Məhkəmə qərarları › İş №2(103)-5277/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5277/2024

19.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5277/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququnun müdafiəsi, mənzilə istifadə hüququ, mənzilin boşaldılıb təhvil verilməsi, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində həmin ünvana dair X13 adına hazırlanmış texniki pasport mövcuddur.

2. ünvan 3 ünvanından tam istifadə hüququ X9 tərəfindən xx.xx.1989-cu il tarixli etibarnamə əsasında X3 etibar olunmuş, Tofiq Rüstəmov həmin yaşayış sahəsi üçün 4500 rubl ödəmişdir.

3. İddiaçı həyat yoldaşı olmuş X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.

4. ünvan 3 ünvanına aid ev kitabında evin sahibi olaraq X10 göstərilmişdir.

5. xx.xx.2009-cü il tarixdə vəfat etmiş X3 məxsus ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 299,62 kv.m olan torpaq sahəsinə dair onun vərəsəsi olan arvadı İddiaçı ərizəsi əsasında Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır.

6. Cavabdeh ilə X15 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin bildirdiklərinə görə nikahdan əvvəl (2011-ci ildə) Cavabdeh ünvan 5 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamış, nikahlarından xx.xx.2012-ci il tarixdə Ləman, xx.xx.2015-ci il tarixdə Nihad adını verdikləri uşaqları dünyaya gəlmişdir.

7. Afiq Rüstəmli İddiaçı oğludur.

8. ünvan 6 ünvanında İddiaçı, X16, X15, X17, X18, X4, X7, X11, X12 qeydiyyatdadırlar.

9. Cavabdeh ünvan 7 ünvanında qeydiyyatda olmadan yaşayır.

10. ünvan 7 ünvanında məişət tullantılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir.

11. Cavabdeh X8 və İddiaçı qarşı “ünvan 7 ünvanına köçürülmə” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

12. Həmin iş üzrə gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, “...Cavabdeh köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı sahibliyində və istifadəsindədir... Mübahisələndirilən ev birgə nikah dövründə əldə edilməmişdir (işin mübahisəsiz halıdır) və iddiaçının hər-hansı özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısıyla iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir”.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və X15 arasında bağlanmış nikaha xitam verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, iddia verilməsi məqsədilə tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, övladı X15 07 mart 2012-ci il tarixdə cavabdehlə nikaha daxil olaraq ailə həyatı qurmuş, bu nikahdan Ləman və Nihad adlı uşaqları dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra bir müddət başqa ünvanda, sonradan isə oğlunun özünə məxsus yaşayış yeri olmadığından onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində yaşamışlar. Hazırda onların münasibətləri pozulmuşdur və nikahın pozulması tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin buna baxmayaraq cavabdeh ona məxsus yuxarıda qeyd olunan evdə yaşamağa davam edir. Tərəfindən cavabdehə oğlu ilə ailə münasibətlərinə xitam verildiyindən evdən çıxması dəfələrlə təklif edilsə də, cavabdeh evdən çıxmayacağını bildirmişdir. Hazırda cavabdehlə bir evdə yaşamaq mümkünsüzdür. Belə ki, cavabdeh hər gün evdə heç bir əsaslı səbəb olmadan münaqişə yaradır, onun qohumlarının və xüsusən də, vəfat etmiş qardaşlarının ünvanına təhqiredici ifadələr işlətməkdən də çəkinmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Belə ki, şəxsi Mülkiyyət Hüququ ilə X1 və Qiymətləndirilməsinə dair pasporta əsasən ünvan 9 ünvanında yerləşən mənzilin mərhum əri X2 adına qeydiyyatı aparılmış, əri vəfat etdiyi 03 avqust 2009-cu il tarixdən bu günədək isə həmin ev onun istifadə və sahibliyindədir. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi oğlu ilə cavabdehin nikaha daxil olduqları 2012-ci ildən xeyli əvvəl mövcud olmuş və nikahları bağlanan zaman ev onun istifadə və sahibliyində olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh X8 və ona qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 6 ünvanında yerləşən mənzilə köçürülməsi və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, tərəflər arasında münasibətlərin yaranma müddətinə uyğun olaraq işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir... Cavabdeh köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı sahibliyində və istifadəsindədir... Mübahisələndirilən ev birgə nikah dövründə əldə edilməmişdir (işin mübahisəsiz halıdır) və iddiaçının hər-hansı özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısıyla iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evinin onun istifadə və sahibliyində olması müəyyən edilmiş və Cavabdeh ona və oğluna qarşı “mənzilə köçürülmə və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Beləliklə hesab edir ki, sahiblik və istifadə hüquqlarına törədilən maneə aradan qaldırılaraq cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə məhkəmə qaydasında çıxarılmalıdır. Bununla yanaşı məhkəməyə iddia verilməsi məqsədilə tərəfindən 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün vəkilə 300 manat ödənilmişdir.

16. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, “iddia ərizəsinin əsası yoxdur və aşağıda göstərilən səbəblərdən təmin edilə bilməz. İddiaçı oğlu - X15 ilə 07 mart 2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. xx.xx.2012-ci il tarixdə X17 və xx.xx.2015-ci il tarixdə X18. X15 ilə nikaha daxil olduqdan sonra bir ailə üzvü kimi ünvan 7 ünvanına köçürülmüşdür və həmin tarixdən də bu ünvanda yaşayır və təsərrüfat aparır. X17 və X18 Bakı şəhəri, Binəqədi rayonu 20 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu 283 saylı tam orta məktəbin xx.xx.2012-ci il təvəllüdlü X17 6-cı sinifdə və xx.xx.2015-ci il təvəllüdlü X18 3-cü sinifdə oxuyur. Göründüyü kimi ünvan 6 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evi onun və uşaqların daimi yaşayış yeridir və onların bu ünvandan çıxarılmaları üçün heç bir əsas yoxdur. Bura onun daimi yaşayış yeridir və başqa ünvanda yaşayış yeri yoxdur. Həmçinin, iddiaçının isə bu barədə iddia qaldırmaq üçün subyetiv hüququ yoxdur. İşin faktiki hallarından da görünür ki, o, iddiaçı ilə eyni hüquqlara malikdir, iddiaçı tərəf bu fərdi yaşayış evi ilə bağlı hər hansı bir üstün hüquqa malik deyildir və ola da bilməz. Belə ki, məhkəmə təcrübələrində hətta istifadə hüququnun itirilməsi barədə işlərə baxılarkən özbaşına tikililərlə bağlı ilk növbədə iddiaçı tərəfin subyektiv hüquqa malik olub-olmadığı aydınlaşdırılır və bir qayda olaraq həmin iddialar təmin edilmir. O, faktiki olaraq 2012-ci il tarixdən daimi yaşamaq üçün köçürülmüş, onun burada yaşamağı müvəqqəti xarakter daşımamışdır və belə olan halda onun da bu əmlakda yaşamaq hüququ yaranmışdır. Həmçinin, onun şəxsi yaşayış yeri yoxdur, yaşayış sahəsinə olan ehtiyac aradan qalxmamışdır”.

17. Sonradan cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, “iddiaçı mübahisəli mənzilə olan hüquqlarını (istifadə və ya mülkiyyət hüququnu) təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir, cünki belə sənəd yoxdur. Bundan belə nəticə hasil olunur ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı mübahisəli mənzilə hüquqlarının mövcüd olmasını təstiq etmək üçün uğursuz olaraq Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etmişdir. Həmin mülki iş üzrə məhkəmə onun mübahisəli mənzilə köçülüməsi tələbini rədd etmişdir və qərarını belə əsaslandırmışdır Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi ev 12A ünvanda yerləşən mənzil özbaşına tikili olduğu üçün Cavabdeh Elbruz qızı bu iddia tələbini irəli sümək üçün subyektiv hüquqa malik olmamışdır. Qanuni qüvvədə olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir və fakt hazırda işə baxan məhkəmə və işdə iştirak edən hər iki tərəf üçün preyudisial əhəmiyyətə malik olan olan haldır. Lakin bu faktı inkar edərək iddiaçı ərizəsində qeyd etmişdir ki, güya Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Bu tamamilə əsassız mövqedir: belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş fakt hər iki tərəf üçün preyudisial əhəmiyyətə malikdir, hər iki tərəf üçün sübut olunmuş fakt kimi qəbul etməlidir. Faktın yalnız bu tərəf üçün müəyyən edilməsi - absurddur. Beləliklə, əgər qanuni güvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdirsə ki, mübahisəli ev özbaşına tikilidir və ona münasibərdə belə nəticəyə gəlinmişdirsə ki, onun özbaşına tikiliyə hər hansı hüququ tanına bilməz və o, bu iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir, eyni ilə həmin fakt hazırkı iddiaçıya da şamil edilməlidir. İddiaçının özbaşına tikiliyə hər hansı hüquq tanına bilməz və iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İddiaçının istinad etdiyi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi haqqında əlavə olaraq qeyd edilməlidir ki, həmin mülki iş üzrə iddianın predmeti "mənzilə köçürmə” tələbi olmuşdur. Hər hansı şəxsin əmlka mülkiyyət və əşya hüquqlarının tanınması barədə iddia tələbi irəli sürülməmişdir. Belə olan halda, məhkəmə iddia predmetindən kənara çıxaraq İddiaçı sahiblik və istifadə hüququnu tanıya bilməzdi. Mübahisəli mənzil iddiaçı və ailə üzvləri tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, ona görə həmin mənzil barədə məhkəmədə iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyillər. İddiaçı, onun mübahisəli mənzilə hüquqlarının mövcüd olmasını həm də onunla əsaslandırmışıdır ki, o mənzilin kommunal xidmətləri ödəmişdir. Bununla bağlı bildirir ki, kommunal xidmət haqlarının ödənilməsi mənzilə hüququn yaranmasını təstiq edən əsas deyil: belə ki, bir çox hallarda özbaşına tikililər üçün də kommunal xərclər ödənilir, lakin bu hal özbaşına tikililərə hər hansı hüququnun yaranmasına əsas verməmişdir”.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək izahatlarında həmçinin bildirmişlər ki, iddiaçının qızı Lalə Musayeva və onun anadangəlmə xəstə olan iki azyaşlı övladları X5 və X19 da həmin evdə yaşayırlar. Tibbi sənədlərdən göründüyü kimi, X5 "Uşaq serebral iflici tetroporetik forma Mikrosefaliya albinism görmə və gözün hərəkəti dezadaptasiya sindormları Anadangəlmə nistaqm” xəstəliyindən, X19 isə "inkişaf etaplarının ləngiməsi (əsasən dərketmənin, nitqin, motorikanın), anadangəlmə Fenilketonuriya” xəstəliyindən əziyyət çəkir. Hazırda uşaqların hər ikisi də əqli gerilikdən və hərəkət məhdudluğundan əziyyət çəkirlər və hərələtlərinin mənasını anlamaq itidarında deyillər. Uşaqların bu hərəkətləri cavabdeh tərəfindən anlayışla qarşılanmadığından bu hal cavabdeh tərəfindən uşaqların incidilməsinə və evdə mütəmadi olaraq dava-dalaşların yaranmasına səbəb olur.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişlər ki, cavabdehin hazırda yaşamağa başqa yeri yoxdur.

20. Məhkəmənin 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

21. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş qətnamədən də göründüyü kimi, Şəxsi Mülkiyyət Hüququ ilə X1 və Qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evi X2 istifadə və sahibliyinə verilmiş, daha sonra X10 vəfat etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən (kommunal xidmətlərə dair) görünür ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, X10 vəfat etdikdən sonra onun arvadi İddiaçı istifadə və sahibliyindədir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu X15 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, bir müddət başqa ünvanda yaşasalar da, sonradan mübahisləndirilən ünvana köçmüşlər. Hazırda isə Cavabdeh ilə X6 nikah münasibətlərinə xitam verilmiş, nikaha xitam verilməsinə baxmayaraq cavabdeh sözügedən ünvanda yaşamaqda davam edir. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

22. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 157.4-cü, 157.5-ci, 157.8-ci, Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci, 30.4cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” 15 yanvar 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinad etmişdir.

23. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, qanuni qüvvəsini almış qətnamə ilə müəyyən olunmuş halları nəzərə almadığını, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

25. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

40. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

41. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

42. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

43. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

44. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

“X22 haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 1.0.11. Hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 81. Qanuna və ya digər X22a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

58. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 34-38) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən mənzil üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.

59. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).

60. Bu kontekstdə qeyd olunmalıdır ki, mənzil üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması sahibliyi aradan qaldıran hal deyildir.

61. İşin hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı mübahisəsi gedən evin dəyərini ödəməklə onu sahibliyinə qəbul etmişdir və iddiaçı onun vərəsəsdir.

62. Əgər şəxs qanuni əsasla əmlak əldə edib ona sahiblik edirsə, o, həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin sahiblikdən məhrumetmə və ya sahibliyinə qəsd etməsi ilə bağlı hərəkətlərinə qarşı iddia verə bilər (§ 32, 36, 37, 38).

63. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 33).

64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

65. İşin hallarından göründüyü kimi cavabdeh, iddiaçının oğlu ilə 2012-ci ildə nikaha daxil olmuş, bundan sonra (tərəflərin bildidiklərinə görə nikahdan əvvəl, 2011-ci ildə) iddiaçıya məxsus ünvan 7 ünvanına köçüb orada yaşamış, 2024-cü ildə nikah münasibətinə xitam verilmişdir.

66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

67. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

68. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilin qanuni sahibi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə cavabdehin mənzildə yaşamaq hüququnun olmadığı qənaətinə gəlinməlidir.

69. Cavabdehin azyaşlı uşaqlarına münasibətdə isə qeyd olunmalıdır ki, onların ataları Afiq Rüstəmlinin evdən istifadə hüququ olduğundan, həmin uşaqları sözügedən evə köçürmək onun hüququ olmaqla o, bu hüququndan istədiyi zaman istifadə edə bilər.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2737/2024 saylı iş üzrə 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar