Məhkəmə qərarları › İş №2(103)-5289/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5289/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5289/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-145/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR-İ seriyalı, 455435 №-li etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 etibar edilən "xxxx" MMC-yə 50 il müddətinə etibarnamə vermiş və həmin etibarnamə 05 aprel 2066-cı il tarixədək qüvvədədir. Etibarnamə üzrə verilən səlahiyyətlər: həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar əmlakını idarə və istifadə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair.

2. 11 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X1 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü Ərazi DYNİ-in böyük inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinə göndərilmişdir.

3. Yoxlama zamanı izahatı alınmış X3 göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu Cavabdehla birlikdə yerə düşmüşlər. Hava küləkli olduğundan və avtomobilin qapısı açıq olduğundan alov mühərrik bölməsindən salona keçmişdir. Yanğını söndürmək mümkün olmadığından “101” xidmətinə zəng edərək yanğın barədə xəbər vermişdir. Sözügedən avtomobildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir

4. 05 mart 2020-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Həmin müqavilənin 12.2-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə müddəti ərzində avtomaşın alıcının hesabına sığortalanır (kasko sığorta).

5. 06 noyabr 2020-ci il tarixli, 2974 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən “Hyunda Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29056.57 manata satılmışdır.

6. 06 noyabr 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş, nəqliyyatın vasitəsinin heç bir nasazlığı olmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6882/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 26928.6 manat əsas borc pulun, 3924 manat məbləğində cərimə pulunun, 8000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 31 manat pulun alıcı yəni Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. X4 mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 2737 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Cavabdeh 03 ay müddətində, hər ay üzrə 791 manat ödəniş etdikdən sonra 05 ay müddətində, yəni xx.xx.2020-ci il tarixdən sonra ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh Avtosalona yaxınlaşaraq "xxxx" MMC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək yeni qrafikin açılmasını xahiş etmişdir. Rəhbərlik tərəfindən müsbət cavab aldıqdan sonra cavabdehə yeni qrafik açılmış və "xxxx" MMC ilə Cavabdeh arasında yeni, xx.xx.2020-ci il tarixli, 2974 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Nisyə alqı-satqı müqaviləsi ilə “Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 ay müddətinə, hər ay 969 manat olmaqla, 29056.57 manata satılmışdır. Lakin Cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 2974 saylı nisyə alqısatqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 969 manat, xx.xx.2021-ci il tarixdə 607 manat ödəniş edərək, cəmi 1576 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 27480.57 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2020-ci il tarixli, 2974 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 160 gün istifadə edərək təhvil verilmədiyindən gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə (500 x 50 = 25000) haqqı hesablanmaqla 8000 manat məbləğində icarə pulu hesablanmışdır. Bu müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh ”Hyundai Santafe” minik markalı, 2010-cu il buraxılış, universal tipli, KMHSH81UBAU587777 şassi nömrəli, gümüşü rəngli, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 160 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 969 manat pul ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3924 manat məbləğində cərimə pulu hesablanmmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır. xx.xx.2020-ci il tarixli, 2974 saylı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabdeh tərəflər razıdırlar.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-145/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 26928.6 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 50%-i, yəni 15 manat Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh avtomobilin verilməsi və cavabdeh tərəfindən müqaviləyə əsasən ödənilməli pul məbləğinin ödənilməməsi mülki işdə olan sübutlarla təsdiq edildiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtərinə görə cavabdeh avtomobili kasko növündə sığorta etdirməli olduğu halda, həmin öhdəliyi icra etmədiyinə görə avtomobilə dəyən zərər üçün məsuliyyət daşıdığından, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi cərimə və icarə haqqının ödənilməsi hissəsində sübutlarla əsaslandırılmadığından həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 404.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 601.1, 602.1, 600.4, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı "xxxx" MMC onu aldatmış və 1500 manat pulunu almışdır ki, avtomobili kasko sığorta etdirəcəklər. Lakin avtomobili kasko sığorta etdirməmişlər. Bunun müqabilində ondan aldıqları pulu da qaytarmamışlar. Əslində hazırda bu işdə iddiaçı "xxxx" MMC-nin məsuliyyətsizliyindən maddi ziyana düşmüşdür. Aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 2974 saylı əşyanın nisyə alqı-saqısı haqqında müqavilənin 12.2-ci bəndində görə bu müqavilə müddəti ərzində avtomaşın alıcının hesabına sığortalanır (kasko sığorta). Avtomobilin kasko sığortalanması onun üzərimə düşsə də, iddiaçı onu aldatmış, pulunu mənimsəmişdir. Əgər müqavilə üzrə kasko sığorta etmək onun üzərinə düşürdüsə, bəs o zaman niyə kasko sığortası üçün ondan 1500 manat pul alınıb. Məhkəmə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən belə qənaətə gəlsə də, hesab edir ki, işin faktiki hallarını araşdırmadığından və işə düzgün qiymət vermədiyindən əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 152.10-cu maddəsinə görə əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X1 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü Ərazi DYNİ-in böyük inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq idarəsinə göndərilmişdir. Yoxlama zamanı izahatı alınmış X3 göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlıminik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu Cavabdehla birlikdə yerə düşmüşlər. Hava küləkli olduğundan və avtomobilin qapısı açıq olduğundan alov mühərrik bölməsindən salona keçmişdir. Yanğını söndürmək mümkün olmadığından “101” xidmətinə zəng edərək yanğın barədə xəbər vermişdir. Sözügedən avtomobildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasırədd edilmişdir. Göründüyü kimi avtomobil təsadüfən məhv olub və buna görə məsuliyyət daşımıram. Həmçininin iddiaçının təqsirindən avtomobil kasko sığorta olunmayıb. Hesab edir ki, məhkəmə bu hallara düzgün qiymət verməyib. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, izahatına əlavə olaraq bildirdi ki, cavabdehə verilmiş avtomobil qısaqapanma nəticəsində yanmışdır. Hazırda avtomobilin tam məhv olması işin mübahisəsiz hallarındandır. Cavabdeh isə müqaviləyə əsasən öz vəzifələrinin icrasını həyata keçirməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, 31 avqust 2022-ci il tarixdə cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınması xahiş edilmiş və vəkilin müraciəti nəzərə alınmaqla məhkəmə iclası təxirə salınsa da cavabdehin vəkili yenidən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinin mənasına görə isə, delikt nəticəsində şəxsə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsində əsaslandırması ilə razılaşmasa da, yekunda yoxlanılan hissədə düzgün nəticəyə gəldiyindən qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

27. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 05 mart 2020-ci il tarixli, 2737 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6900 manat, 36 ay müddətinə, hər ay 791 manat ödəniş etməklə, 35341.60 manata satılmışdır. Daha sonra Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 06 noyabr 2020-ci il tarixli, 2974 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqaviləyə əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili 30 ay müddətinə, hər ay 969 manat olmaqla 29056.57 manata satılmışdır. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Təhvil-təslim akta əsasən “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş, nəqliyyatın vasitəsinin heç bir nasazlığı olmamışdır. Eyni zamanda 11 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda İddiaçı MMC-yə məxsus X1 idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü Ərazi DYNİ-in böyük inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinə göndərilmişdir. Yoxlama zamanı izahatı alınmış X3 göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu Cavabdehla birlikdə yerə düşmüşlər. Hava küləkli olduğundan və avtomobilin qapısı açıq olduğundan alov mühərrik bölməsindən salona keçmişdir. Yanğını söndürmək mümkün olmadığından “101” xidmətinə zəng edərək yanğın barədə xəbər vermişdir. Sözügedən avtomobildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh isə həmin puldan qismən ödəniş etsə də, 26928.6 manat borcu hazırki günədək iddiaçıya geri qaytarmamışdır.

28. Göründüyü kimi “Hyundai Santafe” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh təhvil verilmiş və həmin avtomobil sonuncunun istifadəsində olmuşdur.

29. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, adıçəkilən avtomobil Cavabdeh istifadəsində olan zaman yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür.

30. Bundan başqa cavabdeh apellyasiya şikayətində avtomobilin təsadüfən məhv olması və buna görə də məsuliyyət daşımadığını və avtomobilin məhz iddiaçının təqsirindən kasko sığortalanmayıb ki, Mülki Məcəllənin 152.10-cu maddəsinə əsasən əmlak təsadüfən məhv olması və ya zədələnməsi riski məcəllədə və müqavilədə başqa hal nəzərdə tutulmayıbsa mülkiyyətçinin üzərinə düşməsini bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, avtomobil faktiki olaraq Cavabdeh istifadəsinə verildiyindən və avtomobildən istfadəni məhz Cavabdeh həyata keçirtdiyinən apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

31. Bununla belə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, avomobil Cavabdeh istifadəsində olan zaman yanaraq məhv olduğundan hazırda nisyə alqı-satqı müqaviləsinin qaydaları deyil, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir.

32. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırda da cavabdehin istifadəsində olan avtomobil yanaraq məhv olmuşdur və iddiaçıya zərər vurulmuşdur.

33. Həmçinin qeyd edilməlidir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan da hazırda iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi məhz iddiaçının üzərinə qoyulmalıdır.

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuş və qətnamə formal mülahizələrə görə ləğv edilə bilməz, bununla yanaşı birinci instansiya məhkəməsi qətnaməsində səhv əsaslandırma apardığından, iddia tələbinin təmin edilən hissəsində mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-145/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar