Məhkəmə qərarları › İş №2(103)-528/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-528/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-528/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Xammal və X21 və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzi və "xxxx" QSC-yə qarşı (AR ƏMDK DƏDR X20 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs kimi cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (iddia tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alqı-satqı müqviləsi və Cavabdeh3 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Mülki işə apellyasiya qaydasında baxılarkən ipoteka qoyan X9 və evin hazırkı mülkiyyətçisi İbrahimov Aqil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

5. Apellyasiya şikayətinin dəlilləri:

6. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 42, 43 və 44-cü maddələrinin tələblərinə zidd olaraq, hərracın keçirilməsi ilə əlaqədar hərracda iştirak hüququnu əldə etmək üçün sənədləri nə iddiaçıya, nə ipoteka qoyan şəxsə, nə də ki, digər maraqlarına toxunan şəxsə məlumat verilməmişdir. Hərracda satılması nəzərdə tutulan mənzilin dəyəri hansı səbəbdən dəyərindən 2-3 dəfə aşağı satılmasına səbəb araşdırılmamışdır. Hərracda tək Cavabdeh3 QSC iştirak etmişsə, hərrac baş tutmamış hesab edilməli olduğu halda buna qiymət verilməmişdir.

7. AR Mülki Məcəlləsinin 415-416-ci maddəsinə görə, hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanlar isə hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsinin əsasını təşkil edir ki, buna məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

8. Birincisi, Məhkəmə hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcludur və X9 isə ipoteka qoyan olmaqla iddiaçı tərəfindən mübahisələndirilən mənzil ona məxsus olduğu üçün iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Bununla bağlı aşağıdakıları qeyd etmək zəruri hesab edilir: Hərracın keçirilməsinə əsas İddiaçı Cavabdeh3 QSC ilə bağlanmış “kredit müqaviləsi” və İddiaçı cavabdeh "xxxx" QSC və X9 (ipoteka qoyan) arasından bağlanmış “ipoteka müqaviləsi” olmuşdur. Göründüyü kimi İddiaçı və X9 (ipotekaqoyan) icra sənədi üzrə borclu olmaqla müştərək məsuliyyət daşıyırlar. Qeyd olunanlar onu ehtiva edir ki, iddiaçı-İddiaçı mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır.

9. İkincisi, məhkəmənin müvqeyinə görə sanki mülkiyyətçi olmayan şəxslər mənafeyini və maraqlarını qorumaq üçün mübahisə açmaq hüquqları yoxdur.

10. Bununla bağlı qeyd edilir ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-in 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

11. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar.

12. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn,əmlakını qanunsuz şahibdən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə, onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur.

13. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur.

14. Yuxarıda qeyd edildiyi kimi, subyektiv hüquqlarda əhatə olunmayan mənafe və maraqlar da mümkündür. Bu müddəa 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində 11.5 öz əksini tapdı. Orada deyilir ki, mülki hüquqi münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəməni mülki işə baxmaqdan imtina etməsinə əsas ola bilməz.

15. Mülki Məcəllənin 11-ci maddəsi qanun və hüququn analogiyası qaydasında subyektiv mülki hüquqlarda ifadə olunmayan mənafe maraqların müdafiəsinə imkan verir. Həmin maddəyə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

16. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda isə münasibətlər qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir. Mənafe və maraqların analogiya əsasında müdafiəsi zamanı üç cəhətə xüsusi diqqət verilməlidir: 1)müasir mülki qanunvericiliyin mənasına görə qanunla qadağan edilməyən istənilən hərəkətlərə yol verilir; 2)hər cür mənafe və maraqlara deyil, yalnız hüquqla qorunan mənafe və maraqlara analogiya tətbiq edilə bilər; 3)hüququn və qanunun analogiyası tətbiq edilərkən ədalət, inkişaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Ədalət, inkişaf və mənəviyyat ifadələri ümumi etik kateqoriyalar olduqlarına görə, bu ifadələrin məzmunu konkret işdən asılı olaraq əxlaq normaları, adət və ənənələrə əsasən izah edilə bilər.

17. Mənafe və maraq kateqoriyaları nəinki fiziki və hüquqi şəxslərin tələblərinin ödənilməsi üçün əhəmiyyət kəsb edir, həm də mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin əsasını təşkil edir.

18. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və bu hüququ həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Məhkəməyə müraciət edən şəxslərin mənafe və maraqlarının olması bu maddələrdə birbaşa öz əksini tapmışdır. Lakin bu heç də o demək deyildir ki, məhkəməyə müraciət edən şəxsin mənafe və marağı məhkəmə prosesinin özü üçün əhəmiyyət kəsb etmir.

19. Beləliklə, demək olar ki, mənafelərin və maraqların qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımdan hər cür maraq deyil. MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafiəsindən imtina olunması üçün əsas deyilir. MPM-nin 13-cü maddəsinin 13.5-ci bəndinə müvafiq olaraq məhkəmə öz aktında maddi hüquqi əsas kimi Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürə bilər.

20. İşə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar, ümumiyyətlə, nə iddiaçını nə ipotekaqoyan şəxsə, nə də ki, digər maraqlarına toxunan şəxslərə məlumat verilməməsi barədə sübut təqdim olunsa da, məhkəmə buna qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, ümumiyyətlə, iddiaçının maraqlarına toxunan hərracın keçirilməsinə dair məlumat verilməməsinə düzgün hüquqi qiymət verilməmişdir.

21. Nəhayət, məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (AR MPM-nin 217-ci maddəsi).Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, rayon məhkəməsi iddiaçının tələbini rədd edərkən ona əsaslanmışdır ki, o hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Halbuki onun borcu ilə bağlı keçirilmiş hərracın qanunla müəyyən olunmuş qaydalara uyğun keçirilməməsi onun maraq və mənafelərini pozulub. Çünki hərracda satılan ev onun bank qarşısında olan borcunun təminatı olmuşdur. Həmin hərracdan bankın mülkiyyətinə çox aşağı qiymətə 58650 manata keçdiyi halda, üç ay sonra 135.000 manata satışa qoyulmuş, bank onu mülkiyyətinə aldıqdan üç ay sonra xx.xx.2022-ci il tarixdə bank tərəfindən 100.000 manat qiymətinə A.İbrahimov adlı şəxsə satılmışdır. Necə ola bilər ki, bütün Respublikaya elan edilmiş hərracda həmin evə alıcı çıxmadı, nəticədə o öz dəyərindən iki dəfə aşağı bankın mülkiyyətinə keçdi, üç ay sonra isə bank onu 135.000 manata satışa çıxarır, daha sonra 100000 manata satır. Göründüyü kimi əmlak real dəyərindən iki dəfə aşağı satılmışdır. Həmçinin hərracın keçirilməsi barədə ipoteka qoyana qanunla müəyyən olunmuş qaydada məlumat verilməmişdir. Bu isə hərracın keçirilməsi barədə ipoteka haqqında qanunun tələblərinin pozulması deməkdir. Çünki ipoteka qoyan özü evi ilkin satış qiymətinə ala bilərdi. İndi belə olur ki, ipoteka peredmeti çox aşağı qiymətə bank tərəfində əldə edildiyindən: 1)-iddiaçının bank qarşısında hələ də ödənilməmiş öhdəliyi qalır, 2)-eyni zamanda da evin hərracdan bank tərəfində hansı qiymətə əldə edilməsindən asılı olmayaraq, ipoteka qoyan iddiaçıya qarşı gələcəkdə ipoteka qoyulmuş əşlakının real bazar (təxminən 130-135 min manat) qiymətinə əsaslanan reqres tələbi irəli sürəcəkdir. Bununla da iddiaçı qaçılmaz olan və əhəmiyyətli məbləğdə əlavə maddi itkilərə məruz qalacaq ki, bu da aşkar şəkildə keçirilmiş hərracın onun maraqlarına toxunduğunu təsdiq edir. Rayon məhkəməsi bunları nəzərə almamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir, odur ki, şikayətin təmin edilərək rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsinin xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Ramazanov apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi və göstərdi ki, iddiaçı tərəfin hərracın qanun pozuntusu ilə keçirilməsi barədə bildirdikləri əhəmiyyətsizdir, çünki rayon məhkəməsi də düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının hərracı mübahisələndirməyə subyektiv hüququ yoxdur, əgər belədirsə, məhkəmələr hərracın keçirilməsinin qanuni olub-olmaması kimi məsələni yoxlamalı da deyil, subyektiv hüquq yoxdursa, hər hansı sonrakı araşdırmaya ehtiyac qalmır, iddiaçı hərrac barədə məlumat verilməli şəxs deyil, ipoteka qoyana məlumatın verilməsi, eləcə də əmlakın hansı qiymətə satılmasını yalnız ipoteka qoyan mübahisələndirə bilər, onun da belə bir iddiası yoxdur, bu məsələlləri əsas öhdəlik üzrə borclu olan iddiaçı mübahisələndirə bilməz, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, oxşar hallara dair çoxsaylı məhkəmə qətnamələri var ki, məhz əsas borclunun subyektiv hüququnun olmamasına əsasən onların iddiaları təmin edilməmişdir, odur ki, şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs C.Bəşirov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin borcun tutulması və tələbin ipoteka predmetinə yöndəldilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Binəqədi Rayon İcra Şöbəsinə məktub yazaraq bildirmişdir ki, mənzildən çıxarılması tələb olunan E.Bəşirovun arvadı 26 yaşında vəfat etmişdir, iki azyaşlı uşağı vardır, onun yas mərasimində iştirakla əlaqədar icra vərəqinin icrasının 2022-ci ilin may ayına təxirə salınmasını xahiş etmişdir. Hərracların keçirilməsi barədə ona hər hansı məlumat verilməmiş, həmin evin hazırkı real qiyməti 130-135 min manatdır, mənzili real qiymətindən cox aşağı qiymətə satılmışdır. Hazırda ailəsi ilə evsiz qalmışdır.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxs İbrahimov Aqil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

27. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

28. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 05.2020-ci il tarixli qətnaməsinə əsasən 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27136,37 ABŞ dolları məbləğındə əsas borc, 7921,41 ABŞ dolları məbləğində faiz borcu, 1700 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 36757,78 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı, X9 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınaraq Cavabdeh3 QSCyə ödənilsin, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 19931,16 ABŞ dolları məbləğində əsas borc, 6626,78 ABŞ dolları məbləğində faiz borcu, 1200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 27757,94 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı, X9 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınaraq Cavabdeh3 QSC-yə ödənilsin.

29. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 05.2020-ci il tarixli icra sənədinə əsasən 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27.136.37 ABŞ dolları məbləğində əsas borc 7921.41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 36457.78 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı, X1 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınması, Bakı şəhəri Binəqədi rayonu, H.Babaşov küçəsi, 6 saylı evin, 27 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 (bir) ay sonra X3, X2, X4 və X5 mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir.

30. Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Mustafayev Sarvan Vəkil oğluna, X12, X15, X10, Xətai rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/1925 nömrəli, xx.xx.2021-ci il tarixli 01/2253 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi ipoteka qoyulan İddiaçı mülkiyyətində olanm Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2021-ci il saat 11:00-da və xx.xx.2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

31. Mülki işin 62-68-ci vərəqlərində olan “Exspress” kuryer xidmətinin mədaxil qəbzlərinin surətlərindən məlum olur ki, ipotekaqoyan C.Bəşirova hər hansı bildiriş göndərilməmişdir.

32. Mülki işin 48-50-ci vərəqlərində olan müvafiq olaraq 16.07. 2021-ci il tarixi, saat 11.00- da keçirilən hərraca dair 01 №-li Bildirişdə, eləcə də xx.xx.2021-ci il tarixi, saat 11.00-da keçirilən 02 №-li Bildirişdə hərracın keçirilməsi yeri və vaxtı barədə mləumat verilməli şəxslərin siyahısında ipoteka qoyan kimi C.Bəşirovun adı, ümumiyyətlə, göstərilməmişdir.

33. Mülki iş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2021-cu il tarixli, № 63/04 hərracın yekunları barədə protokolun surətindən görünür ki, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Xətai rayon İcra Şöbəsinin xx/xx-169468/20-23 saylı, xx.xx.2021- ci i! tarixli sifariş məktubunun və “Access Bank" QSC -nin müvafiq məktubunun icrasına əsasən "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 41.42 və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 43.7 ci maddəsinə əasasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır.

34. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğısatqı müqaviləsinə görə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 (əlli səkkiz min altı yüz əlli) manata "xxxx" QSC-yə satılmışdır (i/v 68).

35. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi 103179 saylı 13.01. 2022-ci il tarixli çıxarışdan məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC-in adına qeydə alınmışdır.(i/v 97).

36. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə İbrahimov Aqil arasında olan alğı-satqı müqaviləsinə görə X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manat 00 (yüz min manat sıfır qəpik) qiymətinə İbrahimov Aqilə satılmışdır (i/v 95).

37. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya əlavə edilmiş 103179 saylı çıxarışdan məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İbrahimov Aqilin tam mülkiyyətindədir (i/v 94).

38. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs C.Bəşirov tərəfindən təqdim edilmiş onun xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsinə çatdırılmış teleqramdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı mənzildən çıxarılması tələb olunan E.Bəşirovun arvadı 26 yaşında vəfat etmişdir, onun iki azyaşlı uşağı vardır, onun yas mərasimində iştirakla əlaqədar icra vərəqinin icrasının 2022-ci ilin may ayına təxirə salınması xahiş edilmişdir.

39. Masallı rayon Qeydiyyat Şöbəsinin arayışından məlum olur ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

40. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

41. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

43. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

44. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

45. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

53. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

54. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

55. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

58. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

59. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:

60. Maddə 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

61. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

63. Hazırkı iş üzrə mübahisələndirilən hərracın keçirilməsi zamanı qanunun imperativ tələblərinə əməl olunmaması, yəni ipoteka qoyan kimi C.Bəşirova hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsi müəyyən olunmuşdur (bax,31-32-ci bəndlər). Rayon məhkəməsi bu halları, ümumiyyətlə, yoxlamamışdır.

64. İddia tələbini təmin etməyən birinci instansiya öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı kredit müqaviləsi üzrə borcludur və X9 isə ipoteka qoyan olmaqla, iddiaçı tərəfindən mübahisələndirilən mənzil C.Bəşirova məxsus olduğu üçün, İddiaçı belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır.

65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

67. İddiaçının vəkili həm apellyasiya şikayətində, həm də apellyasiya icraatı zamanı göstərmişdir ki, hərrac barədə ipoteka qoyana məlumat verilməməsi və mənzilin çox aşağı qiymətə bank tərəfindən əldə edilməsi birmənalı olaraq iddiaçının qanunla qorunan maraqlarına toxunur, çünki bu halda iddiaçı həm bank qarşısında borclu olaraq qalmaqda davam edir, eyni zamanda da ipoteka qoyan tərəfindən ipoteka qoyulmuş mənzilin real dəyəri məbləğində reqres tələb üzrə qaçılmaz borcluya çevrilir.

68. Məhkəmə kollegiyası iddiaçı tərəfin həmin mövqeyini əsaslı sayaraq hesab edir ki, keçirilmiş hərracın nəticələri birbaşa əsas borclu olan iddiaçının maddi maraqlarına toxunur və bu baxımdan da o öz maraqlarını qorumaq üçün MPM-in 4.1-ci maddəsinin ikinci cümləsinin göstərişləri (tələbləri) baxımında hərracın nəticələrini mübahisələdimək hüququna malikdir.

69. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

70. Nəzərə almaq lazımdır ki, tenderlərin keçirilməsi prosedurunun sadəcə pozulması faktı göstərilən şəxsin iddiası ilə onları etibarsız hesab etmək üçün kifayət deyil. Belə şəxs o zaman iddiaçı ola bilər ki, o, onun pozulmuş hüquq və ya mənafeləri olduğunu və hərracda bağlanmış müqavilənin etibarsızlığının nəticələrini tətbiq etməklə bərpa oluna biləcəyini sübut etsin.

71. İddiaçı öz hüquqlarının pozulmasını hərracın ipoteka qoyana məlumat verilməməsi və nəticədə alıcı dairəsinin məhdudlaşdırılmaqla keçirilməsi, həm də əmlakın real qiymətindən iki dəfə aşağı qiymətə satılmasında ifadə edir.

72. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

73. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

74. Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.

75. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

76. Hazırkı mülki iş materiallarından məlum olur ki, hərracın keçrilməsi barədə ipoteka qoyana məlumat verilməmişdir.

77. Bununla məlum olur ki, hərrac keçirilməsi ilə bağlı ipoteka qoyana məlumat verilməsi barədə qanunun imperativ göstərişi pozulmuşdur. Hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçı olan əsas borclu və ipoteka qoyanın da əmlak mənafeyi və maraqlarını pozmuşdur.

78. Belə ki, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsinə görə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 (əlli səkkiz min altı yüz əlli) manata "xxxx" QSC-yə satılmışdır (i/v 68).

79. Bundan sonra həmin əmlak xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə İbrahimov Aqil arasında olan alğı-satqı müqaviləsinə görə X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manat 00 (yüz min manat sıfır qəpik) qiymətinə İbrahimov Aqilə satılmışdır (i/v 95).

80. Göründüyü kimi, iddiaçının əmlakın öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması barədə dəlili təsdiq olunur.

81. Qanunun 44-cü maddəsinə görə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

82. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla kecirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

83. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).

84. Bundan başqa rayon məhkəməsində işə baxılarkən ipoteka qoyan, həmçinin mənzilin hazırkı mülkiyyətçisi cəlb edilməmişdir.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

86. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

87. Kollegiya qeyd edir ki, iddia tələbinin xahiş etdi hissəsindən hərrac protokolu və alqı-satqı müqaviləsinin, həmçinin onun əsasında bankın adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məğzindən məlum olur ki, o hərrac protokolu və onun əsasında bankla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

89. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

90. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

91. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarına əməl edilməmiş, işi tam və hərtərəfli araşdırmamış, tədqiq etdiyi sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, şikayətin dəlillərindən asılı olmadan qətnamənin ləğv edilməsi üçün əsas olan prosessual pozuntulara yol verilmiş, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

92. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

94. MPM-in 119-cu maddəsinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (186+50=236) 236 manat dövlət rüsumu cavabdehlər Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilməlidir.

95. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.08 2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (186+50=236) 236 manat dövlət rüsumu cavabdehlər Azərbaycan Respublikası Xammal və X21 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar