Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-528/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Tahir Əsgərov 1999-cu ildə, anası Qızılşan Əsgərova isə 2016-cı ildə vəfat etmşilər. O, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qum bağ masivi, ev 19/27-də 1999-cu ildən anası ilə birlikdə yaşamışdır. Bacısı 2002-ci ildə ərə getdikdən sonra Lənkəran şəhərində yaşayıb, hazırda da onun bir otaqlı evi vardır, həmin ev ona məhkəmə qətnaməsi əsasında verilmişdir. O, 2009-cu ilin yanvar ayının 16-dan 2021-ci ilin yanvar ayının 16-na kimi 6 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkmişdir. O, cəza çəkərkən bacısı qeyd edilən bağ evini onun rəsmi icazəsi olmadan öz adına rəsmiləşdirib çıxarış almışdır. O, 2021-ci ilin yanvar ayının 16-da cəza çəkdikdən sonra öz evinə qayıtmışdır. Hazırda da o, həmin evdə qeydiyyatdadır. Onunla bacısının arasında torpaq sahəsininin bölgüsünə dair mübahisə baş vermişdir. 2021-ci ilin may ayının 5-dən bacısı onu evdən qovmuş, o, VAZ-2106 markalı özünə məxsus minik avtomaşınında qalır. O, bacısı ilə razılığla gəlmək istəmiş, ona öz evində yaşamağa icazə vermir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı mülki iş üzrə 22 iyul 2021-ci il tarixdə qəbul etdiyi tamamilə qanunsuz və əsassız əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə qanun pozulması hallarına yol vermiş, Ədalətli Məhkəmə araşdırması hüququnu pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, məhkəmə müdafiəsindən istifadə hüququnu məhdudlaşdıraraq işdə olan sübutlar əsasında deyil, öz formal mülahizəsi əsasında əvvəlcədən hazırladığı qətnaməni məhkəmə iclasında elan etmişdir. Bildirir ki, xüsusi mülkiyyəti olan mübahisələndirilən evi 2001-ci ildə öz vəsaiti hesabına almış və sonradan ona qarşı qərəzli münasibət bəsləyən qohumu Günayın (məhkəmədə qərəzli və ziddiyyətli izahat verərək şahid kimi izahat vermiş şəxs) adına rəsmiləşdirmişdir ki, qardaşı o evə ancaq qohum kimi qonaq olaraq gəlib getmişdir. Həbsdən çıxdıqdan sonra qardaşı ondan xahiş etdi ki, bəzi sənədləşmə işlərindən ötrü Lerik rayonuna getməmək üçün onu xüsusi mülkiyyəti olan evə qeydiyyata alsın. Mahir bir müddət sonra evi satıb ona pul verməyini bildirmək dərəcəsinə çatanda və azyaşlı övladı ilə onu hədələyəndə onun hərəkətlərindən qorxuya düşərək hüquq mühafizə orqanlarına müraciət etmiş. Yaşamadığı halda etibarından sui-istifadə edərək evinə qeydiyyata düşən bu şəxsin qeydiyyat hüququnun ləğvi üçün Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bütün bu halları bildiyi halda iş materiallarına tərəfindən əlavə edilən digər sübutları da araşdırmadan və bu kimi xüsusatlara əhəmiyyət vermədən qərar qəbul etmişdir. Mahir heç vaxt onun evində yaşamamış, sadəcə qardaş kimi qonaq olaraq gəlib getmiş, uzun müddət həbs həyatı çəkib bitirdikdən sonra isə xüsusi mülkiyyəti olan evə pasport qeydiyyatına düşmüşdür ki, bu hal xüsusi mülkiyyətindən istədiyi formada istifadə etməklə konstitusion mülkiyyət hüquqlarını Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X3 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı cavabdeh Gültəkin Əskərova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Gültəkin Əskərova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı həbsdə olduğu müddətdə anasının istəyi ilə evin mülkiyyət hüququ alqı-satqı ilə bacısı Gültəkinə keçirilsə də, iddiaçının həmin evə mövcud olan istifadə hüququna xitam verilməmiş, əksinə cavabdeh həmin evi yüklü şəkildə qəbul etmiş, hazırda isə iddiaçının başqa yaşayış sahəsi olmamaqla istifadə hüquqlarının olduğu həmin evə köçürülməsi barədə tələblə çıxış etməsi qanuni və əsaslıdır və gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Gültəkin Əskərova qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Gültəkin Əskərova tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə- 211 № ilə qeyd edilmiş AN-İ № 0570981saylı, 04.08.2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 13.5 kv/m olan bağ evini və mülkiyyətdə olan 0.08 ha torpaq sahəsini tam mülkiyyət üzrə alıcı X1 mülkiyyətinə verilmiş və bu əsasla satıcı X5 ilə alıcı X3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır.(İ.vər. 26 - 27) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 30.08.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 13.5 kv/m olan bağ evi tam paylı mülkiyyət üzrə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 13313 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 25) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumdur, 2006-cı ildə Mahir və anası ondan xahiş etmişlər ki, o, şəhər qeydiyyatı olduğu üçün aldıqları torpaq sahəsini onun adına sənədləşdirsinlər. Həmin vaxt torpaq sahəsinin üzərində köhnə evdə var idi. 2016-ci ildə ailə qurduqdan sonra xahiş etmişdir ki, torpağı öz adlarına keçirsinlər. Bundan sonra alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini Gültəkinin adına rəsmiləşdirmişlər. Həmin vaxt Mahirin anası bildirmişdir ki, torpaq sahəsini Gültəkinin adına rəsmiləşdirsinlər onsuzda həmin yeri satıb Gültəkin və Mahirə ayrıca ev alacaqlar. Gültəkin həmin bağ evində yaşamırdı, ərinin evində yaşayırdı. Mahir həbs olunanadək anası ilə birlikdə həmin bağ evində yaşamışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ evində İddiaçı mərhum anası ilə birlikdə daimi olaraq yaşamış, yalnız məhkəmənin hökmü ilə 2009-cu ildə azadlıqdan məhrumetmə cəzasına məhkun edildiyindən ondan asılı olmayan səbəblərdən evdə yaşamamış, iddiaçı həbsdə olduğu müddətdə anasının istəyi ilə evin mülkiyyət hüququ alqı-satqı ilə bacısı Gültəkin Əskərovaya keçirilsə də, iddiaçının həmin evə mövcud olan istifadə hüququna xitam verilməmiş, əksinə cavabdeh həmin evi yüklü şəkildə qəbul etmişdir. Hazırda isə İddiaçı başqa yaşayış sahəsi olmamaqla istifadə hüquqlarının olduğu həmin evə köçürülməsi barədə tələblə çıxış etməsini birinci instansiya məhkəməsi qanuni və əsaslı hesab etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh Gültəkin Əskərovanın apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh Gültəkin Əskərovanın apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh Gültəkin Əskərovanın apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2466/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-528/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-528/2022
11.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver