Məhkəmə qərarları › İş №2(103)-5295/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5295/2020

07.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5295/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X14, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı övladları X11 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsini, Cavabdeh, azyaşlı övladları X11 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını, eyni zamanda məhkəmədən həmin qətnamənin cavabdeh - Cavabdeh və onun azyaşlı övladları X11 və X7 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MH, 103790 nömrəli, xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Cavabdeh Qəmbərova X2 Yaqub Kəbiroviç ilə rəsmi nikahları xx xxxxx 2007-ci ildə Səadət Sarayında qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı övladları var. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1186/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi İlə X12 ilə Cavabdeh arasında xx xxxxx 2007-ci ildə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 824 saylı nikah qeydinin ləğv edilməsi, 04.02,2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 Cavabdeh himayəsində saxlanması, X6 X8 və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat aliment, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 müalicələri və digər xərcləri ilə bağlı 130 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda mülkiyyətində olan həmin evdə iradəsindən kənar Cavabdeh və azyaşlı övladları X11 və X13 rəsmi şəkildə yaşayış yeri üzrə qeydiyyatdadır. Adı çəkilən şəxslərin evdə qeydiyyatda olmasını tamamilə qeyriqanuni hesab edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında AR qanunun 5-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mütləqdir. Lakin evin mülkiyyətçisi o, olmağına baxmayaraq həmin şəxslərin evdə qeydiyyata düşmələri üçün nə yazılı, nə də ki, şifahi razılıq verməmişdir. Və ya bu şəxslərin heç birinin evdən istifadə hüququ olması barədə məhkəmə qərarı yoxdur. Yəni ki, yuxarıda adı qeyd edilən və onun evində hal-hazırda qeydiyyatda olan şəxslərin heç birinin evdən istifadə hüququ yoxdur və evə qeydiyyatları əsassızdır. Bu şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları onun öz mülkiyyət hüququmun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, maneələr törədir. Cavabdeh Z.Qəmbərovnaya oğlu Y.Qəmbərovla nikah dövründə müvəqqəti öz mənzilində yaşamalarına razılıq vermişdir. Belə ki, onlar özlərinə ev alanda onun mənzilindən ailəvi olaraq əşyaları ilə birlikdə çıxmaları barədə razılığa gəlmişlər. Lakin sonra ona məlum olmuşdur ki, cavabdeh öz övladları ilə onun mülkiyyətində olan mənzilə razılığı olmadan qeydiyyata düşmüşlər. Belə olan halda onların aralarında olan münasibət 2007-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Cavabdeh oğlu ilə nikaha daxıl olmamışdan əvvəl öz valideynlərinin mülkiyyətində olan evdə qeydiyyatda olmuş və onun mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi tamamilə onun, yəni mülkiyyətçinin iradəsindən kənarda baş vermişdir, ümumiyyətlə xəbəri olmamışdır və hal-hazırda onun mülkiyyətində olan mənzildə rəsmi olaraq qeydiyyatda olması sadəcə formal xarakter daşıyır və əsassız olaraq onun öz mənzilinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, mülkiyyət hüququnun məzmunu mülkiyyətində olan əşyadan həm istifadəni, həm də onun üzrərində müstəqil sürətdə sərəncam verməyi nəzərdə tutur. Bu halda isə, onun evində digər şəxslərin əsassız olaraq qeydiyyatda qalmaları həmin əmlaka müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır, bununla da Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququnun tam və azad həyata keçirilməsinə maneə törədir. Göründüyü cavabdehlər icazəsiz və mülkiyyətçinin iradəsi ziddinə onun mənzilinə daxil olmuş, qeydiyyata düşmüşdür və cavabdehlərin mənzildən istifadə hüquqları yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh, azyaşlı övladları X11 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsini, Cavabdeh, azyaşlı övladları X11 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını, eyni zamanda məhkəmədən həmin qətnamənin cavabdeh - Cavabdeh və onun azyaşlı övladları X11 və X7 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh, azyaşlı övladları X11 və X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilsin və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin 2(006)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərir ki, hal-hazırda mülkiyyətində olan həmin evdə iradəsindən kənar Cavabdeh və azyaşlı övladları X11 və X13 rəsmi səkildə yaşayış veri üzrə qeydiyyatdadır. Adı çəkilən şəxslərin evdə qeydiyyatda olması tamamilə qeyri-qanunidir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mütləqdir. Lakin evin mülkiyyətçisi o, olmağına baxmayaraq həmin şəxslərin evdə qeydiyyata düşmələri üçün nə yazılı, nə də ki şifahi razılıq verməmişdir və ya bu şəxslərin heç birinin evdən istifadə hüququ olması barədə məhkəmə qərarı yoxdur. Yəni ki, yuxarıda adı qeyd edilən və onun evində hal-hazırda qeydiyyatda olan şəxslərin heç birinin evdən istifadə hüququ yoxdur və evə qeydiyyatları əsassızdır. Halbuki Cavabdeh həmin mənzilə qayınatası, yəni İddiaçı razılığı və Bakı şəhəri Nəsimi RPİ-nin pasport xidmətində iddiaçının şəxsən iştirakı ilə xx xxxxxxx 2007-ci il tarixdə qeydiyyata düşmüşdür. Yəni cavabdeh, iddiaçının iradəsinin könüllü ifadəsi olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Həmin vaxtdan 12 ildən artıq müddət keçmişdir və həmin müddət ərzində onlar adıçəkilən mənzildə yaşamışlar. Bu gün isə iddiaçı cavabdehin onun mənzilinə qanunsuz olaraq qeydiyyata düşməsi və mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırır. MM-nin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Yəni Cavabdeh keçmiş əri X12 iddiaçının ailə üzvü olduğu üçün öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək hüququna malik idi. Deməli, Cavabdeh uşaqları X11 və X13 həmin mənzilə qanuni əsaslarla qeydiyyata alınmışlar və onların həmin mənzildən çıxarılmasından söhbət belə gedə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Cavabdeh X9 Kəbiroviç ilə xx xxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx xxxxxxx 2007-ci il tarixdə isə qayınatası, yəni İddiaçı razılığı və şəxsən iştirakı ilə Bakı şəhəri Nəsimi RPİ-nin pasport xidmətində həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı Laçmdoviç ya mənzilin mülkiyyət sənədini polis orqanına təqdim etmiş, ya da ərizə vermişdir. Ona görə ki, belə olmadığı təqdirdə polis orqanı heç vaxt cavabdehi hamin mənzildə qeydiyyata götürməzdi. Bundan başqa İddiaçı Cavabdeh on iki ildən artıq müddət ərzində ona məxsus mənzildən istifadə etməsini və həmin mənzildə qeydiyyatda olmasını heç zaman mübahisələndirməmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianin rədd edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1959cu il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 17, mənzil 6 ünvanında qeydiyyatdadır. Eyni zamanda xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.31984-cü il təvəllüdlü Cavabdeh, xx.xx.1959-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.1982-ci il təvəllüdlü X12 də qeyd edilən ünvanda qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1186/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə X12 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Səadət Sarayında bağlanmış nikah pozulmuş və akt qeydləri kitabında 824 nömrə ilə qeydə alınmış nikah qeydi ləğv edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 Cavabdeh himayəsində saxlanılmışlar. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 17, mənzil 6 saylı ünvana qeydiyyata düşməsinə dair əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli, Q36- 001-15 nömrəli Qərara əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixinə olan məlumata əsasən İddiaçı Laçin oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, 17 saylı evin 6 saylı mənzilinə dair dövlət reyestrində, hər hansı razılaşma (müqavilə) əsasında bir qeyd, məhdudiyyət və ya yüklülük aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan (i.v. 59) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 17, 6 saylı mənzil xx.xx.1997-ci il tarixdə ilkin olaraq İddiaçı Laçin oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. İşin mübahisələndirilmiyən hallarına görə, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, 17 saylı evin 6 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının oğlu ilə xx xxxxx 2007-ci ildə nikaha daxil olaraq iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, 17 saylı evin 6 saylı mənzilinə köçməklə yaşamağa başlamış, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 adında uşaqları anadan olmuşdur. Cavabdeh iddiaçının oğlu X12 ilə aralarındakı nikahın Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmasına baxmayaraq hazırda da mübahisəli mənzildə yaşamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Odur ki, tərəflər xx xxxxx 2007-ci ildə nikaha daxil olduğundan hüquq münasibəri həmin tarixdən yaranmış hesab olunur və bu hüquq münasibətinə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarına əsasən, Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.” Kollegiya hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, cavabdeh hazırki iddiaçının digər ailə üzvü olduğundan, mübahisəli mənzildə qeydiyyatda olsa da, o, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Yəni, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu (i.v. 65) da təsdiq edir ki, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehin mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığının olması və cavabdehin həmin mənzildə bir müddət yaşamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu razılıq və faktiki yaşama cavabdehə sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə əsaəsn, notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Odur ki, kollegiya cavabdehin mübahisəli mənzildə qeydiyyatda olsa da, onun həmin mənzilə istifadə hüququnun yaranmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya iddia tələbinin mənzildən çıxarılma ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün əmlakın mülkiyyətçisi olmalıdır, həmin əmlaka faktiki sahiblikdən məhrum olmalıdır, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar