Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5296/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan SSR-i Bakı şəhər X18 İcrayə Komitəsi tərəfindən verilmiş 206674 saylı, 04 may 1983-cü il tarixli Orderinə əsasən Bakı şəhəri, Əhmədli qəsəbəsi, məhəllə 2980-81 ünvanında yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 30.14 kv/m olan 1a saylı evin, 29 saylı mənzili yaşamaq hüququ ilə iddiaçı (bundan sonra iddiaçı) İddiaçı verilmişdir. Onun ailə tərkibi özü, X5 və X6 ibarətdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2016-cı il tarixli, 335681 saylı arayışına əsasən iddiaçı mübahisələndirilən mənzildə 26 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. İddiaçı ilə yanaşı X5, X11, X25, X12, X16, X13, X21 və X17 həmin mənzildə qeydiyyatdadır. X21 və X17 təvəllüdlərinə görə istisna olmaqla, bu şəxslər xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22 ünvanında yerləşən 29 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişlər.
3. RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51.54 kv/m olan mənzil xx.xx.2016-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-7088/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X16 ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X14 atası X7, xx.xx.2013-cü il təvəllüdlü X8 anası Cavabdeh yanında qalması, qətnamə qəbul edildiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin X6 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
5. AZ-İ 419931 saylı, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X16 və Cavabdeh arasında bağlanmış nikaha həmin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-7088/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə əsasında xx.xx.2021-ci il tarixində xitam verilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışına əsasən İddiaçı ünvan 2 ünvanında 26 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. X5, X16, Cavabdeh, X13, X17, X21, X22, X9 və X12 da həmin mənzildə qeydiyyatdadır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22 ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.metr olan 29 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil onun mülkiyyətindədir, cavabdeh onun keçmiş gəlinidir. Onun oğlu ilə cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7088/2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə nikah pozulmuşdur. Cavabdeh uzun illərdir ki, mübahisəli mənzildə yaşamır, həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin həmin evdə formal qeydiyyatda olması səbəbindən o əlavə kommunal xərclər ödəməli olur. Ümumiyyətlə, cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-846/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim X15)
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mübahisəli mənzilə 2006-cı ildə daimi əsaslarla köçməklə yaşadığından, onun da həmin mənzilə istifadə hüququ yaranmışdır və mənzilin mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı (2016-cı ildə) kirayəçi ilə birlikdə faktiki yaşayan cavabdehin özəlləşdirilən mübahisəli mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüququ saxlanmalıdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan və orada daimi əsaslarla yaşadığından, onun həmin mənzilə mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” istisna olunmur. Cavabdeh dövlət fonduna daxil olan mübahisəli mənzilə 2006cı il tarixdən etibarən iddiaçı ilə bərabər gəlini – ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparmaqla, iddiaçı ilə eyni hüquq və vəzifələrə məxsus olmuşdur ki, belə olan halda da həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən, cavabdehin iddiaçının ailə üzvləri sırasından çıxması, onun mənzilə istifadə hüququna xitam verilməsinə əsas vermir, əksinə o, mənzilə dair iddiaçı və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malikdir. İddiaçının dəlilləri, mənzildən məcburi çıxarılan, habelə hazırda yetkinlik yaşına çatmayan övladı ilə kirayə mənzildə yaşayan, faktiki olaraq aliment almayan cavabdehin mənzilə olan ehtiyacının ödənilməsinin normativ əsası sayılan mənzildən istifadə hüququnun xitamı üçün əsas hesab edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, 139-1.1.11-ci, 152.5-ci, 152.6-cı, 158.3-cü, 158.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 12-ci maddələrinə, “X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli və "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz mövqeyini formalaşdırarkən cavabdehin kirayədə yaşamasını nəzərə almışdır, lakin, bu halı təsdiq edən iş materialında heç bir sübut yoxdur. Əslində isə cavabdeh özü də qeyd etdiyi kimi valideynlərinə məxsus Qobustan rayonunda yerləşən evdə yaşayır. Bundan başqa qətnamədə qeyd edilmişdir ki, guya iddiaçının oğlu cavabdehə aliment vermir. Lakin, bu da tam yalan məlumatdır. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment məbləğinin X6 tutularaq Cavabdeh ödənilməsi qət olunmuş və hazırda da aliment hər ay ödənilir. Əgər aliment ödənilməsə idi bu barədə cavabdeh müvafiq dövlət orqanlarına öz etirazını bildirməli idi. Belə bir hal isə iş materialları ilə müəyyən olunmur. Cavabdehin əşyalarının bir qisminin mübahisəli mənzildə qalmasının səbəbi cavabdehin xahişi ilə olmuş və o özünə müəyyən yaşayış şəraiti qurana qədər iddiaçıdan həmin əşyaların orada qalmasına müvəqqəti icazə almışdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra isə cavabdeh qalan əşyalarını da iddiaçının mənzilindən yaşadığı evə aparmışdır. Hazırda cavabdehə məxsus heç bir əşya iddiaçının mənzilində yoxdur. Cavabdeh son 2 il ərzində xaricə getməmiş, daim Azərbaycanda yaşamış və işləmişdir. Cavabdeh ümumiyyətlə bu müddət ərizində heç vaxt mübahisəli mənzilə gəlmək üçün nə iddiaçıya, nə, hər hansı dövlət orqanına (məhkəmə və sair), nə də başqa şəxsə müraciət etməyib və bu ünvana gəlməyib. Bu da onun ümumiyyətlə həmin mənzilə marağının olmadığını bildirir. Çünki, cavabdeh özü də məhkəmədə ona verilən suala cavab olaraq bildirdi ki, “mübahisəli mənzildə yaşamaq istəmir.” Lakin, məhkəmə həmin sual-cavabı qətnamədə qeyd etməmişdir. Bundan başqa hazırkı dövrdə Azərbaycan Respublikasının qanunvericiliyində mənzildən istifadəçilərin hüquqlarının müdafiəsi ilə yanaşı daha çox mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı dəyişiklik və təkmilləşmələr edilmişdir. Belə ki, yeni Mənzil Məcəlləsində də ailə münasibətlərinə xitam verildiyi halda mənzildən istifadə hüququna da xitam verilməsi ilə bağlı normalar buna bariz nümunədir. Cavabdehin iddiaçının oğlu ilə ailə hüquq münasibətlərinin pozulması və bu münasibətlərə xitam verilməsi halı cavabdehlə iddiaçının arasında mənzildən istifadə ilə bağlı hüquqların həyata keçirilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Doğrudur cavabdeh iddiaçının oğlundan boşandıqdan sonra mübahisəli mənzildən çıxmışdır. Lakin, iki il ərzində onun geri qayıtmaması, mənzilə köçürülmə barədə heç bir dövlət orqanına müraciət etməməsi onun həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsi kimi qiymətləndirilməlidir. Bundan başqa onu da qeyd edirik ki, məhkəmə qətnamədə cavabdehin mənzildən istifadə hüququnun onun “həmin mənzilə mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” kimi qiymətləndirməsi tam əsassızdır. Belə ki, mübahisəli mənzil iddiaçıya və onun ailə üzvlərinə 1983-cü ildə verilən zaman cavabdeh onun ailə üzvü olmamışdır. Cavabdehin sonradan həmin mənzilə köçməsi isə belə bir hüququn yaranmasına əsas deyil. Bundan başqa isə mənzil artıq iddiaçının adına mülkiyyət hüququ üzrə özəlləşdirilmiş və iddiaçı mənzilin mülkiyyətçisidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
27. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququnun itirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh iddiaçının keçmiş gəlini, yəni onun oğlu X7 həyat yoldaşı olmuş, onların arasında xx.xx.2007-ci il tarixdə nikah bağlandıqdan sonra cavabdeh Azərbaycan SSR-i Bakı şəhər X18 İcrayə Komitəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli Order əsasında həmin vaxt icarədarı iddiaçı olan mübahisəli mənzilə köçərək iddiaçı və həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamışdır. xx.xx.2016-ci il tarixdə həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin vaxtdan mənzi iddiaçının mülkiyyətindədir. Cavabdeh 2021-ci ilin yaz aylarına həmin mənzili tərk etmiş və həmin vaxtdan bu mənzildə yaşamır. Onunla iddiaçının oğlu arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının oğlu hazırda həmin mənzildə yeni ailəsi, o cümlədən həyat yoldaşı ilə birlikdə yaşayır.
29. Bununla belə, cavabdehin mənzildə yaşadığı 2007-2021-ci illər ərzində mənzilin hüquqi vəziyyəti və iddiaçının mənzilə münasibətdə statusu müxtəlif olmuşdur. Belə ki, 2007-xx.xx.2016-cı il tarixlərdə (ümumilikdə xx.xx.1983-xx.xx.2016-cı il tarixlərdə) mübahisəli mənzil dövlət mənzil fonduna aid olmuş və iddiaçı həmin mənzilin icarədarı olmuş, xx.xx.2016-cı il tarixdən isə mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin mənzildən istifadə edilməsi ilə bağlı onların arasında münasibətlər 2007-ci ildə yaranmasına baxmayaraq, həmin vaxt mənzilin iddiaçının mülkiyyətində olmaması və dövlət mənzil fonduna aid olması bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
30. Həmin Məcəllənin tələbləri baxımında da 2007-ci ildə mənzilin icarədarı olan cavabdehin razılığı ilə mənzilə köçən və iddiaçının 2016-cı ildə mənzilin mülkiyyətçisi olduqdan sonra da orada yaşamağa davam edən cavabdehin mənzildən istifadə hüququ yaranmışdır.
31. Lakin mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdeh öz izahatında 2021-ci ilin yaz aylarında döyülərək, mənzildən qovulduğunu, hazırda kirayə əsaslarla Qobustan rayonu ərazisində yaşadığını bildirsə də, bu halları, habelə ümumiyyətlə mənzildə yaşamaq niyyətində və istəyində olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdehin belə bir niyyət və istəyinin olması (ötən dövr ərzində mənzilə köçürülməsi məsələsini mübahisələndirməmiş, o cümlədən hazırki iş üzrə qarşılıqlı iddia verməmişdir) məhkəmə kollegiyası tərəfindən də müəyyən edilmir. Cavabdehin öz izahatında ailəsi ilə yaxşı münasibətdə olmadığını, onlarla birgə yaşaya bilmədiyini, nikahları pozulduqdan 4 ay sonra isə keçmiş ərinin öz dayısı qızı ilə ailə həyatı qurduğunu, bu səbəblərdən həmin mənzildə yaşaya bilmədiyini, özünə məxsus əşyaları yeri olmadığından götürə bilmədiyini, bu səbəbdən onların mübahisəli mənzildə qaldığını bildirir.
32. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzildən qanunsuz məhrum edilməmişdir. Onun sadəcə olaraq, mübahisəli mənzilə qayıtmaq və orada yaşamaq niyyəti və istəyi yoxdur. Mənzili də bu səbəbdən tərk etmişdir. Hazırki şəraitini özünə daha münasib və uyğun hesab edir. Ona məxsus əşyaların mübahisəli mənzildə qalması da orada yaşamaq istəyinə bağlı deyil. Hüquqi nəticə etibarı ilə cavabdeh 2021-ci ilin yaz aylarından mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində yaşayır. Başqa sözlə, cavabdeh 2 ilə yaxın müddətdir ki, davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh (keçmiş qaynatası) mübahisəli mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir.
33. Məhkəmə kollegiyası işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya tələbi bilavasitə ona qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırki iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni iddiaçı hazırki ailə tərkibi ilə mübahisəli mənzildə, cavabdeh isə hər hansı məbləğdə kompensasiya tələb etmədən (hər halda belə bir niyyəti olsa idi, ötən dövr ərzində tələb etmiş olardı) başqa ünvanda yaşamağa davam edəcək idi. Hər bir halda, hazırda onun kompensasiya tələbinə söykənməsi əsassızdır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan (daimi əsaslarla tərk etməsi) bilavasitə asılı etmişdir.
34. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, cavabdeh iddiaçının oğlu ilə nikahda olmuşdur. Belə olan halda, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının “digər ailə üzvü”, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından isə “digər qohumu” statusuna malik olmuşdur. Başqa sözlə, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri bu maddələrin təsir dairəsinə düşdüyü halda belə, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış olmur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüquqi nəticə etibarı ilə səhv olaraq cavabdehin hələ də mənzildən istifadə hüququnun olması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməklə Cavabdeh mübahisəli mənzildən istifadə hüququ itirmiş hesab edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-93-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 22 saylı evin, 29 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.