Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5299/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1366/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun xitam verilməsi” tələbinə dair mülki iş üzrə 2(007)-1366/2025 saylı, xx.xx.2025ci il tarixli məhkəmə qətnaməsi elan olunmuşdur. Həmin mülki iş üzrə məhkəmə qətnaməsindən cavabdehin rəsmi məlumatı olmamışdır. Belə ki, o, Rusiyadan xx.xx.2025ci il tarixində qayıtmışdır, ölkədə olmadığı üçün məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatsız olmuşdur. Məhkəmə qətnaməsinin mövcudluğundan asan kabinetə daxil olduqda, yəni xx.xx.2025-ci il tarixdə xəbər tutmuşdur. Odur ki, ərizəsində göstərdiyi halın nəzərə alınmasını, və apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən icraata qəbul edilərək mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizəni müdafiə edib bildirdi ki, məhkəmə iclasları barədə ölkədə olmadığı üçün məlumatlı olmamışdır. Qətnaməni rəsmi qaydada almamış, 20 iyul tarixində elektron kabinetə baxan zaman qətnamədən xəbər tutmuşdur. Bu səbəbdən ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil ərizəyə etiraz edib əlavə olaraq da bildirdi ki, məhkəmə qətnaməsi elektron kabinetə yerləşdirilmişdir, tərəf də məlumatlı olmuşdur. Buna görə də ərizənin təmin olunmamasını xahiş etmiş və müddətin bərpa edilməsinə etiraz etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək 2(007)-1366/2025 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1366/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilərək rəsmi qaydada təqdim edilmiş, lakin cavabdeh qanunla nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, Rusiyadan 11 iyul 2025-ci il tarixdə qayıtdığından məhkəmə iclaslarının vaxtı və yeri barədə ölkədə olmadığı üçün xx.xx.2025-ci il tarixli qətnamədən xəbəri olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən prosessual müddətin bərpa edilməsi barədə ərizəsini də təqdim etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh həqiqətən xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış, yalnız xx.xx.2025-ci il tarixdə ölkəyə yenidən daxil olmuşdur. Beləliklə, məhkəmə cavabdeh X1 ərizəsində qeyd edilənləri, habelə işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən üzrlü səbəblərdən buraxılmışdır, bu müddətin bərpası üçün müvafiq əsaslar mövcuddur, ona görə ərizə təmin edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)- 1366/2025 saylı qərardadından şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1366/2024 nömrəli xx.xx.2025-cil tarixli qərardadının ləğv edilməsi, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1366/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1366/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilmişdir. Məhkəmə qərardadı qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin elektron kabineti olmuş, qərardad həmin kabinetə yüklənmişdir. Lakin çıxarılmış qərardad tamamilə qanunsuz və əsassızdır və onun hüquqları pozulmasına rəvac verir. Qeyd edilən səbəbdən həmin qərardad ləğv edilməli və buraxılmış prosessual müddətin qəbulundan imtina edilməlidir. Qanunun mənası və mövcud məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, prosessual müddətlərin buraxılmasının üzrlü səbəbləri dedikdə, elə hallar başa düşülür ki, həmin hallar işdə iştirak edən şəxslərdən asılı olmayan obyektiv xarakter daşıyır və həmin hallara görə edilməli olan prosessual hərəkətlərin vaxtında edilməsi mümkün olmur. Bu hallara fiziki şəxsin xəstəliyi, ezamiyyətdə olması, hərbi əməliyyatlarda iştirak etməsi, müəyyən ərazidə forsmajor hallarına aid vəziyyətin yaranması, hüquqi şəxsin ləğv etməsi ilə bağlı prosesin başlanması və digər bu kimi obyektiv halları aid etmək olar "Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh elektron kabineti məhkəmə işindən uzun müddət öncə açılmışdır. Cavabdehin isə aparılan məhkəmə işindən istər telefon vasitəsilə göndərilmiş sms məlumatlandırma vasitəsilə, istəsə də elektron kabinet vasitəsilə məlumatı olmuşdur. Cavabdeh qətnamənin qəbulundan, onun elektron kabinetə yüklənməsindən məlumatı olmasına baxmayaraq vaxtında prosessual vasitələrdən istifadə edərək həmin qətnamədən şikayət verməmişdir. Lakin məhkəmə bu halı nəzərə almamış, qətnamənin cavabdehin məlumatlı olmasını bilə-bilə prosessual müddəti bərpa etmişdir. Hesab edir ki, həmin qərardad buna görə ləğv edilməli, müddətin bərpası barədə ərizə rədd edilməlidir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşdən isə görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmuş, məhkəmə qətnaməsi isə qanunla müəyyən edilmiş qaydada tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəf prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. Məhkəmənin mövqeyi imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” İnformasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir. Ona görə də qəbul edilmiş qərardad ləğv edilməli və ərizə rədd edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzib olunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Hazırki işdə də qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh həmin qətnamədən şikayət vermişdir. Məhkəmə də onun ərizəsini sırf mülahizələr əsasında təmin etmişdir. Əgər cavabdeh həqiqətən elektron kabinetdən istifadə etməmiş olsaydı, o halda bu qətnamədən heç bir halda məlumatı olmamış olardı. Lakin cavabdeh özünün ərizəsinin əsaslandırması kimi məhz elektron kabinetə daxil olmaqla qətnaməni əldə etdiyini bildirmişdir. Bu isə onu göstərir ki, cavabdeh tərəf hüquqdan sui-istifad edərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət verməklə prosesin uzadılmasına xidmət edir, məhkəmə isə bu hala bəraət qazandırır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1366/2025 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı işdən görünür ki, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən alınan çıxarışa əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1366/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2025-ci il tarixdə isə ölkəyə yenidən daxil olmuşdur. Göründüyü kimi mülki işə mahiyyəti üzrə baxılarkən ölkədə olmayan cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinetinə yerləşdirilən məhkəmə aktından xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərkən müddəti 6 gün ötürmüşdür. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instasiya məhkəməsi vəsatəti təmin edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, hüquqi savadı olmayan cavabdeh ölkəyə qayıtdıqdan sonra qısa müddət ərzində apellyasiya şikayətini və müddətin bərpa edilməsinə dair vəsatətini məhkəməyə təqdim etməklə müddətin buraxılması səbəbinin onun iradəsindən aslı olmamasını nümayiş etdirmişdir. Ona görə də kollegiya şikayətin dəlillərini qərardadın ləğv edilməsi üçün əsas saymır. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5299/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5299/2025
19.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver