Məhkəmə qərarları › İş №2(103)-5294/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5294/2020

07.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5294/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh1 İKB ASC-nin nümayəndəsi X4, Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 İKB ASC və ”Cavabdeh2” İstehsalat Məmulatları MMC-yə qarşı (Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “zəbt edilmiş torpaq sahəsinin qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpası” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3983/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən Bələdiyyəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə onlara ayrılmış 600 kv.m və 200 kv.m torpaq sahələrinin geri alınması və həmin torpaq sahələrinin üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanında mülkiyyətində olan 0.26432 ha torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950.9 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixində AR Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2007-ci il tarixində Cavabdeh1 X1 ilə 1853/99/01 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən qeyd olunan əmlak kompleksi 84 ay müddətində ipoteka ilə yüklü edilmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 2(103)-15524/2011 saylı qətnaməsinə əsasən tutmanın yönəldildiyi yalnız Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0.26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi AR Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alnımışdır. Tutmanın yönəldiyi digər əmlaklar isə rəsmi dövlət qeydiyyatına alınmamış və Cavabdeh1 İnvestisiya və Kommersiya Bankı ilə 1853/99/01 saylı kredit müqaviləsinə əsasən yalnız qeyd olunan əmlak kompleksi ( Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0.26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950,9 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. Beləliklə məlikəmə qətnaməsi ilə tutma yalnız DƏDRX-də qeydiyyata alınmış əmlaka yönəlmişdir. Buna baxmayaraq, cavabdehlər qanuni əsaslarla xx xxxxxx 2007-ci il tarixində Binəqədi Rayon Xocahəsən Bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahələrini qanunsuz əldə etmişlər. Onların bu hərəkətləri torpaq sahələrindən istifadə hüquqlarını məhdudlaşdırmış və dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq torpaq sahələrini boşaltmaqdan imtina etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3983/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 İKB ASC-yə və ”Cavabdeh2” İstehsalat Məmulatları MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpası” tələbinə tələbinə dair iddiası rədd edilərək, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-3983/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanında mülkiyyətdə olan 0.26432 ha torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950.9 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2007-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Öhdəliklərin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2007-ci il tarixində Cavabdeh1 X1 ilə 1853/99/01 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən qeyd olunan əmlak kompleksi 84 ay müddətində ipoteka ilə yüklü edilmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 2(103)- 15524/2011 saylı qətnaməsinə əsasən tutmanın yönəldildiyi yalnız Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0.26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950.9 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi AR Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Tutmanın yönəldiyi digər əmlaklar isə rəsmi dövlət qeydiyyatına alınmamış və Cavabdeh1 İnvestisiya və Kommersiya Bankı ilə 1853/99/01 saylı kredit müqaviləsinə əsasən yalnız qeyd olunan əmlak kompleksi (Binəqədi rayon, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanı ünvanında yerləşən 0.26432 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1267.1 kv.m ümumi, 950.9 kv.m əsas, 316.2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi) ipoteka ilə yüklü edilmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə tutma yalnız DƏDRX-də qeydiyyata alınmış əmlaka yönəlmişdir. Buna baxmayaraq cavabdehlər qanuni əsaslarla xx xxxxxx 2007-ci il tarixində Binəqədi Rayon Xocahəsən Bələdiyyəsi tərəfindən bizə ayrılmış torpaq sahələrini qanunsuz əldə etmişlər. Onların bu hərəkətləri torpaq sahələrindən istifadə hüquqlarını məhdudlaşdırmış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq torpaq sahələrini boşaltmaqdan imtina edilmişdir. Mövcud iş üzrə, Ekspertiza təyin edilsə də, ekspert düzgün müəyyənləşdirmə həyata keçirməmişdir. iddiaçılar apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 76.1, 385.1.2, 217, 13.4-cü maddələrinə istinad etmişlər. Kollegiya iclasında iştirak edən Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 İKB ASC-nin nümayəndəsi D.Əliyeva apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçılara və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçıların və üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31/48 və 31/49 saylı, xx.xx.2007-ci il tarixli Binəqədi rayon Xocasən bələdiyyəsinin qərarlarından görünür ki, torpaqların alqı-satqısına dair aktlara əsasən Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 600 kv.m., İddiaçı2 isə 200 kv.m. torpaq sahəsi əldə etmişdir. İş materiallarında olan MH sariyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri körpüsünün yanında olan 0,26432 ha torpaq sahəsində yerləşən 1.267,1 kv.m. ümumi, 950,9 kv.m. əsas, 316,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə İddiaçı1 mülkiyyətində olmuşdur. 02/2016/DML saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, “xxxxx” İKB ASC ilə Cavabdeh2 İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən qeyd edilən əmlak Cavabdeh1 İKB ASC tərəfindən 144 ay müddətinə Cavabdeh2 İstehsalat Məmulatları MMC-yə lizinqə verilmişdir. Hazırda Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin istifadə və sahibliyindədir. 17364 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 31/48 nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 200 kv.m. və Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 31/49 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 600 kv.m torpaq sahələrinin sxemlərində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, həmin torpaq sahələrinin Cavabdeh2 İstehsalat məmulatları MMC-nin mülkiyyətində olan və və dövlət reyestrində 2 nömrəli reystr kitabının 227 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1C saylı Əmlak kompleksinin sahəsinə daxil olub-olmamasını (ərazidə yerləşib-yerləşməməsini) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddia tələbinin “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” hissəsinə münasibət bildirərkən birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə aparılmış ekspert tədqiqatı ilə də iddiaçılara məxsus olan torpaq sahələrinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Kollegiya iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münsibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahələrinin faktiki olaraq deyil, sənəd üzrə mövcud olması, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarına əlavə edilmiş sxem-cizgi sənədlərinə istinadən iddiaçıların onlara məxsus olan torpaq sahələrinin yerləşdiyi yer kimi göstərdikləri ərazinin (Bakı-Şamaxı yoluna yaxın hissədə) Cavabdeh1 İKB ASC-nin mülkiyyətində olan yerin sahəsi ilə üst-üstə düşməsi səbəbindən həmin sahənin cavabdehlər tərəfindən zəbt olunmuş sahə kimi qəbul edilə bilməməsinə dair gəldiyi nəticə əsaslı olmuşdur. Belə olan halda, Cavabdeh1 İKB ASC-nin həmin sahəyə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, iddiaçılar həmin torpaq sahəsini cavabdehlərdən tələb edə bilməzlər. Bundan əlavə, iş materiallarından, ekspert rəyindən və məhkəmə araşdırmasıın nəticələrindən də görünür ki, Cavabdeh2 İstehsalat Məmulatları MMC tərəfindən ona lizinqə verilmiş və Cavabdeh1 İKB ASC-nin mülkiyyətində olan Əmlak kompleksinin sahəsindən kənara çıxması və onun sahəsindən daha artıq sahəyə sahiblik və ondan istifadə etməsi halı aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Çünki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin qərarına əlavə edilmiş sxem-cizgi sənədlərinə əsasən, iddiaçıların mübahisələndirdiyi torpaq sahələrinın sənəd üzrə Cavabdeh2 İstehsalat Məmulatları MMC-nin istifadə və sahibliyində olan Əmlak kompleksinin Bakı-Şamaxı yoluna yaxın olan tərəfdə deyil, əksinə arxasında yerləşməsi subyektiv hüquq baxımından bu sahələrin cavabdehlərə münasibətdə mübahisələndirilməsini istisna edir. İddia tələbinin “sahiblik və istifadə hüquqlarının bərpası” hissəsinə gəldikdə isə, iddia üzrə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbi əsas tələb olduğundan “sahiblik və istifadə hüquqlarının bərpası” ona münasibətdə törəmə tələb hesab olunmalıdır. Belə olan halda, bu hissənin təmin-olunub olunmaması bilavasitə “zəbt edilmiş torpaq sahəsinin qaytarılması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, Kollegiya həmin tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qauni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3983/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar