Məhkəmə qərarları › İş №2(103)-5288/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5288/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5288/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh1 İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 3 saylı mənzilinə dair Cavabdeh2 adına yazılan 10 noyabr 2004-cü il tarixli, 0007 saylı orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 82.3 kv.metr olan 4 otaqlı 3 saylı mənzilinə dair Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən Cavabdeh2 adına yazılan 10 noyabr 2004-cü il tarixli, 0007 saylı orderinin etibarsız hesab edilməsi və Cavabdeh2 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Bayramov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən birlikdə uzun illər işləyən fəhlə və qulluqçulara yeni mənzil nömrəsi verilməsi, yaşadıqları mənzilə dair order verilməsi, paport qeydiyyatına salınmaları və sair qərara alınmışdır. Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 10 noyabr 2004-cü il tarixli, 0007 saylı orderin surətindən görünür ki, Cavabdeh2 və onun dörd nəfərdən ibarət ailə üzvləri Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6 saylı evdə yerləşən ailələr üçün yataqxananın 2-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 82.3 kv.metr olan 4 otaqlı 3 saylı mənzili tutmaq hüququna malikdir. Order Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş 09 noyabr 2004-cü il tarixli qərarına əsasən verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order 10 noyabr 2004-cü tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order 10 noyabr 2004-cü il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli mənzilə order 10 noyabr 2004-cü il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da müəyyən olunur ki, orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən rayon məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası iddia tələbinin Cavabdeh2 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, həmin tələb orderin etibarsızlığı ilə bağlı tələbdən asılı tələb olduğundan həmin tələbin təmin edilməməsi istifadə hüququnun itirilməsi barədə tələbin də təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar