Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5285/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsi üzrə ödənilmiş 1500 AZN, universitet ödənişi üçün alınmış 6800 AZN, ona dəymiş zərərin əvəzi olaraq 354.18 AZN məbləğin, ümumilikdə 8654.18 AZN məbləğin, vəkil üçün ödədiyi 320 AZN məbləğin, 108 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2024- cü il tarixdə Müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən İcraçı tərəf (cavabdeh) Kiprdə yerləşən “X5” adlı universitetə onun qəbulu ilə bağlı xidmət göstərməyi və o, isə bunun müqabilində 1500 AZN ödəməyi öhdəsinə götürmüşdür. 4000 ABŞ dolları isə Universitet ödənişi üçün xx.xx.2024 tarixində M10 tətbiqi vasitəsilə cavabdehə köçürdü. Müqavilənin şərtindən də göründüyü kimi İcraçı tərəf (cavabdeh) Kiprdə yerləşən “X5” adlı universitetə onun qəbulu ilə bağlı xidməti icra etməli idi. Lakin oktyabr ayının əvvəllərində ona bildirdilər ki, onun universitetini “Kıbrıs Sağlık və Toplum Bilimleri” Universitetinə dəyişmişdirlər. Lakin bununla bağlı ondan hər hansı razılıq alınmamışdır. Belə olan halda o, müqavilədə nəzərdə tutulan universitetə qəbulu olmadığından, yəni müqavilə cavabdeh tərəfindən düzgün icra edilmədiyindən universitet qəbulunun ləğvini və 4 illik ödənişin geri qaytarılmasını tələb etdi. Onlar ona dəfələrlə bu prosedurun çətin olduğunu və ödənişin onlara qaytarılmasının müəyyən zaman alacağını bildirdilər. Daha sonra o, cavabdehdən universitetə ödənişi təsdiq edən qəbzi tələb etdi və qəbzə baxdıqda gördü ki, cəmi 3000 ABŞ dolları universitetə ödəniş etmişlər. Nəyə görə 3000 ABŞ dolları ödəniş etdiklərini və lakin ondan 4000 ABŞ dolları istədiklərini soruşduqda hər hansı bir cavab verə bilmədilər və tez bir 1000 dollar vəsaiti dərhal qaytarmaq niyyətində olduqlarını bildirdilər. Lakin onun iddia tələbi həm xidmət haqqını təşkil edən 1500 AZN, həm universitet ödənişi üçün ondan alınan 4000 ABŞ dolları, həm bu ödənişləri etmək üçün götürmüş olduğu kredit üzrə zərər məbləğindən ibarətdir. Götürdüyü kreditlə bağlı etdiyi zərər məbləği 354.18 AZN təşkil edir. Belə ki kreditin bu məsələ ilə bağlı xərclənən hissəsinə münasibətdə ödədiyi faizlər bu məbləği təşkil edir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 8300 (səkkiz min üç yüz) manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103 (bir yüz üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi iddia tələbini ödənilmiş təhsil haqqı və xidmət haqqının tutulması hissəsində əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin öhdəlikləri icraçı tərəfindən pozularsa, icraçı zəruri tərcümə, təsdiq və notarius xərcləri xaric olmaqla məsləhət xidmətinə görə alınan məbləğin 100 %-ni geri qaytarmalıdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçı ilə Kipr Elm Universitetinə qəbul edilməsi ilə bağlı xidmətlər göstərilməsi ilə bağlı müqavilə bağlamış, lakin cavabdeh müqaviləfə nəzərdə tutulmuş universitetə deyil, Kipr Aydın Universitetinə qəbul xidmətini həyata keçirmişdir. İş materiallarında olan Kipr Aydın Universiteti tərəfindən Cavabdeh Təhsil Konsultasiya Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı (AA*******) adlı tələbə Edu Max Təhsil Agentliyi vasitəsilə universitetlərinə müraciət etmiş və bununla əlaqədar 4.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daha sonra iddiaçı hərbi komissarlıqdan möhlət verilməməsi ilə bağlı universitetə qəbuldan imtina etmiş və cavabdehdən ödənişin geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh vəsaiti geri qaytarmamış, iddiaçıya universitetlə danışıqlar aparıldığını və vəsitin geri qaytarılacağını vəd etmişdir. Universitetin rəsmi qəbul məktubunda Kıbrıs İlim Universitetinin adı qeyd edilsə də, məktubun üzərindəki QR koda daxil olduqda, tələbənin Kıbrıs Aydın Universitetinə qəbul olunduğunu müəyyən etmək olur. Məhkəmə bu məqamda cavadehin qəbul aldığı təhsil müəssisənin və daha sonra təqdim edilən sənəddə qeyd edilən təhsil müəssisənin eyni olub olmadığını araşdırmamışdır. Bildirmək istəyir ki, X1 Kurulu Başkanlığı Tanıma ve X6 Başkanlığı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, E-16270968-102.02.xx.xx-8507 saylı sənəddən göründüyü kimi KKTC Milli Eğitim Bakanlığının təsdiqi ilə və Yükseköğretim Planlama, Denetleme Akreditasyon və Koordinasyon Kurulunun qərarı ilə Kipr Elm Universitetinin adı dəyişdirilərək X3muşdur.
6. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən və ya məhkəməyə təqdim edilən sənəddə qeyd edilən QR kod ilə araşdırma apararkən işin hallarını tam və obyektiv araşdırmamışdır. Çünki, qətnamənin iddiaçının leyhinə qismən qəbul edilməsinin tək səbəbi məhkəməyə təqdim edilən sənədlərdə təhsil müəssisəsinin adının fəqli olması olmuşdur. Digər hallara diqqət etdikdə görünür ki, iddianın təmin edilməsi üçün heç bir əsaslı səbəb yoxdur.
7. Birinci instansiya məhkəməsində məlumatı olmadığına görə təqdim edə bilmədikləri sənəd təhsil məssisənin adının dəyişdirilməsi ilə bağlı sənəd olmuşdur. Onlar bu halın mövcudluğunu qətnamə qəbul edildikdən sonra bilmişlər və dərhal təhsil müəssisəsindən buna dair subutu əldə etmişlər.
8. Mülki iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Təhsil müəssisəsinə qəbul almışdır və buna dair sənəd məhkəməyə sübut qismində təqdim edilmişdir. Təhsil haqqının ödənməsinə dair sənəd də məhkəməyə təqdim edilmişdir və göstərilməli olan xidmət isə iddiaçıya tam formada göstərilmişdir. Məhkəməyə təqdim etdiyi sübutdan göründüyü kimi təhsil müəssisəsinin adının dəyişməsi isə iddianın təmin edilməsi üçün əsas deyil. Bu səbəbdən də qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi R.Gəncəliyev apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, onlar müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçının istədiyi Universitetdən qəbul almışlar, iddiaçı həmin vaxt xaricə gedə bilməmiş, buna səbəb onun hərbi çağırışla bağlı ölkədən çıxışına qadağa qoyulması olmuşdur. Bununla bağlı, iddiaçı onlardan Universitetlə danışıb gedə bilməməsi səbəbindən qeydiyyat vaxtının uzanmasını xahiş etmiş, onlar da danışmış və vaxt uzadılmışdır. Bundan sonra isə iddiaçı, ümumiyyətlə, gedə bilməyəcəyini bildirmiş, ona görə də ödənişi tələb etmişdir, ona Universitetlə bu məsələni danışa biləcəklərini, əgər Universitet ödənişi qaytarmağa razı olarsa, köməklik ediləcəyi bildirilmiş, Universitet bu məsələyə bir qədər gec cavab vermiş, sonda məlum olmuşdur ki, ödənişin 70%-i yalnız o halda geri qaytarıla bilər ki, bu xarici vətəndaş olan tələbənin Türkiyədə tələbə vizası verilmədiyi, yaxud deportasiya ilə əlaqədar, yəni Türkiyə Respublikasına bağlı səbəbdən xarici tələbənin həmin ölkədə təhsil almaq üçün yaşamağı mümkün olmasa qaytarıla bilər. Hazırkı halda isə tələbə özü getmək istəmir, belə olan halda ödəniş geri qaytarıla bilməz. Universitetin sadəcə adı dəyişmişdir, bu da dövlətdaxili məsələ olmuş, bu barədə sənədləri də alan kimi təqdim etmişlər.
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi, yəni iddiaçının Universitetə qəbulunu almış, iddiaçının qeyd etdiyi ödəniş 4000 ABŞ dolları həmin Universitetə ödənilmişdir. Həmçinin bildirdi ki, tələbənin getməyəcəyi halda Universitetin ödənişi geri qaytarmayacağı qəbul barədə sənədlərdə qeyd edilmiş, bu iddiaçıya məlum olmuşdur. Onların müqavilə üzrə öhdəliyi Universitetə qəbulu təşkil etmək olmuş, bu tapşırıq müqaviləsidir, onlar həmin müqavilədən irəli gələn öhdəliyi icra etmiş, müvafiq sənəd təqdim edərək bildirdi ki, iddiaçı bu gün də gedib Universitetdə təhsil ala bilər, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Sonradan onlara məlum olmuşdur ki, iddiaçı hərbi xidmətlə bağlı məsələsini başqa qaydada həll etmək istəyir, ona görə də iddiaçının həmin universitetə getmək və təhsil almaqda fikri yoxdur.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, keçən il avqust ayında ona qəbul barədə sənəd verilib, həmin vaxt onun xaricə getməsi hərbi çağırışla bağlı ölkədən çıxışına qadağa qoyulması, bu da tibbi müayinələrdən keçməsi ilə əlaqədar olmuşdur. Bununla bağlı, iddiaçı cavabdehdən Universitetlə danışıb gedə bilməməsi səbəbindən qeydiyyat vaxtının uzanmasını xahiş etmiş, onlar da danışmış və vaxt uzadılmışdır. Sonradan getməsi mümkün olmamış, o, hazırda müvafiq müayinələrdən keçir, böyük ehtimalla onun hərbi xidmətə yaralılığı ilə bağlı məsələ müsbət həll ediləcək, demək ki, getməyəcəksə, niyə pul ödəməli olması səbəbindən ödənişin qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəfin Universitetin adını dəyişməsini ona bildirmədiyini bildirdi. Həmçinin cavabdeh tərəfin Universitetin onu bu gün də çağırması barədə sənədi təqdim etməsi ilə bağlı qeyd etdi ki, o, gedə bilmir, başqa planları var. Eyni zamanda iddiaçı hazırda qəbulla bağlı hər hansı maneənin olmadığı halda, qəbul aldığı universitetə getmək istəməməsinin səbəbləri barədə verilən suala cavabında bildirdi ki, hərbi çağırışla bağlı məsələsini həll etmək üzrədir, ona görə də universitetə getmək istəmir.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
13. Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli xaricdə təhsil xidməti üzrə müqaviləsinə əsasən, bu müqavilənin 1.2-ci bəndində göstərilən Kıbrısda yerləşən Kipr Elm Universitetinə (X5) accounting and finance ixtisası üzrə təhsil almaqla bağlı məsləhətçilik xidməti göstərilməsi, universitet qəbulu xidmətini öz üzərinə götürür, sifarişçi isə bu xidmətə görə müqavilədə göstərilən 1500 manat məbləği ödəməyi öz öhdəliyinə götürür.
14. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı yuxanda göstərilmiş Ali Təhsil Müəssəsilərinə müraciət zamanı bütün sənədlərin hazırlanmasına (tərcümə və notarial təsdiq) yardım; göstərilmiş Ali Təhsil Müəssəsilərinə, sənədlərinin göndərilməsinin təmini; WEB sayt və SMS məlumatlandınna xidməti ilə sifarişçinin sifarişinin statusu barədə məlumatlar vermək, İcraçı yuxarıda göstərilmiş Ali Təhsil Müəssisələrinə tələbənin qəbul olması ilə bağlı bütün lazimi xidmətləri öz öhdəsinə götürür.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən, Sifarişçi təhsil haqqını və göstərilmiş məbləği vaxtında ödəməli, təhsil almaq üçün müqavilədə qeyd olunmuş Respublikaya qeydiyyat üçün vaxtında getməli (əgər Universitet şərtlərində varsa) və müsahibədə iştirak etməlidir (əgər Universitet şərtlərində varsa).
16. Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu müqavilənin öhdəlikləri İcraçı tərəfindən pozularsa, İcraçı zəruri tərcümə, təsdiq və notarius xərcləri xaric olmaqla məsləhət xidmətinə görə alman məbləğin 100 %-ni geri qaytarmalıdır. 4.2-ci bəndinə əsasən isə, bu müqavilənin öhdəlikləri Sifarişçi tərəfindən pozularsa, sifarişçi məsləhət xidmətinə görə ödədiyi ödənişi geri götürmək hüququna malik deyil.
17. Kipr Elm Universitetinin CSU.GPHD.99D**********115 nömrəli təklif məktubunun (offer letter) məzmunundan görünür ki, İddiaçı sənədlərini diqqətlə nəzərdən keçirildikdən və qiymətləndirdikdən sonra Kipr Elm Universitetinə X8 (Fəlsəfə Doktoru) (İngilis Dili) proqramına Mühasibat və maliyyə sahəsinə 2024-2025-ci il/payız tədris ilinə 65% təqüdlə qəbul olunduğunu bildirilmişdir. Universitetə gəldikdən sonra ondan X10 Testindən keçmək tələb olunacaq. Proqramdan azad olunmaqla və ya X10 Testindən uğurla keçməklə proqrama davam edəcəkdir. Qəbul məktubunu almaq üçün ondan ilkin ödənişi (1000 ABŞ dolları təqaüdlə təhsil haqqı, 4000 ABŞ dolları təhsil depozitinin) qeyd olunan hesaba köçürməsi tələb edilmişdir. Təhsil depoziti geri qaytarılmır və birinci semestr üçün ümumi ödənişlərə tətbiq olunacaq. Məktubun üzərindəki QR koda daxil olduqda İddiaçı xx.xx.2024-cü il tarixdə Kipr Aydın Universitetinə qəbul olunduğu görünür.
18. “M10” (by PashaPay) xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, +**********98 nömrəli hesabdan +**********11 nömrəli hesaba 6800 manat pul köçürülmüşdür.
19. Kipr Elm Universitetinin xx.xx.2024-cü il tarixli tahsilat makbuzundan görünür ki, 3000 USD (ABŞ dolları) vəsait tələbə İddiaçı tərəfindən universitetin hesabına ödənilmişdir.
20. Ziraat Bankası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli transfer-kassa çıxarışından görünür ki, Seymur Həsənli tərəfindən 3000 ABŞ Dolları vəsait Kipr Elm Universitetinin hesabına köçürülmüşdür.
21. Ziraat Bankası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli transfer-kassa çıxarışından görünür ki, Seymur Həsənli tərəfindən 1000 ABŞ Dolları vəsait Kipr Elm Universitetinin hesabına köçürülmüşdür. Həmin məbləğin qarşısındakı mötərizədə isə 3000 ABŞ dolları qeyd olunmuşdur.
22. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətin məzmunundan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayının 16 -da “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə bildirdiyi kimi, 2024-cü ilin avqust ayının 22-də onlara “M10” (by PashaPay) platforması üzərindən Kiprdə yerləşən “Cyprus Science” universitetində doktorantura üzrə təhsil almaq üçün ödədiyi 4 illik təhsil haqqının-4,000.00 USD (6.800.00 AZN ekvivalentində) və aralarında imzalanan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ödədiyi 1.500 AZN məbləğin geri qaytarılmasının təmin edilməsi tələb edilmişdir.
23. PulPal MMC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna 320 manat məbləğində pul ödənilmişdir.
24. Kipr Aydın Universiteti tərəfindən Cavabdeh Təhsil Konsultasiya Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı (AA*******) adlı tələbə Edu Max Təhsil Agentliyi vasitəsilə universitetlərinə müraciət etmiş və bununla əlaqədar 4.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Tələbəyə rəsmi qəbul məktubu tərtib edilməsinə baxmayaraq şəxsən universitetə gəlib yekun qeydiyyatını sonlandırmamışdır. Universitetin qanunlarına əsasən tələbəyə vizadan imtina və ya deport (deportasiya) kimi vəziyyətlərlə bağlı sənədləşdirmə olmuşdursa həyata keçirilən ödənişin 70%-i geri qaytanla bilər. Bu şərtlər xaricində hər hansı bir məbləğin qaytarılmasından söhbət gedə bilməz. Nəzərə alınması xahiş edilmişdir.
25. “WhatsApp” sosial şəbəkəsi ilə tərəflər arasında olan yazışmalardan müəyyən edilir ki, iddiaçı keçən il avqust ayında müqavilə şərtlərinə uyğun qəbul aldığını bilmiş, sonra hərbi xidmətlə əlaqədar vaxtında Türkiyəyə gedə bilməyəcəyi ilə bağlı cavabdehdən Türkiyədə yerləşən Universitetlə gedişin uzanması ilə bağlı qeydiyyat müddətini uzadılması barədə razılıq alınmasını xahiş etmiş, hətta yataqxana ilə də maraqlanmış, sonra isə Türkiyəyə daha getmək alınmadığı üçün ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir.
26. Cavabdehin təqdim etdiyi məlum olur ki, X9 Təhsil Rəhbərliyi Tanınma və Ekvivalentlik Xidmətləri Departamentinin xx.xx.2025-ci il tarixli məlumatından müəyyən edilir ki, Kipr Elm Universitetinin Kipr Aydın Universiteti adı olaraq dəyişdirilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
30. İddia tələbini təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, mülki iş materiallarında olan Kipr Aydın Universiteti tərəfindən Cavabdeh Təhsil Konsultasiya Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı (AA*******) adlı tələbə Edu Max Təhsil Agentliyi vasitəsilə universitetlərinə müraciət etmiş və bununla əlaqədar 4.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daha sonra iddiaçı hərbi komissarlıqdan möhlət verilməməsi ilə bağlı universitetə qəbuldan imtina etmiş və cavabdehən ödənişin geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh vəsaiti geri qaytarmamış, iddiaçıya universitetlə danışıqlar aparıldığını və vəsitin geri qaytarılacağını vəd etmişdir. Universitetin rəsmi qəbul məktubunda Kıbrıs İlim Universitetinin adı qeyd edilsə də, məktubun üzərindəki QR koda daxil olduqda, tələbənin Kıbrıs Aydın Universitetinə qəbul olunduğunu müəyyən etmək olur.
31. Məhkəmə rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı Türkiyədə yerləşən Kipr Elm Universitetində doktorantura təhsili almaq üçün cavabdehə müraciət etmiş, aralarında bağlanmış müqavilənin 1.2-ci bəndinə görə, cavabdeh iddiaçının həmin universitetə qəbulunu təşkil etməyi öz üzərinə götürmüş, 2024-cü ilin avqust ayında müqavilə şərtlərinə uyğun qəbul barədə sənəd iddiaçıya verilmişdir.
32. Həm iddiaçının izahlarından, həm “WhatsApp” sosial şəbəkəsi ilə tərəflər arasında olan yazışmalardan asanlıqla müəyyən edilir ki, iddiaçı keçən il avqust ayında müqavilə şərtlərinə uyğun qəbul aldığını bilmiş, sonra hərbi xidmətlə əlaqədar vaxtında Türkiyəyə gedə bilməyəcəyi ilə bağlı cavabdehdən Türkiyədə yerləşən Universitetlə gedişin uzanması ilə bağlı qeydiyyat müddətini uzadılması barədə razılıq alınmasını xahiş etmiş, onun bu xahişi təmin olunmuş, hətta yataqxana ilə də maraqlanmış, sonra isə hərbi xidmətlə bağlı vəziyyət dəyişmiş və buna görə də Türkiyəyə getmək istəyi əhəmiyyətsiz olduğundan ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Hətta Məhkəmə iclasında izahatında cavabdeh tərəfin Universitetin onu bu gün də təhsil üçün dəvət etməsi barədə sənədə münasibətdə iddiaçı daha getmək istəmədiyini, başqa planları olduğunu, hərbi çağışla bağlı məsələsinin artıq həll edilmə mərhələsində olduğunu, daha getmək istəmədiyi üçün niyə pul ödəməli olduğunu bildirmişdir.
33. Bundan başqa, rayon məhkəməsi qeyd etmişdir ki, Universitetin rəsmi qəbul məktubunda Kıbrıs İlim Universitetinin adı qeyd edilsə də, məktubun üzərindəki QR koda daxil olduqda, tələbənin Kıbrıs Aydın Universitetinə qəbul olunduğunu müəyyən etmək olur.
34. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin QR koda daxil olduqda, tələbənin Kıbrıs Aydın Universitetinə qəbul olunduğunun görünməsi öz-özlüyündə həmin Universitetlərin eyni olmasını müəyyən etməyə imkan verir. Çünki bir Universitetə aid QR kodla başqa Universitetin məlumatları oxuna bilməzdi. Həmçinin cavabdehin təqdim etdiyi rəsmi sənəddən də məlum olur ki, Türkiyə Respublikası Ali Təhsil Rəhbərliyi Tanınma və Ekvivalentlik Xidmətləri Departamentinin xx.xx.2025-ci il tarixli məlumatından müəyyən edilir ki, Kipr Elm Universitetinin adı Kipr Aydın Universiteti adı dəyişdirilmişdir. Cavabdeh həmin sənədi məhz indiki mərhələdə aldığı üçün onu rayon məhkəməsinə təqdim edə bilmədiyini bildirmişdir.
35. Məhkəmə bir daha nəzərə çatdırır ki, iddiaçının izahatı ilə də müəyyən olunur ki, məhz onun özündən qaynaqlı Universitetə gedə bilməyəcəyi üçün ödənişi və xidmət haqqını tələb edir. Tərəflər arasındakı müqavilənin 1.2-ci bəndinə görə isə, cavabdeh iddiaçının həmin universitetə qəbulunu təşkil etməyi öz üzərinə götürmüş, həmin tapşırıq müqaviləsinə uyğun olaraq cavabdeh öz öhdəliyini icra etmişdir.
36. MM-in 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
37. Universitetin adının dəyişdirilməsinin iddiaçıya bildirilməməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi olmamışdır, onun öhdəliyi Universitetə qəbul almaqdan ibarətdir, o da bu öhdəliyi icra etmişdir, hazırda da universitetin onu qəbul etməyə hazır olması barədə təklifə münasibətdə iddiaçının imtinası da belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı cavabdehə verdiyi tapşırıqda nail olmaq istədiyi məqsəd heç də təhsilini davam etdirmək olmamış, həmin tapşırığa əsasən onun universitetə qəbulunda güdülən əsas məqsəd hərbi çağırışdan möhlət almaq olmuşdur. İddiaçı özü də izahatında artıq bir sıra müayinələrdən keçdiyini və hərbi çağırışdan qalmasına əsas olan rəylərin alınacağını, məhz bu səbəbdən də qəbul aldığı təhsil müəsissəsinə getmək fikrindən daşındığını bildirmişdir.
38. Məhkəmə kollegiyası xatırladır ki, son illərin oxşar mübahisələrinin kişi cinsi ilə bağlı olan işlərin əksər hissəsi bu cür, yəni xarici təhsil müəssisələrinə magistratura və ya doktoranturaya qəbulun alınmasına dair tapşırıqların verilməsində məqsədin məhz hərbi xidmətdən möhlət qazanmaqla bağlı olduğu müəyyən olunur. Göründüyü kimi, bu işdə də vəziyyət eyni olmuşdur.
39. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdehin öz öhdəliyini pozması baş vermədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
40. İddiaçı vəkil üçün ödədiyi 320 AZN məbləği və dəymiş zərər üçün 354 manat ödənilməsini də tələb edir. İddiaçının tələb etdiyi zərər kimi 354 manat Türkiyədə təhsil üçün ödəniş haqqını ödəməsi ilə bağlı kredit götürməsi və ona faiz ödəməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi tam yerinə yetirildiyindən və bu səbəbdən iddia tələbi təmin edilmədiyindən, vəkil xərci və zərər ilə bağlı tələb də təmin edilə bilməz. Nəticə:
41. Göstərilənlərə əsasən, rayon məhkəməsi tərəfindən maddi hüquq normaları və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən düzgün olmayan qətnamə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.
42. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 55 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC-nin ödədiyi 55 (əlli beş) manat dövlət rüsumu İddiaçı cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.