Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5283/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(008)-1475/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı ASAN xidmət tərəfindən xx.xx.2020-ci il tarixdə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Pakistan Respublikasının vətəndaşı cavabdeh arasında xx.xx.2020-ci il tarixində 4 saylı ASAN xidmət mərkəzində nikahı qeydə alınmışdır. Aralarında rəsmi nikah bağlansa da heç bir ailə münasibəti, nə kommersiya, nə də ki hər hansı bir əmək fəaliyyəti sahəsində münasibət olmamışdır. Onu tanıdığı dövrdə ona özünü alicənab bir adam kimi göstərmişdir. Gerçək xasiyyətini isə nikahı qeydə alınandan sonra görmüşdür. Nikahı qeydə alındıqdan sonra ona qarşı davranışları dəyişməyə başlamışdır. Onunla yad bir insan kimi rəftar etməyə başlamışdır. Yekunda isə ona yəqin oldu ki, cavabdeh onu aldadıb və o, hislərində yanılmışdır. O, sadəcə olaraq Azərbaycan Respublikasında rəsmi olaraq qalması üçün əsaslar yaratmağa çalışmışdır. Uzun müddətdir onunla heç bir əlaqə qura bilməmişdir. Sonuncu qeydiyyat yeri ilə bağlı məlumatı isə Dövlət Miqrasiya Xidmətinə sorğu verərək almışdır. Bilsə idi ki, cavabdeh ondan sui-istifadə edərək formal ailə qurmaq istəyir, buna qətiyyən razı olmazdı. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(008)- 1475/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, nikah bağlandıqdan dərhal sonra cavabdeh özünün Azərbaycanda qalması üçün onun razılığını almışdır. Məhkəmə araşdırmalı idi, cavabdehin onunla nikaha girməkdə məqsədi Azərbaycanda qalmaq olmuşdur, yoxsa yox. Kollegiya iclasında iddiaçı və vəkili-nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, cavabdeh Azərbaycan Respublikasında rəsmi olaraq qalması niyyəti ilə onunla formal olaraq nikaha daxil olmuşdur. Sonradan yanıldığını anlamışdır, nikaha daxil olduqdan sonra cavabdehlə görüşməmiş, onun zənglərinə cavabdeh cavab verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X1 AZ-İİ 419127 nömrəli, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Riaz X3 ilə İddiaçı arasında 4 saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2020-ci il tarixdə, 1440 nömrə ilə qeyd olunaraq rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Riaz, arvada Riaz soyadı verilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İddiaçı qeyd edilən normaya istinad edərək, cavabdehin onu aldatdığını iddia edərək nikahın etibarsız hesab edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, nikahın etibarsız sayılmasının əsaslarının dairəsi qanunvericliklə konkret müəyyən edilməklə məhdudlaşdırılmışdır. Mülki işin hallarından görünür ki, iddiaçı ilə cavbadeh birgə nikaha girən zaman iddiaçı öz əməlinin hüquqi nəticələri dərk edərək nikaha girmişdir, yalnız tərəflər arasında fikir uyğunsuzluğu olduğundan hal-hazırda iddiaçı nikahın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir, iddiaçının qeyd etdiyi hallar tərəflər arasında bağlanmış nikahın etibarsız olmasına əsas ola bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı ailə qurmaq niyyəti ilə nikaha daxil olsa da, cavabdeh ailə qurmaq niyyəti ilə nikaha daxil olmamış, formal olaraq nikaha daxil olmuş və tərəflər nikaha daxil olduqdan sonra ailə münasibətlərində olmamış, nikahdan sonra görüşməmişlər. İddiaçı yanılma nəticəsində nikaha daxil olmuşdur. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, iddia tələbi təmin edilməklə tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 397, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(008)- 1475/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı ASAN xidmət tərəfindən xx.xx.2020-ci il tarixdə qeydə alınmış (nikahın bağlanması haqqında akt qeydləri kitabında 1440 nömrə ilə qeyd edilmiş) nikah etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5283/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5283/2022
17.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver