Məhkəmə qərarları › İş №2(103)-5275/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5275/2025

10.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5275/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 18/2025 nömrəli qətnaməsindən İddiaçı MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə 200 kv.m torpaq sahəsi ilə bağlıdır. 2.Hər bir tərəf torpaq sahəsinin özünə məxsus olduğunu iddia edir. 3.İddiaçı torpaq sahəsinin özünə məxsus olduğunu sübut etmək üçün reyestr çıxarışına istinad edir. Həmin çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,9767 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydə alınıb. İddiaçı hesab edir ki, 200 kv.m torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin tərkibinə daxildir. 4.Cavabdeh torpaq sahəsinin özünə məxsus olduğunu sübut etmək üçün Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına istinad edir. Həmin qərar ilə qərara alınıb ki, ünvan 2 ünvanında 200 kv.m torpaq sahəsi fərdi ev tikmək məqsədilə alqısatqı yolu ilə cavabdehin adına sənədləşdirilsin. Bu qərarın arasında eyni tarixdə bələdiyyə ilə cavabdehin arasında alqı-satqı aktı tərtib edilib. 5.Göründüyü kimi, iddiaçının mülkiyyət hüququ 2019-cu ildə qeydə alınıb, torpağın cavabdehə ayrılması barədə bələdiyyə qərarı isə həmin tarixdən 13 il əvvəl – 2006-cı ildə verilib. Cavabdeh bildirir ki, 2006-2009-cu illərdə torpaq sahəsində 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi tikib, 2009-cu ildən həmin evdə yaşayır. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, cavabdeh iddiaçının mülkiyətində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində cavabdehin inşa etdiyi qanunsuz tikili cavabdehin hesabına sökülün. İddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı təxminən 0,2 ha ölçüdə torpaq sahəsinə dair iddia qaldırıb. İddia onunla əsaslandırılıb ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təxminən 0,2 ha hissəsində fərdi yaşayı evi inşa edib, həmin torpaq sahəsindən tikintialtı və həyətyanı sahə kimi istifadə edir. 7.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 9.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7962 nömrəli ekspert rəyinə görə, göstərilən torpaq sahəsi faktiki olaraq 0.9767 ha təşkil edir. Torpaq sahəsinə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000043 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir (1.00596 ha). Sözügedən 0.9767 ha torpaq sahəsi **********77 reyestr nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır (azalmaya dair razılıq ərizəsi təqdim edilmişdir). Şəhadətnamə verilən zaman torpaq sahəsinə tərtib edilmiş baş plan və digər istinadedici sənədlər arxiv qovluğunda aşkar edilmədiyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin (faktiki 0.02 ha) ona məxsus torpaq sahəsinin tərkibində olub-olmamasını təsdiq etmək mümkün deyildir. Belə ki, araşdırma zamanı cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 097 nömrəli qərarından çıxarışın, arxiv arayışının, torpağın alqı-satqı aktının və yerləşmə cizgisinin olduğu aşkar olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (2009-cu ildən yaşayış var). Cavabdehin istifadəsində olan 0.02 ha torpaq sahəsinin və iddiaçıya məxsus sahənin faktiki vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən (cavabdeh adına olan) 0.02 ha torpaq sahəsinə dair bələdiyyə qərarı və yerləşmə cizgisi təqdim edilsə də, cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmadı (torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur). 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi müəyyən olunmur. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-18/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar