Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5286/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Samir Süleymanovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 mənzilə görə cavabdehdən pul tələb olunub. Həmin mənzillər Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə 1987-də yerləşən 60 və 63 №-li mənzillərdir. 60 №-li mənzilə görə 30.100 manat, 63 №-li mənzilə görə 43.610 manat tələb olunub. Tələb onunla əsaslandırılıb ki, iddiaçı həmin mənzilləri müqavilə əsasında cavabehdən əldə edib, mənzillərin sahəsi müqavilədə göstərilən sahədən azdır, ona görə əskik sahəyə görə ödənilən pul geri qaytarılmalıdır. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Samir Süleymanov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, cavabdeh (satıcı) ilə iddiaçının (alıcının) arasında 2 mənzilə - 60 və 63 №-li mənzillərə dair alqı-satqı müqaviləsi bağlanıb. 60 №-li mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanıb (iş v. 105). Müqavilədə mənzilin ümumi sahəsi 96 kv.m, qiyməti isə 96.000 manat göstərilib. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 71 kv.m göstərilib. Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə görə mənzilin real olaraq ümumi sahəsi 78,6 kv.m təşkil edir. Rəydə daha sonra qeyd olunub ki, mənzildə təmir işləri görülməsi, texniki pasportda nəzərdə tutulmuş arakəsmə divarların sökülməsi, balkonun və lociyanın yaşayış sahəsi kimi istifadə olunması nəticəsində mənzilin ümumi sahəsi 7,6 kv.m artırılıb. 63 №-li mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2006-cı il tarixdə bağlanıb (iş v. 101). Müqavilədə mənzilin ümumi sahəsi 153 kv.m, 1 kv.metrinin qiyməti 200 ABŞ dolları, ümumi qiyməti 30.600 ABŞ dolları göstərilib. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 125.5 kv.m göstərilib. Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə görə mənzilin real olaraq ümumi sahəsi 128,7 kv.m təşkil edir. Rəydə daha sonra qeyd olunub ki, mənzildə təmir işləri görülməsi, texniki pasportda nəzərdə tutulmuş arakəsmə divarların sökülməsi, balkonun və lociyanın yaşayış sahəsi kimi istifadə olunması nəticəsində mənzilin ümumi sahəsi 3.2 kv.m artırılıb. Mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Çünki alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülülür. Müqaviləyə uygunsuzluq əşyanın həm keyfiyyət, həm də kəmiyyət göstəricilərində ifadə oluna bilər. Hazırkı mübahisədə uyğunsuzluq kəmiyyət göstəricilərində ifadə olunub. Mülki Məcəllənin 589.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Məcəllənin 589.2-ci maddəsinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. 60 №-li mənzil iddiaçıya 2016-ci ildə, 63 №-li mənzil isə 2009-cu ildə təhvil verilib. Lakin qüsurla bağlı hazırkı tələb 2 il keçdikdən sonra irəli sürülüb. Mənzil alıcıya təhvil verildikdən sonra o, mənzildə təmir işlərinə başlayıb. Təmir zamanı inşaat materiallarının alınması və ustaya təmir xərcinin ödənilməsi hər kv.metrə görə hesablanır. Ona görə iddiaçı mənzillərin sahəsinin müqavilədə göstəriləndən az olduğunu mənzilin ona təhvil verildiyi zaman bilib. Bu müddət iddia müddəti (pozulmuş hüququn müdafiəsi müddəti) deyil, mülki hüququ (əşyanın qüsurları ilə bağlı hər hansı hərəkəti yerinə yetirməyi tələb etmək hüququnu) xitam edən müddətdir. Belə ki, 589.1-ci maddədəki “tələbləri bu şərtlə irəli sürə bilər ki,...” ifadəsi onu təsdiq edir ki, bu müddət tələbin irəli sürülməsinin şərti kimi çıxış edir, yəni müddət bitibsə tələb irəli sürülə bilməz. Bundan fərqli olaraq, iddia müddəti tələbin irəli sürülməsinin şərti kimi çıxış etmir, iddia müddəti bitdiyi halda da tələb irəli sürülə bilər, lakin pozulmuş hüquq müdafiə olunmur. Odur ki, 2 illik müddət cavabdehin (satıcının) bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Beləliklə, iddiaçının (alıcının) əşyanın (mənzilin) qüsurları ilə bağlı cavabdehə (satıcıya) qarşı tələb irəli sürmək hüququ müddətin keçməsinə görə xitam olunub. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd edib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5286/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5286/2022
02.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver