Məhkəmə qərarları › İş №2(103)-5294/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5294/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5294/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-367/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbinin dəqiqləşdirərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən tikilmiş 2 otağın və köməkçi sahələrin (ümumlikdə 39,85 kv.m sahəyə malik) 15.000 manat dəyərində qiymətləndirilərək həmin məbləğin kompensasiyası kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1969-cu il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır və bütün kommunal xərclər onun adınadır. İddiaçı yaxın qohumu (mərhum qaynının oğlu) olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 kömək məqsədilə müvəqqəti olaraq ünvan 2 ünvanına qeydiyyata salmış və orada yaşamalarına icazə vermişdir. Ancaq, 2021-ci ilin ortalarından etibarən sözügedən cavabdehlər İddiaçı qarşı şiddət tətbiq edərək, döyərək və ağır təhqiramiz ifadələrlə qanunsuz şəkildə yaşadığı həmin mənzildən uzaqlaşdırmışlar. Hal-hazırda vmənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X7 İddiaçı mənzildən istifadə hüququna və mənzilə daxil olmağına qanunsuz maneələr yaradırlar. Bununla bağlı, Yasamal RPİ 29-cu Polis bölməsində araşdırma aparılıb və hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata alınıb. Onların iddiaçıya qoyduğu maneələrin qadağan edilməsi və iddiaçının həmin evə köçürülməsinə dair Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)- 1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə elan edilmişdir. Bütün qeyd edilənlər 1969-cu ildən bu günə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik edən, faktiki mülkiyyətçisi olan X1 cavabdehlər tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına əsas və cavabdehlərlə bir mənzildə yaşamasına maneə olan faktlardır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələrin aradan qaldırılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5294/2024 saylı, 16 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun tərəfindən evdə artırma işləri həyata keçirilmişdir. Mənzilə ondan xəbərsiz iddiaçının qızı və qardaşı qızı qeydiyyata düşmüşdür. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş və ona demişlər ki, texniki səhv baş verib. Evin açarı iddiaçıdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı və nümayəndəsi-vəkili məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsivəkili Vəkil məhkəməyəyə ərizə ünvanlayaraq həmin tarixdə başqa məhkəmə iclasının olması səbəbindən prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən nümayəndə-vəkilnin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (ərizəyə əlavə edilmiş digər proseslərin vaxtları üstüstə düşmür və həmin işlərdə vəkil olması müəyyən olunmur və bu barədə müvafiq sənəd əlavə edilməmişdir), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə qətnamə ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik, mülkiyyət hüququnun tanınması, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 5000 manat olmaqla, cəmi 20000 manat kompensasiya ödənilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2736/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda baxılan iş üzrə iddianın əsası kimi mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(004)-337/2023 saylı qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ və ya bundan irəli gələn hər hansı digər hüququnun olmaması səbəbindən hazırki iddianı irəli sürməsi əsassız hesab edilmişdir. Kollegiya qeyd edir ki, həmin qərarın əsaslandırıcı hissəsində mübahisəli tikili ilə bağlı tərəflər arasında yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə olunmasının istisna edilmədiyi göstərilsə də, həm sözügedən qətnamə ilə bağlı iddia tələbində, həm də hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb eyni mahiyyət və əsasdan irəli gəlmiş, sadəcə cavabdehlərə ödənilməsi nəzərdə tutulan kompensasiyanın məbləğində dəyişiklik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz. Göründüyü kimi, hazırki iddia tələbinə münasibətdə də sadəcə kompensasiya məbləğinin dəyişdirilməsi ilə verilmiş iddianın yeni bir subyektiv tələb kimi qəbul olunması yolverilməzdir. Çünki hazırki işin predmetini istifadə hüquqlarına xitam verilmə təşkil edir ki, buna da analoji məhkəmə qərarları ilə artıq hüquqi qiymət verilmişdir. Kompensasiya məbləğinin dəyişdirilməsi və bu kimi məsələlər cari işin yeni bir tələb kimi qəbul edilməsinə dəlalət edə bilməz. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin məqsədlərinə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-367/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar