rəhimova (Qurbanova) Nərgiz Bilal qızının ölüm günü sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il, 2(103)-14220/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçi Cavabdeh «şəxsin ölmüş elan edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən göstərmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə iddiaçı hər hansı sübut təqdim eğtmədiyindən iddia tələbini əsaslı hesab etmək olmaz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1146-cı maddəsinin tələbinə görə, mirasın açıldığı vaxt dedikdə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün başa düşülür. Bu hal isə hazırda mövcüd deyil. Belə olan halda, Rəhimova (Qurbanova) Nərgiz Bilal qızından miras qalmış əmlak kimi Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 136 saylı evin, 3 saylı mənzilin miras kütləsinə daxil edilməsi müəyyən edilmir. Eyni zamanda həmin əmlak hazırda iddiaçının atası Cavabdeh adına 28.08.1997-ci il tarixindən qeydiyyatdadır. Buna görə də, mirasın qanunvercilikdə qeyd olunduğu kimi - fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılması halı mövcud olmadığından iddiaçının əmlaka vərəsəlik hüququnun tanınması, payının müəyyən olunması tələbi təmin edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qanunvericiliyin qeyd edilən normasından göründüyü kimi, mirasın açılması üçün miras qoyan fiziki şəxs ölməli və ya məhkəmə tərəfindən ölmüş elan edilməlidir. Əks halda (yəni, şəxs sağ olduqda) mirasın açılması, mirasın vərəsələr arasında bölünməsi və s. mümkün deyildir. İddiaçı məhkəməyə anasının ölmüş elan edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsini təqdim etsə də, elə özünün apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il, 2(103)-14220/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuş, ərizə təmin olunmamışdır. Göründüyü kimi, hazırda şəxsin (iddiaçının anasının) ölmüş elan edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcud deyildir. Belə olan halda isə mirası açılmamış sayılır. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticənin qanuniliyini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, hazırki vaxtda iddianın rədd olunması, iddiaçının gələcəkdə müvafiq əsaslar (mirasın açılması) yarandığı təqdirdə qanunla müəyyən olunmuş qaydada mirasın qəbul olunması ilə bağlı müraciət imkanlarını istisna etmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(005)-636/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(005)-636/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5274/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5274/2021
08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver