Məhkəmə qərarları › İş №2(103)-5296/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5296/2022

03.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5296/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5296/2022 (Açar sözlər: mənzildən çıxarılma) Bakı şəhəri 03 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2(008)- 1262/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının adına evə dair aşağıdakı sənəd mövcuddur - Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat.

2. İddiaçı eyni zamanda arvadı X2 adına olan Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənəd təqdim etmişdir.

3. Həmin sənəddə abunə kodu **********20007, ünvan 1 Zabrat, Axundov, ev 0002, mənzil 0007, xx.xx.2009-cu il tarixdə dəyişdirilmiş sayğacın №-si A440718879M101773 qeyd edilmişdir. Həmin sənəddən görünür ki, sayğacın 1279 olan göstəricisi xx.xx.2015-ci ildən sonuna qədər dəyişməmişdir. Sayğacın sonuncu göstəricisi xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir.

4. Cavabdehin adına mübahisəli evə dair xx.xx.2021-ci il tarixdə 3560 №-li qeydiyyat nömrəsi, tikintinin koordinatları, əmlak verigisi ödəyicisinə dair 1810119HJJTF kodu verilmişdir.

5. Cavabdehin oğlu X4 adına: "xxxx" QSC tərəfindən 44/TŞ-082234/Z-1 №-0li izahat və cizgilər tərtib edilmiş;

6. Azərişıq ASC-də abunə kodu **********00001, sayğac nömrəsi 21353732M335408, quraşdırılma tarixi xx.xx.2021-ci il göstərilən abunə haqqında sənəd verilmişdir.

7. Azəriqaz İB tərəfidən **********00063 №-li kodla xx.xx.2021-cxi il tarixdə qeydiyyata alınmasına dair abonentin saldosu verilmişdir.

8. "xxxx" ASC tərəfindən 44231358 №-li abonent kodu verilmişdir.

9. Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 №-li məktuba əsasən İddiaçı və Quliyeva (Cəfərova) Zərifə İslam qızının adına qeydiyyatdan keçməsi və onların əmlak ödəyəcisi kimi qeydiyyatda olmaları barədə Zabrat Bələdiyyəsində heç bir məlumat yoxdur.

10. 30 iyun 2021-ci il tarixli, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, vətəndaş Cavabdeh izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsini 17000 (on yeddi min) manat müqabilində almış və həmin vaxt torpaq sahəsini satan şəxs heç bir sənəd təqdim etməmişdir. Həmin vaxt torpaq sahəsinin içərisində yarımtiki olmuşdur. Təxminən bir ildir ki, o, həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış, ora hasar çəkib darvaza qoymuşdur. Evin tikintisinə baçlamış və həmin müddət ərzində ona heç bir müraciət olmamışdır. Həmin torpaq sahəsinə aid bələdiyyədən verilmiş şəhadətnamə vardır və həmin sənədin surətini təhqiqata təqdim etmişdir.

11. Azərbaycan Vətən Müharibəsi X7 tərəfindən verilmiş 83585 saylə Vəsiqənin surətindən görünür ki, Məmmədov X11 üzvüdür.

12. Əlavə olunmuş fotoşəkillərdən görünür ki, mübahisəli tikilinin qapısı və pəncərəsi mövcud deyildir və qarşısında “satılır” yazılmışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan, 62 kv metr sahədən ibarət fərdi yaşıyış evini xx.xx.2004-cü ildə X1 3500 ABŞ dolları qarşılığında almış və ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Ev 1997-ci ildə inşa edilmişdir. Zabrat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 67 №-li məktubuna əsasən Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabit verilmişdir. Evin abunə elektrik kodu iddiaçının arvadı X2 adına çəkilmişdir. İddiaçı işi ilə əlaqıdar Rusiya Federasiyasına getmiş və evi qaynı X8 tapşırmışdır. Quliyev Əsgər də arada Rusiyaya ledib gəlirdi. O, 2021-ci ilin iyun ayında evə gedərkən, evin cavabdeh tərəfindən zəbt edildiyini öyrənmişdir.

15. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Həmin etiraza əsasən cavabdeh özbaşına tiikli evi zəbt etməmiş, təxminən 2010-cu ildə iddiaçıya 17000 manat verib almışdır. Həmin evin qabağında hətta «satılır» yazılmışdır. Evi almamışdan əvvəl şəkillərini çəkmişdir. İddiaçı ona evin qanuni sənədinin olmadığını demişdir. Həmin zaman evin təmiri, pəncərəsi, qapısı, döşəməsi, tavanı, darvazası, daş hasarı yox idi. Cavabdeh 5-6 il əvvəl evdə əsaslı təmir tikinti işləri aparmış – pəncərə, dəmir barmaqlıqlar, dəmir qapı, plastik pəncərələr, dəmir darvaza, döşəməyə taxta millər qoymuş, evin qabağında 5x10 metr ölçüdə daşdan zal tikmiş, bunların hamısına təxminən 25000 manat vəsait xərcləmişdir. Lakin, ev hələ də təmir işləri davam edir. Öz vəsaitinə kanalizasiya, su, qaz çəkdirmiş, əvvəl öz adına , sonra isə oğlu X3 adına qeydiyyata saldırmışdır. Hər il evə dair Bələdiyyəyə əmlak vergisi ödəyir. Evə işıq, su, qaz çəkiləndə ASAN xidmət tərəfindən evə R.Axundov küçəsi, 11011 ünvan qoyulmuşdur. Cavabdeh evi alanda heç bir sayğac olmamışdır. Qonşular iddiaçını tanımırlar, yalnız cavabdehi tanıyırlar.

16. 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək qeyd etmişdir ki, o, təxmini 18-20 ildir ki, həmin ərazidə yaşayır. Cavabdehin həmin əraziyə nə vaxt köçdüyünü təxmini xatırlamır, lakin mübahisəli evin qabağında «satılır» yazılmışdır, sonradan həmin elan yığışdırıldı və cavabdeh həmin evdə yaşamağa başladı. O, mübahisəli evdə usta olaraq işləmişdir. Eyni zamanda qeyd etdi ki, kommunal xəttlərin dəqiq nə vaxt çəkildiyini bilmir, lakin cavabdehdən əvvəl orada heç bir qaz, işıq və ya su xəttləri olmayıb.

17. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X10 ifadə verərək qeyd etmişdir ki, o, cavabdehin qardaşı oğludur, alqı-satqıda şəxsən iştirak edib, evə görə ödəniş təxmini 17000 manat olub.

18. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək qeyd etmişdir ki, o, mübahisəli evin yerləşdiyi ərazidə 1981-ci ildən yaşayır, cavabdehlə daima bir-birinin evlərinə gedib-gəlirlər. Cavabdeh oraya təxmini 2010-cu ildə gəlmişdir. Evin əksər təmir işlərini şəxsən görmüş, əsasən də hörgü işləri ilə məşğul olmuşdur. Ondan başqa orada 2 əlavə usta da işləmişdir. Ev ilk öncə yarımçıq vəziyyətdə idi, daha sonra əlavə otaqlar inşa edilmişdir. Eyni zamanda qeyd etdi ki, cavabdeh evə köçməmişdən əvvəl evin hər hansı su, qaz və ya işıq sayğacı olmamışdır, bütün kommunal xəttələr cavabdeh tərəfindən çəkilmişdir. Əlavə olaraq qeyd etdi ki, Elburuz adlı şəxsi tanımır.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2(008)- 1262/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan ev özbaşına tikilidir. Əvvəllər evin ünvanı Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi, 47 “a”, sonradan Ruhulla Axundov küçəsi, indi isə Ş.Axundova küçəsi, ev 0110. Ünvanlar fərqli olsa da, iddiaçının da cavabdehin iddia etdikləri ev eyni evdir.

21. Məhkəmə vurğulamışdır ki, hazırda iddiaçı mübahisəli fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını istəyir.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir.

23. Belə ki, iddiaçının adına yuxarıda qeyd olunan Hesabat xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. Cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparlıması, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir.

24. Ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahibliyin edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir.

25. İddaiçı tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan arvadı X2 adına Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənədə dair məhkəmə aşağıdakıları qeyd etmişdir.

26. İddiaçı həmin sənədlə son illərə qədər evin sahibliyinin onda və ailəsində olmasını sübut etməyə çalışmışdır. Lakin, qeyd edildiyi kimi, həmin sənədə son göstərici xx.xx.2021-ci il tarixdə qeyd edilmiş, cavabdeh isə sayğacı xx.xx.2021-ci tarixdə, yəni X2 adına olan sayğac hələ aktiv olanda, quraşdırılmışdır. Bir obyektdən sayğac çıxarılmadıqda, yeni sayğacın quraşdırılması mümkün deyil. Bu əsasdan məhkəmə həmin sənədin digər bir evə aid olduğu qənaətinə gəlmişdir.

27. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh statusu «özbaşına tikili» olan evə dair özünün və ailəsinin hüququnu təsdiq edən kifayət qədər sənədlər təqdim etmişdir.

28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə, 164.2-ci maddəsinə, 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

29. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1262/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

30. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfində qəbul edilmiş ətnamə qanunsuz və əsassızdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 201.9 kv metr torpaq sahəsində yerləşən özbaşına tikili olan, 62 kv metr sahədən ibarət fərdi yaşayış evi 1997-ci ildə tikilmişdir. Zabrat bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 67 nömrəli məktubuna əsasən, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya 14 yanvar 2005-ci il tarixli “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat” verilmişdir. Mən ailəmlə birlikdə həmin evdə 2015- ci ilin iyun ayına qədər yaşamışlar. O, 11 il ərzində evə faktiki sahiblik etmiş və onun həmin evə gələcəkdə mülkyyət hüququ əldə etmək üçün “gözlənti hüququ” olduğunun bildirmişdir. Cavabdeh isə vicdansızca ona məxsus evə özbaşına girərək (evi 17000 manata satın aldığını iddia etsə də, 17000 manat pulu kimə verdiyini və evi kimdən aldığını sübut edə bilməmişdir) evə faktiki sahiblik etməyə başlamış, yerli bələdiyyəni və dövlət qurumlarını aldadaraq evin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə maddi hüquq normasını səhv tətbiq edərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparlıması, kommunikasiyaların çəkilməsi, (ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir) evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahibliyin edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona 14 yanvar 2005-ci il tarixli “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat”a əsasən ünvan 3 ünvanında yerləşən 201.9 kv metr torpaq sahəsində yerləşən özbaşına tikili olan, 62 kv metr sahədən ibarət fərdi yaşayış evinin sahibi odur. Cavabdeh isə 5-6 il bundan öncə özbaşına olaraq onun evinə girib orada özbaşına təmir-tikinti işləri aparıb qanunsuz sahiblik edəndir. İddiaçının vicdanlı sahib kimi cavabdehdən öz əmlakını geri tələb etmək hüququ vardır. Sabunçu rayon Məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq, cavabdehin ona məxsus evi özbaşına zəbt etdiyini və girib orada yaşadığını müəyyən etdiyi halda, onu evin həqiqi sahibi olması qənaətinə gəlmişdir. İddiaçının 2-ci predmeti ailə üzvləri ilə birlikdə fərdi yaşayış evinə köçürülməkləri olmuşdur. Lakin məhkəmə yaşayış evinə köçürülmə barədə iddia tələblərinƏ ümumiyyətlə görməzdən gəlmiş və qətnamədə buna münasibət bildirməmişdir. O, iddiasında qeyd etdiyi kimi 2004-cü ildən 2015-ci ilin iyun ayının ortalarınadək ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. İşi ilə əlaqədar 2015-ci ildə Rusiyaya getmişdir. Onun yaşadığı evdən başqa yerə getməyi həmin evə yaşayış hüququnu itirməyinə əsas vermir və Sabunçu rayon Məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq onun və ailəsinin yaşayış hüquqlarını görməzdən gəlmişdir. Sabunçu rayon Məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, işə birtərəfli qaydada baxmış, iddiaçının hüquqlarının təmin olunmasına şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

31. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətində yazılanlar yalan və böhtandır. İddiaçı qeyd edir ki, guya ki, o Rusiya Federasiyasına getdikdən sonra ona məxsus evi cavabdeh zəbt etmiş. Bu tam yalandır. O, həmin özbaşına tikilən evi zəbt etməmiş, həmin evi cavabdeh təxminən 2010-cu ildə 17.000 manat pul verib almışdır. Həmin evin qabağında hətta satılır sözü də yazılmışdı. Cavabdeh evi almamışdan qabaq fotoşəklini də çəkmişdir. Fotoşəkilləri məhkəməyə təqdim etmişdir. O, evi iddiaçıdan pul verib almışdır. İddiaçı ona demişdir ki, həmin evin heç bir qanuni sənədi yoxdur. Cavabdeh də aidiyyatı orqanlardan soruşmuş və ona bildirmişlər ki, həmin evin heç bir sənədi yoxdur. Həmin zaman evin heç bir təmiri, pənəcəri qapısı, döşəməsi, tavanı, darvazası, daş hasarı yox idi. Cavabdeh oranı aldıqdan sonra 5-6 il bundan qabaq əsaslı tikinti işləri aparmış, evə pəncərə, dəmir barmaqlıqlar, dəmir qapı, plastik pəncərələr, dəmir davrvaza, döşəməyə taxta millər qoymuş, evin qabağından əlavə 5x10 metr uzunluğundla daşdan zal tikmişdir. Bütün bunlara yəni evin təmir tikintisinə 25.000 manat pul xərcləmişdir. Lakin hələ də təmiri başa çatdıra bilməmiş, evin polunu, tavanını vurub başa çatdırmamış, elektrik işlərini malyar işlərini hələ görə bilməmişdir. Orada yaşayış yoxdur, təmir başa çatmadığından orada yaşamaq mümkün deyildir. Orada yaşamaq mümkün deyildir ona görə ki, ev təmir olunub başa çatmamışdır. İddiaçı bildirir ki, guya ki o orada yaşamışdır. Lakin o yalan danışır, çünki o evi cavabdehə satan zaman ev bərbad vəziyyətdə olmuşdr, fotoşəkillər bunu təsdiq edir. Həmin foto şəkilləri təqdim edir. Cavabdeh evi almamışdan qabaq, alıb təmir edəndən sonra da fotoşəkillərini çəkmişdir. O, evi aldıqdan sonra öz vəsaiti ilə evin kanalizasiyasını, suyunu, qazını çəkdirmiş, əvvəl öz adına qeydiyyata saldırmış, sonra oğlu X6 adına keçirmişdir. O, hər il həmin evə dair, yəni iki ildir Zabrat Bələdiyyəsinə əmlak vergisi ödəyir, bu barədə arayışı vardır, evin yerinin kodunu Bələdiyyə çəkib ona vermişdir. Əgər kod iddiaçının adına olmuş idisə onda Bələdiyyə evin kodunu onun adına çəkməzdi. Cavabdehə vergi ödəyicisi kimi şəhadətnnamə verilmişdir. Həmin şəhadətnamədə evin kordinatları, kodu göstərilmişdir. Həmin kordinatlar bir dəfə çəkilir, ikinci dəfə başqasının adına çəkilmir. Həmin evin ünvanı keçmiş R.Axundov, yeni Şəfiqə Axundova küçəsi adlanır. Təbii qaza görə layihə çəkdirmiş. Evimə işıq, qaz su çəkəndə Asan xidmətdən ünvan qoymuşlar. Evin ünvanı R.Axundov küç. 11011 -dir. Bələdiyyə tərəfindən cavabdehə arayış verilmişdir ki, həmin ev və torpaq sahəsi onun istifadəsindədir. Onun yazdığı 47 A saylı ünvan qeydiyyatdan keçmir, belə ünvan yoxdur. Cavabdeh evi alanda heç bir sayğac olmamışdır. Sayğacları o qoydurmuşdur. Arvadı şəhid ailəsidir. Onun qardaşı Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü Qarabağ müharibəsi veteranıdır. İddiaçının qaynı yayda gəlib ona demişdir ki, əlavə pul verməlisən, yoxsa səni polisə verəcəm. Sonra o cavabdehi 15-ci Polis Bölməsinə verdi və polis işçisi gəlib qonşuları dindirdi, onu və iddiaçını orada tanıyan olmadı, heç bir sübüt olmadı ki həmin ev Elburusa məxsusdur. Orada qonşular yalnız cavabdehi tanımışlar. Sonra iş araşdırıldıqdan sonra işə xitam verilmişdir. Həmin ev özbaşına tikilidir. İddiaçının həmin evə heç bir subyektiv hüququ yoxdur, evin nə texniki pasportu, nə də ki çıxarışı yoxdur. Sonra iddiaçı onu məhkəməyə vermiş və məhkəmədə məlum olduki həmin ev ona məxsus deyildir, həmin evin ididaçıya heç bir aidiyyəti yoxdur. Məhkəmədə işə tam obyektiv baxmış və ədalətli qətnamə qəbul etmişdir. Lakin iddiaçı həmin qətnamədən əsassız olaraq apellyasiya şikayəti vermiş, ona görə də hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan rədd olunmalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Maddə 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

36. Maddə 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

37. Maddə 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. Belə ki, işin araşdırılan hallarından görünür ki, mübahisə predmeti olan ev özbaşına tikilidir. Əvvəllər evin ünvanı Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi, 47 “a”, sonradan Ruhulla Axundov küçəsi, indi isə Ş.Axundova küçəsi, ev 0110. Ünvanlar fərqli olsa da, iddiaçının da cavabdehin iddia etdikləri ev eyni evdir.

51. İddiaçının adına evə dair aşağıdakı sənəd mövcuddur - Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat.

52. İddiaçı eyni zamanda arvadı X2 adına olan Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənəd təqdim etmişdir.

53. Həmin sənəddə abunə kodu **********20007, ünvan 1 Zabrat, Axundov, ev 0002, mənzil 0007, xx.xx.2009-cu il tarixdə dəyişdirilmiş sayğacın №-si A440718879M101773 qeyd edilmişdir. Həmin sənəddən görünür ki, sayğacın 1279 olan göstəricisi xx.xx.2015-ci ildən sonuna qədər dəyişməmişdir. Sayğacın sonuncu göstəricisi xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir.

54. Cavabdehin adına mübahisəli evə dair xx.xx.2021-ci il tarixdə 3560 №-li qeydiyyat nömrəsi, tikintinin koordinatları, əmlak verigisi ödəyicisinə dair 1810119HJJTF kodu verilmişdir.

55. Cavabdehin oğlu X4 adına: "xxxx" QSC tərəfindən 44/TŞ-082234/Z-1 №-0li izahat və cizgilər tərtib edilmiş; Azərişıq ASC-də abunə kodu **********00001, sayğac nömrəsi 21353732M335408, quraşdırılma tarixi xx.xx.2021-ci il göstərilən abunə haqqında sənəd verilmiş; Azəriqaz İB tərəfidən **********00063 №-li kodla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmasına dair abonentin saldosu verilmiş; "xxxx" ASC tərəfindən 44231358 №-li abonent kodu verilmişdir.

56. Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 №-li məktuba əsasən İddiaçı və Quliyeva (Cəfərova) Zərifə İslam qızının adına qeydiyyatdan keçməsi və onların əmlak ödəyəcisi kimi qeydiyyatda olmaları barədə Zabrat Bələdiyyəsində heç bir məlumat yoxdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, iddiaçının adına yuxarıda qeyd oluna Hesabat xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. Cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparlıması, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir. Ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahibliyin edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir.

58. Bundan başqa iddaiçı tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan arvadı X2 adına Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənədlə bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı həmin sənədlə son illərə qədər evin sahibliyinin onda və ailəsində olmasını sübut etməyə çalışmışdır. Lakin, qeyd edildiyi kimi, həmin sənədə son göstərici xx.xx.2021-ci il tarixdə qeyd edilmiş, cavabdeh isə sayğacı xx.xx.2021-ci tarixdə, yəni X2 adına olan sayğac hələ aktiv olanda, quraşdırılmışdır. Bir obyektdən sayğac çıxarılmadıqda, yeni sayğacın quraşdırılması mümkün deyil. Bu əsasdan məhkəmə kollegiyası həmin sənədin digər bir evə aid olduğu qənaətinə gəlmişdir.

59. Həmçinin, birinci instansiya məhkəməsində 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək qeyd etmişdir ki, o, təxmini 18-20 ildir ki, həmin ərazidə yaşayır. Cavabdehin həmin əraziyə nə vaxt köçdüyünü təxmini xatırlamır, lakin mübahisəli evin qabağında «satılır» yazılmışdır, sonradan həmin elan yığışdırıldı və cavabdeh həmin evdə yaşamağa başladı. O, mübahisəli evdə usta olaraq işləmişdir. Eyni zamanda qeyd etdi ki, kommunal xəttlərin dəqiq nə vaxt çəkildiyini bilmir, lakin cavabdehdən əvvəl orada heç bir qaz, işıq və ya su xəttləri olmayıb.

60. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X10 ifadə verərək qeyd etmişdir ki, o, cavabdehin qardaşı oğludur, alqı-satqıda şəxsən iştirak edib, evə görə ödəniş təxmini 17000 manat olub.

61. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək qeyd etmişdir ki, o, mübahisəli evin yerləşdiyi ərazidə 1981-ci ildən yaşayır, cavabdehlə daima bir-birinin evlərinə gedib-gəlirlər. Cavabdeh oraya təxmini 2010-cu ildə gəlmişdir. Evin əksər təmir işlərini şəxsən görmüş, əsasən də hörgü işləri ilə məşğul olmuşdur. Ondan başqa orada 2 əlavə usta da işləmişdir. Ev ilk öncə yarımçıq vəziyyətdə idi, daha sonra əlavə otaqlar inşa edilmişdir. Eyni zamanda qeyd etdi ki, cavabdeh evə köçməmişdən əvvəl evin hər hansı su, qaz və ya işıq sayğacı olmamışdır, bütün kommunal xəttələr cavabdeh tərəfindən çəkilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Elburuz adlı şəxsi tanımır.

62. Məhkəmə Kollegiyası MPM-in 88-ci maddəsinə uyğun sübutları qiymətləndirərək qeyd edir ki, iş materiallarında olan fotoşəkillər, şahid ifadələri, Polis orqanında cavabdehin izahtı, iş materiallarında olan cavabdehin (oğlunun) adına su, qaz, işıq və sair müqavilələr, iddiaçının əmlak vergisinin ödəyicisi kimi Zabrat Bələdiyyəsində qeydiyyatdan keçməməsi barədə məktubu, iddiaçının adına yuxarıda qeyd olunan Hesabat xx.xx.2005-ci il tarixdə tərtib edilməsi, cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparlıması, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir. Ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahibliyin edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir.

63. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

64. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2(008)- 1262/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar