Məhkəmə qərarları › İş №2(103)-5297/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5297/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5297/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, cavabdehlər Tamilə Mirzəyeva və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, əşyaları ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Səbail RPİ-nin icraatında olan Tamilə Mirzəyevanın şikayəti əsasında başlanılmış ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək, bu iş üzrə icraat dayandırılmışdır. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul edilmiş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisal əhəmiyyət kəsb etmədiyindən iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarı məhkəmənin nəzərinə çatdırılsa da, diqqətə alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi, 22 aprel 2021-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını, cavabdeh Tamilə Mirzəyeva isə, şikayətə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Tamilə Mirzəyeva İddiaçı ASC-nin “Azneft” filialının əməkdaşları tərəfindən imzanın saxtalaşdırılması və onun adından 38245 ABŞ dolları məbləğində pulun çıxarılması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Prokurorluğuna müraciət etmiş və Səbail Rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən qəbul edilmiş 29.09.2020-ci il tarixli qərarla 141-C-20 nömrəli material üzrə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-yə göndərilmişdir. Birinci instansiya məhkəməsi, MPM-in 254.1.4-cü maddəsinə istinad edərək iş üzrə icraatın dayandırarkən, bu barədə qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail RPİ-nin icraatında olan Tamilə Mirzəyevanın şikayəti əsasında başlanılmış ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək, hazırkı işin baxılması mümkün deyildir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, ona görə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il qərarına əsasən, MPM-in 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Qərardada, həmçinin qeyd olunmuşdur ki, ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, hesab edir ki, Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-245/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar