Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5297/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “X9 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları xx.xx.2009-cu il tarixdə İddiaçı "xxxx" MMC Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatına fəhlə peşəsinə qəbul edilərək əmək fəaliyyətinə başlamışdır. xx.xx.2009-cu il tarixli “əmr” əsasında həmin müəssisədə mühafizəçi peşəsinə keçirilmiş, daha sonra xx.xx.2011-ci il tarixli əmr əsasında struktur dəyişikliyi ilə əlaqədar Təcrübə sınaq təsərrüfatına mühafizəçi keçirilmişdir. İşəgötürən qismində “X9 Kompleksi” MMC-nin Təcrübi Sınaq təsərrüfatının direktoru X6 ilə işçi İddiaçı arasında xx.xx.2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsi, tərəflərin qarşılıqlı razılığına əsasən müddətli, yəni 03 ay müddətinə - xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək bağlanmışdır. İşçinin xx.xx.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir. “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin ikinci paraqrafından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən İddiaçı tutduğu Biləsuvar təcrübə-sınaq təsərrüfatı filialında gözətçi vəzifəsindən azad edilmişdir. Əmrin surətinin, işçinin əmək kitabçasının, istifadə edilməmiş 22.6 gün əsas məzuniyyətə görə pul əvəzinin, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü verilməsi əmrdə əksini tapmışdır. Həmin əmr “X9 Kompleksi” MMC-nin direktoru X7 tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X9 Kompleksi” MMC-yə qarşı məhkəmə iddia qaldıraraq cavabdeh “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, 110.00 manat hüquqi yardım göstərilməsi xərcinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixində "xxxx" MMC Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatında fəhlə peşəsində işə qəbul olmuşdur. xx.xx.2009-cu il tarixində eyni iş yerində “mühafizəçi” peşəsinə keçirilmişdir. Daha sonra iş yerində struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2011-ci il tarixində "xxxx" MMC-nin Təcrübə sınaq təsərrüfatına “mühafizəçi” peşəsinə keçirilmişdir. İddiaçı ilə sonuncu əmək müqaviləsi 01 iyun 2019-cu il tarixində (№ 68) bağlanmışdır. Sözügedən əmək müqaviləsinə görə işəgötürən "xxxx" MMC-nin Təcrübə-sınaq təsərrüfatının direktoru olmuşdur. Əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının iş yeri Təcrübə-sınaq təsərrüfatı, peşəsi isə “gözətçi” qeyd edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. 01 iyun 2019-cu il tarixli əmək müqaviləsindən əvvəl mövcud olmuş əmək müqavilələri iddiaçı X1 təqdim olunmamışdır. Cavabdeh “X9 Kompleksi” MMC tərəfindən iddiaçı Niyammədin Bayramova 02 dekabr 2021-ci il tarixində əmək müqaviləsinin ləğvi barədə bildiriş təqdim edilmiş, elə həmin tarixdə, yəni 02 dekabr 2021-ci il tarixində onun bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən cavabdeh “X9 Kompleksi” MMC-nin K-03-2021-1272 nömrəli əmri ilə ləğv edilmişdir. Daha sonra işçinin (iddiaçının) əmək kitabçasında müvafiq qeydlər aparılmaqla 02 dekabr 2021-ci il tarixində əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Cavabdeh “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri iddiaçıya aid olan hissədə qanunsuzdur. Belə ki, iddiaçıya məxsus sonuncu 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsində işəgötürən “X9 Kompleksi” MMC-nin Bəhruz Camalov deyil, Biləsuvar Təcrübə-sınaq təsərrüfatının direktoru Əlitahir Xammədov qeyd edilmişdir. Biləsuvar Təcrübə-sınaq təsərrüfatının isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmri mövcud deyil. Cavabdeh “X9 Kompleksi” MMC-nin iddiaçının əmək müqaviləsini ləğv etmək səlahiyyəti olmadığı halda iddiaçının ******* nömrəli əmək kitabçasının 4-cü səhifəsində əmək müqaviləsinin ləğv edilməsi əsası kimi 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmr qeyd edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi müddətli müqavilə hesab edilə bilməz. 11 noyabr 2011-ci il tarixindən əmək müqaviləsi ləğv edildiyi tarixədək Biləsuvar Təcrubəsınaq təsərrufatında eyni peşədə, eyni iş yerində 10 ildən artıq müddətdə işləməsi nəzərə alınarsa, burada işin müvəqqəti xarakter daşımağından, bu səbəbdən də, əmək müqaviləsinin müddətli bağlanmasından söhbət gedə bilməz. Belə ki, AR Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanması halları sadalanmışdır. İddiaçının tutduğu peşə, yerinə yetirdiyi işin xarakteri və digər hallar Əmək Məcəlləsinin 47-ci maddəsinin əhatə dairəsinə düşmür. Lakin “X9 Kompleksi” MMC və onun filialı Biləsuvar Təcrubə-sınaq təsərrüfatı əmək münasibətləri tərəflərinin hüquq bərabərliyi prinsipini ciddi şəkildə pozaraq iddiaçını və digər işçiləri çıxılmaz vəziyyətdə qoyaraq, onları müddətli əmək müqaviləsinə imza etmələrinə nail olur. Bu isə beynəlxalq və milli hüquq normalarının və əmək qanunvericiliyinin prinsiplərinə ziddir. Bundan başqa, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000202 nömrəli bildirişdən görünür ki, əmək müqaviləsinə keçmiş tarixə dəyişiklik edilmiş, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2021-ci il qeyd edilmişdir. Bununla cavabdeh 3 ay əvvəlki vaxta əmək müqaviləsinə qanunsuz dəyişiklik etmişdir. Qeyd edilən dəyişiklikdən işçinin (iddiaçının) məlumatı olmamış, əmək müqaviləsinin məzmununda qeyd edilən dəyişiklik göstərilməmişdir. Halbuki, 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. AR Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə təcrübəsi nəzərə alınarsa, iddiaçı X.Məlikovun cavabdeh “Azneft” İB-yə qarşı eyni məzmunlu tələbi üzrə AR Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(102)- 7723/2019 nömrəli qərarındakı hüquqi mövqeyini belə olmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi xarakterə malik olmaqla, qabaqcadan bəlli olduğundan və Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid edilmədiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Əmək qanunvericiliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Cavabdehin iddia ərizəsinə verdiyi etirazı bununla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 10 ildən artıq müddətdə cavabdeh müəssisədə işlədiyini qeyd etsə də, Şirvan İnzibati- İqtisad Məhkəməsinin 2-2(86)-673/16 nömrəli qətnaməsi ilə, "xxxx" MMC-dən 251157524,32 manat məbləğində borcun tutularaq "xxxx" BOKT QSC-yə ödənilməsi qət edilmiş və xx.xx.2017-ci il tarixli icra sənədinə "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsi qərarı verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin yaaradılması haqqında xx.xx.2017-ci il tarixli Prezident Fərmanı verilmişdir. Həmin Fərmanın 3.5-ci bəndindən və eləcə də, həmin fərmanın tətbiqi ilə əlaqədar xx.xx.2017-ci il tarixli Fərmandan aydın olur ki, "xxxx" MMC-nin təsisçisi "xxxx" BOKT QSC, “X9 Kompleksi” MMC-nin təsisçisi isə "xxxx" ASC-dir. Yəni "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi deyil və iddiaçı "xxxx" MMC-də cəmi 2 il yarım müddətə işləmişdir. Göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı mövqeyini Əmək Məcəlləsinin müvafiq maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əvvəl işlədiyi "xxxx" MMC isə başqa bir hüquqi şəxsdir və hazırda da vergi ödəyicisi olmaqla fəaliyyət göstərir. Belə ki, işdə olan vergi ödəyicilərinin məlumatlarından elektron çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) xx.xx.2004-cü il tarixdə VÖEN almaqla, hüquqi ünvanı Şirvan şəhəri, M.Qədirov ev 1, Şirvan-Salyan şossesinin 5-ci km-dir. Göründüyü kimi, iddiaçının 2009-cu ildən 2019-cu ilədək işlədiyi müəssisə "xxxx" MMC olmuş, 2019-cu il 01 iyun tarixindən işlədiyi "xxxx" MMC adlı başqa bir hüquqi şəxs isə ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracı məqsədilə "xxxx" ASC-nin tərkibində 2018-ci ildə yaradılmışdır və hər iki hüquqi şəxsin təsisçiləri fərqlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, onunla bağlanmış 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsi Biləsuvar Təcrübə-sınaq təsərrüfatının direktoru Əlitahir Xammədov tərəfindən, işdənçıxma əmri isə “X9 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalov tərəfindən, yəni müxtəlif işəgötürənlər tərəfindən imzalamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərir. Göründüyü kimi, cavabdeh “X9 Kompleksi” MMC başqa bir hüquqi şəxs olmaqla, əvvəlki "xxxx" MMC-nin hüquqi varisi sayıla bilməz. Nəticədə, iddiaçı "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müddətli əmək müqaviləsi əsasında işlədiyi üçün və bu müddət Əmək Məcəlləsinin 45-ci maddəsində göstərilən 5 ildən artıq təşkil etmədiyi üçün onun əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan İddiaçı (vəkili Nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə birinci instansiya məhkəməsində qiymət verilərkən ilk növbədə iddiaçının son 13 il müddət ərzində əvvəl "xxxx" MMC-nin tərkibində olan “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialında , sonradan isə yeni yaranmış "xxxx" MMC-nin tərkibində “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialında fasiləsiz və etirazsız işləməsi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməli idi. Eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri baxımından iddiaçıya münasibətdə işəgötürənin daha üstün statusda olması nəzərə alındıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b)bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində məhz işəgötürənin əsas vəzifəsi sayılır. Qeyd etmək lazımdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. 10 il müddət ərzində fasiləsiz və etirazsız olaraq CTS Aqro” MMC-nin tərkibində olan “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı”ında işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən "xxxx" MMC-nin tərkibində “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialının onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununda izahat verərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: - 35. Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (İV). Əmək Məcəlləsi: - 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. - 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 45.4. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 47.F. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən "xxxx" MMC - Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatında fəhlə peşəsində işə başlamış, xx.xx.2009cu il tarixdən həmin birgə təsərrüfatda mühafizəçi peşəsinə keçirilmiş, daha sonra xx.xx.2011-ci il tarixli əmr əsasında struktur dəyişikliyi ilə əlaqədar Təcrübə sınaq təsərrüfatına mühafizəçi keçirilmişdir. İşə götürülmə haqqında bu qeydlər "xxxx" MMC-nin direktorları tərəfindən əmək kitabçasına daxil edilmiş və müəssisənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 68 nömrəli əmək müqaviləsindən və xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixdə işəgötürən “X9 Kompleksi” MMC ilə işçi İddiaçı arasında Biləsuvar Təcrübə-sınaq Təsərrüfatına gözətçi vəzifəsinə qəbul edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə “növbəti 3 ay müddətinə uzadılma” dəyişiklikləri edilmişdir. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(86)-673/16 nömrəli qətnaməsi ilə, "xxxx" MMCdən 251157524,32 manat məbləğində borcun tutularaq "xxxx" BOKT QSC-yə ödənilməsi qət edilmiş və xx.xx.2017-ci il tarixli icra sənədinə "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsi qərarı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli Fərmanı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3.5-ci bəndinə əsasən, "xxxx" ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "xxxx" ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, Fərmanının tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 04 dekabr tarixli 1704 nömrəli Fərmanında göstərilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – "xxxx" QSC) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" QSC-yə ötürülmüş X2 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) mülkiyyətinə (balansına) verilsin. Cavabdeh "xxxx" MMC-nin təsisçisi "xxxx" ASC, iddiaçının əvvəl işlədiyi "xxxx" MMC-nin təsisçisi isə "xxxx" QSC-dir. "xxxx" MMC isə başqa bir hüquqi şəxsdir və hazırda da vergi ödəyicisi olmaqla fəaliyyət göstərir. Göründüyü kimi, "xxxx" MMC-nin bütün aktivlərinin, daşınar və daşınmaz əmlaklarının "xxxx" QSC-yə keçməsi, "xxxx" ASC-nin isə Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilməsi, onun mülkiyyətində (balansında) olan və "xxxx" ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşması və "xxxx" MMC-nin təsisçisi "xxxx" ASC olması işin mübahisəsiz halıdır. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla, işdən görünür ki, "xxxx" MMC iddiaçının əvvəl işlədiyi "xxxx" MMC-nin hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, sonuncunu bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh müəssisəsi yaradılıb. Digər tərəfdən, iddiaçının əvvəlki iş yerində işi gözətçilikdən-mühafizədən ibarət olub. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Əmək qanunvericiliyi isə işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını məhkəmə kollegiyası əsaslı saymır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanrkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Kollegiya iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Beləliklə, Kollegiya hesab edir ki, hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, iddiaçı 2009-cu ildən müqavilə müddəti bitənədək fasiləsiz və etirazsız olaraq eyni iş yerində eyni vəzifədə işlədiyindən, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, ödənilmiş mediasiya xərci 50 (əlli) manat və vəkil Nümayəndə Tahir oğlu ilə 02 nömrəli müqavilə üzrə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 110 manat məbləğində pul cavabdeh “X11 Kompleksi” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri İddiaçı aid hissədə (əmrin ikinci paraqrafı) ləğv edilsin. İddiaçı “X9 Kompleksi” MMC-nin Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatı filialında “gözətçi” vəzifəsinə bərpa edilsin və qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. Mediasiya xərcləri olaraq ödənilmiş 50 manat və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 110 manat məbləğində pul “X9 Kompleksi” MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5297/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5297/2022
23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver