Məhkəmə qərarları › İş №2(103)-5307/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5307/2021

17.06.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5307/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsızlığı və ləğvi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-273/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə aralarında 29.05.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisində qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin borc müqavilənin əvəzinə birgə fəaliyyət haqqında bağlanılmış əqd (müqavilə) hesab edilməsi və tərəfindən icra olunmuş hesab edilməsi, 29.05.2018-ci il tarixdə X6 tərəfindən Cavabdeh2 verilmiş 10000 ABŞ dollarının birgə fəaliyyət əqdinin maliyyələşdirilməsi hesab edilməsi, birgə fəaliyyət nəticəsində X6 tərəfindən sərf edilmiş 10000 ABŞ dolları məbləğin riski ona və Cavabdeh2 aid edildiyindən yerdə qalan 5000 ABŞ dollarının hər ikisinə aid edilməklə qalıqın 2200 ABŞ dollarının ona, 2800 ABŞ dollarının Cavabdeh2 aid olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və tanışı Cavabdeh2 2018-ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmək üçün vəsaiti lazım olmuşdur. Cabir ona pulu onun tanışı olan Xaliq Tağıyevdən alacağını demiş, pulu almaq barədə razılıq alaraq onunla birlikdə Xaliqin yanına yollanmışdır. Xaliq onlara demişdir ki, “mən Rəşadı tanımıram, pulu ancaq Cabirə verə bilərəm.” Bu an şəxsiyyət vəsiqəsi olmadığına görə, Cabir təkidlə onu inandırmışdır ki, pulu o götürübqaytaracaq ki, o isə həmin anda borc müqaviləsinə onun yerinə imza edəcək. 29.05.2018ci il tarixdə 53 nömrəli notariat ofisində X6 ilə aralarında kredit müqaviləsi qeydə alınmışdır. Notariat ofisində X9 Cabirə 10000 ABŞ dolları vermişdir. Notariat ofisindən çıxandan sonra işlətdikləri Bakı şəhəri, Əhməd Cavad küçəsi, ev 6 ünavnda yerləşən “Rublyovka” kafesinə getmişlər. Orada Cavabdeh2 Arzu xanım adında işçinin yanında həmin puldan 300.ABŞ dollarını çıxararaq qalan 9.700 ABŞ dollarını ona vermişdir. Kredit Müqaviləsində isə 15000 ABŞ dolları qeyd olunmuşdur. Cabir qələcək gəlirlərin hesabına onunla və Xaliqlə hesablaşmağı nəzərdə tuturdu. Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmiş, lakin, proqnozları reallaşmamış, qazanc əldə edə bilməmişdirlər. Mütəmadi olaraq Xaliq ona Cabirdən şikayətlər etmişdir ki, onunla sövdələşdiyi razılığa əməl etmir. Bu söhbəti Cabirə dəfələrlə çatdırmışdır. Nəhayət birgə fəaliyyət nəticəsində əldə etdikləri 4000 ABŞ dolları və şəxsi əmlakının satışından əldə etdiyi 1000 ABŞ dolları, cəmi 5000 ABŞ dollarını aparıb Xaliqə şahidərin yanında vermiş və 15000 ABŞ dollarına dair təkrarən suallarını bildirmişdir. Xaliq bunun ona aidiyyətinin olmadığını, Cabirlə aralarında həll olunacağını bildirmişdir. Bir az vaxt keçdikdən sonra ona Sumqayıt şəhər icra və probasiya şöbəsindən kreditin qaytarılması haqqında Tağıyev Xaliqin ərizəsi əsasında Notariat ofisindən verilmiş notariat qeydinin icrası barədə icraata başlamaq haqqında qərar qəlmjşdir. Xaliq Tağıyevə və Cabir Rüstəmova müraciət etmiş və mübahisənin niyə bu cürə çevrildiyini öyrənmişdir. Hər ikisi işin real hallarından imtina etmiş və belə çıxmışdır ki, guya o Xaliq Tağıyevdən 15000 ABŞ dolları almış və qaytarmamışdır. Cabir kənarda qalmış, birgə fəaliyyət onların tərəfindən təhrif olunmuşdur. Halbuki onlarla işləyən şəxslər bu hadisəni əvvəldən axıra kimi bilirlər və məhkəmədə təsdiq edə bilərlər. Cavabdehlərin hərəkətləri nəticəsində məhkəmələrdə borclu kimi qalmış və faktiki halları nəzərə almaqla həqiqi mülki əqdin bağlanmış tanınmasına hüququ müdafiəsiz qalmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Vəliyev X7 rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdeh Xaliq Tağıyevin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, 29.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X1 Rəşad Baba oğluna 15000 ABŞ dolları məbləğində borc verməyi, İddiaçı isə krediti 15.09.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. 21.10.2019-cu il tarixli icra qeydindən görünür ki, X3 xeyrinə İddiaçı ödənilməmiş 15000 ABŞ dollarının və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması təklif edilmişdir. Həmin icra qeydi 21.10.2019-cu il tarixli məktubla icra edilməsi üçün Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(004)-1126/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun azaldılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)-6027/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(004)-1126/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin kredit müqaviləsində qeyd olanan məbləğin 15.000 ABŞ dolları deyil, 10.000 ABŞ dolları olmasını və hazırda 2200 ABŞ dolları ödənilməmiş borcunun qalması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbi, eləcə də apelyasiya şikayəti mötəbər sübutlarla təsdiq olunmayan formal mülahizələrlə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində əslində onunla cavabdeh X6 arasında kredit müqaviləsinin deyil, birgə fəaliyyət müqaviləsinin bağlandığını, bu baxımdan mübahisəyə mülki qanunvericiliyin həmin müqaviləyə dair müddəalarının tətbiq olunmalı olmasını və tələb olunan borcun onunla digər Cavabdeh2 aid olunmalı olmasını qeyd etsə də, məhkəmə araşdırılmaları zamanı bunu sübut edə bilməmişdir, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən kredit müqaviləsinin etibarsızlığı ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar