Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5304/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1591/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2500 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nobel prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz 220” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Vaz 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalamışdır. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 2500 manat iddiaçı tərəfinfən zərərçəkmiş şəxs Məmmədov Ehtiram Əlikram oğlunun hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddələri ilə təqsirli biinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1591/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddianın təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4, 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam səkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddədə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə olunmasına görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, İXM-də nəqliyyat vasitəsinin etibarnamə olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə məsuliyyət 332-ci maddənin ayrı-ayrı bəndində nəzərdə tutulmaqla, müstəqil normalar kimi çıxış edir. Belə olan halda, məhkəmənin gəldiyi nəticənin və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Göründüyü kimi, hətta istinad edilən maddi hüquq normasında da, qanunverici, nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxs kimi, sürücülük vəsiqəsi ilə yanaşı, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququnu” şərtləndirən etibarnamənin də olmasını tələb edir. Belə olan halda, məhkəmə tərəfindən bu normanın da imperativ tələblərinin tətbiq edilmədiyini təsdiq edir. Cavabdeh sürücülük vəsiqəsi olmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki,“hüququ olmayan şəxs” nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsdir. Halbuki, məhkəmə etibarnamənin nəqliyyat vasitəsinə əmlak kimi qanuni sahiblik etməsini təsdiq edən və qanunla imperativ şəkildə müəyyən edilmiş və ya əmlakdan istifadəsinə hüquq verən sənədin olduğunu nəzərə almamışdır. Göründüyü kimi, qanunverici istinad edilən maddi hüquq normasında da şəxsin nəqliyyat vasitəsinə “qanuni əsasla sahiblik edən” şəxs kimi tanınmasını, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə” –nin mövcudluğu ilə şərtləndirir. Şərh edilənlər, bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan bütün aidiyyatı normalar nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxsi yalnız həmin nəqliyyat vasitəsinə mülki dövriyyənin obyekti olan əmlak kimi yalnız qanuni əsaslarla, yəni, nəqliyyat vasitəsinə mülkiyyət, digər əmlak hüquqları, həmçinin əşya hüquqları ilə sahiblik etdiyi təqdirdə tanıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
9. Maddə 13.4 sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur
10. Maddə 25.1.3 icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
14. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1591/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi, sürücülük vəsiqəsi ilə yanaşı, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququnu” şərtləndirən etibarnamənin də olmasını ehtiva edir.
20. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə isə avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmayan şəxsdir. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir.
21. Bu baxımdan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir.
22. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.
23. Göstərilən xüsusatlara əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmənin hazırki iş üzrə gəlmiş olduğu qənaəti qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1591/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.