Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5303/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3432/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(011)-3432/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1748/2023 saylı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alandək dayandırılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğd edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bu baxımdan onların iddiası rədd edilməli idi. Cavabdehin mənzilin təmirinə çəkilmiş xərcin yarısının tutulması tələbinin hazırki iddiaya hər hansı aidiyyəti yoxdur. Belə ki, cavabdeh yalnız pulun tutulmasını tələb edir, sahiblik və istifadə hüququ ilə bağlı hər hansı tələb irəli sürmür. Bununla da cavabdeh özü də mənzilə sahiblik və ondan istifadə hüququnun olmamasını təsdiq edir. Bununla belə, məhkəmənin icraatın dayandırılması üçün istinad etdiyi prosessual hüquq normalarının onun iddiasına hər hansı aidiyyəti yoxdur. Cavabdehin onun mülkiyyətində olan mənzilə hər hansı hüququ yaranmış olsa idi, təbii ki, mənzildən payının tanınmasını, mənzilə köçürülmə və sair tələblər irəli sürmüş olardı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır; 256.0.3-cü maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadən qeyd edir ki, qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsini tələb etdiyi bir halda, bu iş üzrə icraatın dayandırılmasına səbəb olmuş iş üzrə cavabdeh iddiaçı ilə birgə nikahda olduğu dövrdə həmin mənzildən mülkiyyət və ya istifadə hüququnun yaranmasını deyil, mənzilin yaxşılaşdırılmasına (təmirinə və əlavə tikintilərin inşasına və təmirinə) vəsait sərf etdiyini iddia edir və bu məbləğin yarısının iddiaçıdan tutulmasını tələb edir. Belə olan halda, məhkəmə cavabdehin həmin mənzildən istifadə hüququnun olmasını, itirilməsini və ya əksinə yaranmamasını əsas gətirib onun pul tələbinə dair iddiasını təmin və ya rədd edə bilməz. Eyni qaydada, məhkəmə cavabdehin mənzilin yaxşılaşdırılmasına vəsait sərf etməsini müəyyən edib, bu halı əsas götürməklə iddiaçının iddiasını rədd edə bilməz. Bununla belə, mövcud vəziyyətdə ayrı-ayrı icraatlarda tərəflərin biri-birinə qarşı irəli sürdükləri bu iddialar həm mahiyyət, həm də hüquqi nəticə etibarı ilə biri digərinə hər hansı formada təsir göstərmir. Başqa sözlə, cavabdeh mənzilə deyil, mənzilə sərf edilmiş vəsaitin ½ hissəsinə payını tanıtmaqla, tutulmasını tələb edir. Qeyd edilənlər öz növbəsində cavabdehin iddiası ilə bağlı iş üzrə çıxarılmış məhkəmə aktı qüvvəyə minənə qədər hazırki iş üzrə icraatın dayandırılmasını istisna edir və birinci instansiya məhkəməsinin bu barədə qərardadının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 254-cü, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3432/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5303/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5303/2023
18.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver