Məhkəmə qərarları › İş №2(103)-5301/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5301/2022

14.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5301/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-5301/2022 (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(009)-168/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X3 idarə etdiyi VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən mülki məsuliyyətin icbari sığorta növü üzrə sığorta məbləği 55000 manat olmaqla, xx.xx.2019-xx.xx.2020-ci il tarixi üzrə sığorta edilmişdir. xx.xx.2020-ci il tarixdə X3 idarə etdiyi VAZ- 21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sığorta hadisəsi baş vermişdir. "xxxx" ASC -nin texniki ekspertiza şöbəsinin əməkdaşları tərəfindən VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1850 manat müəyyən edilmişdir. Məbləğlə bağlı mübahisə olduğu üçün müstəqil eksert tərəfindən avtomobilə dəymiş zərər 2643 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən hər iki sürücünün təqsirli olduğuna görə sığorta ödənişi 50%, yəni 1321,50 manat müəyyən edilərək, iddiaçıya ödənilmişdir. 2.xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən İddiaçı əməlində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuş, sonuncu X6 ilə barışdığı üçün, cinayət işinin başlanılması rədd edilmişdir. X3 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd olunmuş, barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qərarda VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobilə 5470 manat, VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə 7655 manat ziyan dəyməsi qeyd olunmuşdur. 3.İddiaçı xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən 7655 manat dəymiş zərərin ödənilməsini tələb edir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomaşına ilkin mütəxəsis rəyi ilə hesablanmış 7655 manat məbləğində dəymiş zərərin məbləği nəzərə alınmaqla, sığorta ödənişinin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia ərizəsi onunla əsaslandırılır ki, özünə məxsus ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili etibarnamə ilə idarə edirdi. xx.xx.2020-ci il tarixində idarə etdiyi avtomobillə Sabirabad rayonu Xəlifəli kənd ərazisində avtomagistralda təxminən 30-40km/saat sürətlə yolun özünə məxsus hərəkət hisəssində hərəkət edərkən qarşı hərəkət zolağında hərəkətdə olan X4 məxsus ağ rəngli "VAZ-21154“ markalı avtomobilin dönmə əməliyyatı aparıb onun hərəkətdə olduğu yola çıxmasını görmüş, bu zaman o avtomobili tormoz etmiş və asfalt yolun sağ kənarında onun avtomobilinin qabaq tərəfi ilə "VAZ-21154" markalı avtomobilin qabaq sol tərəfi toqquşmuş, toqquşmadan sonra hər iki avtomobil yolun kənarında yerləşən avtomobil dayanacağının dəmir turbalarına dəyib dayanmışdır. Hadisə zamanı xəsarət aldığı üçün onu Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və nəticədə sürücü olaraq onların hər ikisinin təqsirli olduğu müəyyən olunsa da, onun X6 ilə barışmağı nəzərə alınaraq iş üzrə cinayət işinin başlanılmasından imtina olunmuş, bununla bağlı "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 dekabr 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Bundan sonda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün mütəxəssisə müraciət etmişdir. Mütəxəssis tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyanın məbləği 7655 manat müəyyən olunmuşdur. Bu səbəbdən avtomobilə dəymiş ziyan məbləğinin ödənilməsindən ötrü müvafiq sənədləri toplayıb Cavabdeh Sığorta Şirkətinin Şirvan şəhər Filialına təqdim etmişdir. Sənədlər təqdim olunduqdan sonra cavabdeh tərəfindən bildirildi ki, ona dəymiş ziyan olaraq 1800 manat məbləğində pul ödənişi olacaqdır. Həmin məbləğlə razılaşmadığından cavabdehə yazılı etirazını bildirmişdir. Etirazı əsasında cavabdehin nümayəndəsi olaraq mütəxəssis tərəfindən avtomobilə yenidən baxış keçirilmiş və dəymiş ziyan kimi ona 1800 manat deyil, 2643 manat məbləğində pul ödənişinin olacağı bildirilmişdir. Lakin ona 2643 manat məbləğində pul ödənişinin olacağı vəd olunsa da, 1300 manat dəymiş ziyan məbləğinin ödənişi olunmuşdur. 6.Cavabdeh "xxxx" ASC-nin tərəfindən iddia ərizəsinə etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılır ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “VAZ-21154” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “VAZ-2107” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsi ilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “VAZ-2107” markal ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1850 manat tələb olunur. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı Ə.M.Bədəlov sığortaçı tərəfindən müəyyən edilən zərər məbləği ilə razı olmadığı üçün Cavabdeh Sığorta Şirkətinə müraciət edərək, müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti müraciəti nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq müstəqil ekspertizanın keçirilməsini təmin etmişdir. Keçirilən müstəqil ekspertiza nəticəsində “VAZ-2107” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin 2643 manat olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə zərərvuranla yanaşı zərərçəkənin də təqsiri müəyyən edildiyi üçün “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi iddiaçının təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılmışdır. Belə ki, iddiaçıya 1321.50 manat məbləğində sığorta ödənişi verilmişdir. Bu səbəbdən iddiaçının iddia ərizəsi əsassızdır. 7.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim-Şəhla Süleymanova) 05 may 2022-ci il tarixli, 2(009)-168/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən 700 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin 30 manatı İddiaçı, 70 manatı Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 8.İş materiallarında olan 093767 nömrəli Sığorta aktından görünür ki, VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta məbləği 55000 manat olmaqla xx.xx.2019-xx.xx.2020-ci il tarixlərə sığorta edilmişdir. xx.xx.2020-ci il tarixdə VAZ- 21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sığorta hadisəsi baş vermişdir. Qiymətləndirmə hesabatına əsasən maddi ziyanın ümumi məbləği 2643 manat müəyyən edilmişdir. Hər iki sürücü təqsirli olduğuna görə sığorta ödənişi 50%, yəni 1321 manat müəyyən edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9322 saylı Rəyindən görünür ki, VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2643 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) 10.İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobilə 5470 manat, VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə 7655 manat ziyan dəymiş və tərəflər barışdığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir. 11.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin faktiki hallarından görünür ki, cavabdeh yolnəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsini qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış, 2643 manat müəyyən olunmuş və 1300 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmişdir, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Belə ki, məhkəmə üçün cinayət prosesini həyata keçirən orqanın ləğv olunmamış qərarı ilə müəyyən edilmiş halın preyudisiyal əhəmiyyəti vardır ki, bu qərarda da ziyanın məbləği 7655 manat (yeddi min altı yüz əlli beş) məbləğində müəyyən edilmişdir. 13.Birinci insansiya məhkəməsi sığorta hadisəsi nəticəsində avtomaşına dəyən ziyanla əlaqədar qeyd etmişdir ki, ziyan məbləği sığorta aktında 2643 manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə 7655 manat təşkil edir. Sığorta aktında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ziyan məbləği arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Ekspert rəyində ziyan məbləği 2643 manat müəyyən edilmişdir.

14. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edildiyini, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyini nəzərə alaraq vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılaraq 2000 manat müəyyən edilməli və sığorta şirkəti tərəfindən ödənilmiş 1300 manatın ödənildiyi nəzərə alınmaqla 700 manat cavabdehdən tutulmalıdır. 15.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 925.1, 926.1, 926.2-ci maddələri, “İcbari sığortalar haqqında” Qanunun 50.1, 52.1, 54, 56.1.2, 16.2, 58.3-2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandlrmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əssaslandırılır ki, cavabdeh tərəfindən iddiaçıya 2643 manat sığorta ödənişi məbləği təqsirin dərəcəsi müəyyən edilmədiyi üçün bərabər hissədə azaldılmaqla, 1321,50 manat ödənilmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı ilə yanaşı hadisədə iştirak etmiş digər sürücünün də hadisənin baş verməsində təqsiri müəyyən olunmuşdur. Cavabdehin gəldiyi nəticə və ödədiyi məbləğ qanunvericiliyin tələbinə tam uyğundur. Məhkəmə isə iddiaçıya məxsus avtomobilə dəydiyi bildirilən, lakin sübut edilməyən 7655 manat ziyanı mötəbər qəbul etsədə, zərərin 2643 manat olmasına dair özünün qərardadı əsasında keçirilmiş məhkəmə əmtəəsünaslıq ekspertinin rəyini və cavabdehin təqdim etdiyi müstəqil ekspert rəyini nəzərə almamışdır. Məhkəmənin nəticədə mütənasib qaydada 2000 manatı necə müəyyən etdiyi aydın olmamaqla yanaşı, cavabdehin iddiaçıya 1321,50 manat ödədiyi halda nədənsə həmin rəqəmi 1300 manat kimi göstərərək 2000 manatdan çıxmaqla cavabdehin əlavə 700 manat ödəməli olması qənaətinə gəlmişdir. Hesab olunur ki, bu halda məhkəmənin zərərin qiymətləndirilməsi və təqsirin dərəcəsi müəyyən edilmədən gəldiyi nəticə işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 22.Maddə 925.1.Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 23.Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 24.Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 25.Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

26. “İcbari sığortalar haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 27.Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 28.Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 29.Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. 30.Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 31.Həmin Qanunun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş vrməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 32.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 35.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 36.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 37.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

38.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 39.Maddə 385.1.3.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 40.Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki hilda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Kollegiya qeyd edir ki, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, X3 idarə etdiyi VAZ- 21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən mülki məsuliyyətin icbari sığorta növü üzrə sığorta məbləği 55000 manat olmaqla, xx.xx.2019-xx.xx.2020ci il tarixi üzrə sığorta edilmişdir. xx.xx.2020-ci il tarixdə X3 idarə etdiyi VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sığorta hadisəsi baş vermişdir. "xxxx" ASC-nin texniki ekspertiza şöbəsinin əməkdaşları tərəfindən VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1850 manat məbləğində müəyyən olunmuşdur. Məbləğlə bağlı mübahisə olduğu üçün müstəqil eksert tərəfindən avtomobilə dəymiş zərər 2643 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən hər iki sürücünün təqsirli olduğuna görə sığorta ödənişi 50%, yəni 1321,50 manat müəyyən edilərək, iddiaçıya ödənilmişdir. 44.xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən İddiaçı əməlində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuş, sonuncu X6 ilə barışdığı üçün, cinayət işinin başlanılması rədd edilmişdir. X3 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd olunmuş, barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qərarda VAZ-21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobilə 5470 manat, VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə 7655 manat ziyan dəyməsi qeyd olunmuşdur. 45.Birinci instansiya məhkəməsi tərəfindən zərərin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş, iddiaçının idarə etdiyi VAZ-21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2643 manat müəyyən olunmuşdur. 46.Birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş zərərin 7655 manat müəyyən edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın preyudisial əhəmiyyətə malik olduğunu qeyd edərək, Məhkəmə Eksertiza Mərkəzi tərəfindən 2643 manat zərər vurulması ilə bağlı rəyi mötəbər sübut kimi qəbul etməmişdir. 47.Kollegiya bununla bağlı apellyatorun dəlilini əsaslı hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda qeyd olunan zərəri mötəbər sübut kimi qəbul etməklə, ekspertizanın rəyini mötəbər sübut kimi qəbul etməməklə düzdün olmayan nəticəyə gəlmiş, prosessual pozuntuya yol vermişdir. 48.Belə ki, Prosessual Qanunvericiliyin tələbinə görə (bənd-32) cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan qərar yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisənin X6 və İddiaçı tərəfindən törədilməsi hissəsində preyudisial əhəmiyyətə malik olmaqla, zərərin məbləği ilə bağlı hissədə preyudisial əhəmiyyətə malik deyildir. Bundan əlavə həmin qərarda 7655 manat məbləğində zərərin müəyyən edilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. 49.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 50.Beləliklə müəyyən olunur ki, iddiaçının avtomobilinə 2643 manat məbləğində zərər vurulmuşdur. 51.Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən İddiaçı əməlində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuş, sonuncu X6 ilə barışdığı üçün, cinayət işinin başlanılması rədd edilmişdir. X3 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd olunmuş, barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar RPŞ-nin DYPB-nə göndərilmişdir. Göründüyü kimi, İddiaçı cinayət məsuliyyəti olduğu halda, X3 əməlində inzibati xəta tərkibi müəyyən olunmuş, son nəticədə inzibati tənbeh tədbirinin verilməsi ilə bağlı iş materiallarında sübutlar mövcud deyildir. 52.Kollegiya hesab edir ki, İddiaçı təqsirlilik dərəcəsi X4 münasibətdə artıq olduğu halda, cavabdeh tərəfindən ədalətli yanaşma aparılmaqla, təqsirlilik dərəcəsi bərabər hesab olunmaqla, zərərin məbləği azaldılaraq 1321,50 manat ödənilmişdir. 53.Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd olunmalıdır. 54.Kollegiya qeyd edir ki, iddia rədd olunduğundan, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(009)-168/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar