Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5276/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“ləyaqətsiz vərəsə elan edilmələri” ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə elan edilmələri” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1032/2023 saylı işi üzrə 12 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh1, oğlanları Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə elan edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1032/2023 saylı işi üzrə 12 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; Mülki Məcəllənin 1176, 1137, 1139. 1203.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq ləyaqətsiz vərəsə elan edilməsi üçün miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətlər deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə mümkündür. Hazırki iş üzrə iddiaçı cavabdehlərin onu döydüyünü iddia etsə də və bunu təsdiq edən hal kimi ekspert rəylərinə, fotoşəkillərə və video yazılarına, inzibati tənbeh tətbiq etmə haqqında qərara istinad etsə də, bu halların onun, miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törətmək məqsədi daşıdığını və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı törədildiyini sübuta yetirə bilməmişdir. Göstərilən hallar isə öz növbəsində iddiaçının istinad etdiyi faktiki halların iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən normaların dispozisiya şərtləri ilə uyğun olmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması üçün Mülki Məcəlləsinin 1137 və 1139-cu maddələrində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
3. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin qətnaməsi tam şəkildə ləğv edilməsini,yeni qətnamə qəbul edilməsini və ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum etmə tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139, 1146; Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, keçmiş həyat yoldaşı X8 ilə uzun müddət ayrı yaşasa da,rəsmi olaraq xx.xx.2022-ci il tarixdə nikahı pozulmuşdur.Övladları ilə münasibəti bir ana kimi normal olmuşdur. Lakin bir ilə yaxındır, övladları ona qarşı haqsızlıqlar edirlər. Onlar ona məxsus daşınmaz əmlakı ələ keçirmək üçün müxtəlif yalanlar, böhtanlar edir, qohum-əqraba yanında onu bir ana kimi aşağılayırlar. Belə ki ,29 avqust 2022-ci il tarixində səhər saatlarında şəxsi işləri ilə əlaqədar yaşadığı və mülkiyyət hüququ ilə ona məxsus olan Bakı ş, Sabunçu r, Zabrat qəs, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxmışdı. Həmin gün axşam 19:00 radələrində evə qayıdarkən qapını öz açarı ilə açmaq istəyərkən aça bilməmişdir. Evə onun icazəsi olmadan daxil olan qızı Cavabdeh1 gəlmə bura sənin evin deyil qışqırırdı.Evə daxil ola bilmədiyi üçün 102-yə yığıb şikayət etmişdir.102-yə yığdıqdan sonra polis əməkdaşları gələsələr də, qızı onu evə buraxmamışdı. Polis sahə müvəkkili onu gecəni polis bölməsində gözləməyi, səhər 9da onu evə yerləşdirəcəyini dedi. Lakin səhər onu evə yerləşməyi üçün sahə müvəkkili heç bir hərəkət etmədiyi üçün günorta saat 14:00 da məcbur qalaraq qonşunun həyətindən keçməklə evinə daxil olmaq istəmişdir. Lakin qızı onu görən kimi əlində bel sapı(lopatka)ilə üzərinə hücum çəkərək qollarına, başına zərbələr endirdi. Sonradan həmin anı tam xatırlamasa da, necəsə beli əlindən aldığından o, başındakı hicabı qopardaraq saçlarını yolmuş üzərindəki paltarları cırmışdır .Sabunçu rayon “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” ekspertiza rəyində də döyüldüyü barədə ekspert rəyi vardır. Bundan başqa Ləmanın onun döydüyü zaman qonşusu Afət gördüyü üçün polis çağırmış, hadisə yerinə gələn sahə müvəkilli Rafael və qonşular hadisəni şahidi olmuşdur. Belə hallar dəfələrlə təkrarlanmışdır. Bundan başqa oğlu Reyal və keçmiş həyat yoldaşı da onu bele oxşar hala salmışdır. Oğlu Röyal barəsində ona xəsarət yetirdiyi üçün məhkəmədə Cinayət Məcəlləsinin128-ci maddəsi ilə cinayət işi gedir. Keçmiş həyat yoldaşına da həmçinin ona xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət işi açılmışdır. X3 vətandaşıdır. Lakin Cavabdeh1 onu bura gətirib ona məxsus Bakı ş,Sabunçu rayonu, Zabrat qəs, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evində qanunsuz olaraq yaşayırlar.Həmin evə də onu buraxmırlar. Bundan başqa Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X1 180 gün müddətində uzunmüddətli mühafizə orderinin verilməsi,ərizəçiyə qarşı məişət qorakılığının təkrar törədilməsi, yani ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçini təhqir etməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi,ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi,eyni zamanda ərizəçiyə yaxınlaşması,ərizəçi ilə hər hansı ünsüyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçinin izləməsi,evinə yaxınlaşmasının Cavabdeh1 qadağan edilməsi qət edilmişdir. Məhkəməyə qətnamədə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və onun mövqeyini hansı səbəbdənsə, əsassız olaraq müdafiə edərək qanunsuz qətnamə çıxartmış, mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmamış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin edilməmişdir. İşi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə hakim araşdırmışdır. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki,öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv,qərəzsiz və hərətfli baxmamışdır. Sübutları araşdırmamışdır. O, öz faktlarını hesab edir ki, sübut etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin onu döydüyünü iddia etsə də, bunu təsdiq edən hal kimi ekspert rəylərinə, fotoşəkillərə və video yazılarına, inzibati tənbeh tətbiq etmə haqqında qərara istinad etsə də, bu halların onun, miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törətmək məqsədi daşıdığını və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı törədildiyini sübuta yetirə bilməmişdir. Guya cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması üçün Mülki Məcəllənin 1137 və 1139-cu maddələrində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Halbuki, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 1937 saylı,xx.xx.2021-ci il tarixli ekspert rəyində sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma aiddir.Həmçinin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilməsi qeyd edilmişdir. İddiaçı iddai tələbininin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir hissəsi yalandır. Qeyri mötəbər ziddiyətli qətnamə məhkəmə yazmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçının anası olduğunu, atasının mülklərini satıb 15 yaş özündən kiçik sevgilisinin adına keçirməsinə analarına icazə vermədiklərindən, atalarının tərəfini tutduqlarından analarının onları pis vərəsə hesab etdiyini, atalarının sağ olduğunu, atası və anası arasında nikahın pozulduğunu, hal-hazırda mülk bölgüsünün olduğunu, anasının özünə məxsus olan mülklərinin sevgilisinin adına keçməsi üçün onları vərəsəlikdən çıxarmaq istədiyini bildirmiş, anasının qardaşlarını və atasını türməyə salmaq üçün cəhdlər etdiyini, qardaşına şər-böhtan atdığını, lakin qardaşının rayon və apellyasiya intansiyasında bəraət aldığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
5. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 1137, 1139, 1176; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cu maddələrinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün ölmüş şəxsdən qalmış miras və ondan irəli gələrək vərəsələr mövcud olmalıdır ki, hazırki iş üzrə mirasın açılması və vərəsələr müəyyən edilmir.
8. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
9. Mülki Məcəllənin aşağıda qeyd edilən maddələri(tələbləri) diqqətə alınmalıdır : 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
10. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
11. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.
12. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1032/2023 saylı işi üzrə 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.