Məhkəmə qərarları › İş №2(103)-5275/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5275/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5275/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(008)-1143/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(008)- 556/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli 11-G1-1-0-506-15 nömrəli kredit müqaviləsi üzrə 18614,06 ABŞ dolları əsas borc, 13740,45 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində dəbbə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32464,91 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı ASC-ə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 45,81 kv.m ümumi, 29.11 kv.m yaşayış, 16.7 kv.m yardımçı sahədən ibarət 38 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və ünvan 1 ünvanında yerləşən 38 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi qət edilmişdir.

2. ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına 27 avqust 2021-ci il tarixdə rəsmiləşdirilmişdir.

3. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən olan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 45.81 kv.m ümumi sahədən ibarət 4090/94 məhəllə 2/7 nömrəli evin 38 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 45.81 kv.m ümumi sahədən ibarət 4090/94 məhəllə 2/7 nömrəli evin, 38 nömrəli mənzilinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(008)556/2019 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 27 avqust 2021-ci il tarixdə **********7 qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(008)- 1143/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Qətnamə onunla əsaslandırlmışdır ki, cavabdehlər mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Ona görə də mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin həmin mənzildən çıxarılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 nömrəli 20 may 1952-ci il tarixli Protokolunun 1-ci, Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, lakin məhkəmə nəzərə almamışdır ki, bank ona məxsus mənzilin formal mülkiyyətçisidir. Əslində mənzil ona məxsusdur. Bundan əlavə, banka olan borcunu qaytaracağına söz vermişdir və borcu qaytarmaqdan çəkinmir. Birinci instansiya məhkəməsi qanunsuz olaraq, cavabdehi, onun üç yetkinlik yaşına çatmamış uşaqlarını, yaşlı 87 yaşında nənəsini faktiki cavabdehə məxsus mənzildən çıxarır. Bununla da, Konstitusiya ilə nəzərdə tutulmuş onların yaşayış hüquqaları tam pozulur. Həmin qanunsuz qətnaməyə görə, onlar evsiz qalmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraqtərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onlar ın iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən mənzil artıq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır.

19. Belə bir qeydiyyat mövcud olduğundan, yəni iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, mülkiyyət hüquqlarının müdafiəsi barədə hazırkı iddianı qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur.

20. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. İşin yuxarıda sadalanan hallarına istinadən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Şikayətdə sadalanan faktiki halların heç biri iddiaçının mənzilin mülkiyyətçisi olduğu faktını dəyişdirməməklə, qətnamənin ləğvinə əsas vermir.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(008)1143/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(008)1143/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar