Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5310/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı1 və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6454/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından ilk iddia tələbi üzrə iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxx” MTK-nın 3.354.200,04 manat mənfəətinin İddiaçı2 payına düşən 30 % hissəsinin, yəni 1.006.260,01 manat məbləğin və İddiaçı1 payına düşən 10 % hissəsinin, yəni 335.420 manat məbləğin “xxxxxxx” MTK-nın təsisçiləri – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum X3 vərəsələri – arvadı Cavabdeh4 və oğlu Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini, ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxx” MTK-nın təsisçiləri – cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və mərhum X3 vərəsələri – arvadı Cavabdeh4 və oğlu Cavabdeh5 müştərək qaydada tutularaq, 50 %-nin İddiaçı2 və 50 %-nin İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsi, “xxxxxxx” MTK-nın 3.354.200,04 manat mənfəətinin onun payına düşən 10 % hissəsinin yəni, 335,420 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, Cavabdeh2 və İddiaçı2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır. Həmin qərardaddan ilk iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəyə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6454/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 “icra sənədinin qaytarılması” haqqında xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-1683/18 saylı qanuni qüvvəyə minmiş və xx xxx 2018-ci il tarixdə icra vərəqəsi ilə icraya yönəldilmiş icra sənədi Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İcra məmuru öz qərarını onunla əsaslandırmışdır ki, aparılmış məcburi icra tədbirləri zamanı borclu “xxxxxxx” MTK-nın adına hər hansı bir əmlak aşkar edilməmiş, hesabına qoyulmuş inkasso sərəncamları borclunun hesabları bağlı olduğundan icrasız qalmış, elektron icra sistemindən əldə olunmuş məlumata əsasən “xxxxxxx” MTK-nın hüquqi şəxs kimi fəaliyyəti dayandırılmış və rəhbəri olmuş X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Hakim Mülki Məcəllənin 453.1-ci maddəsinə istinad edərək, guya kreditorun, Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməli olduğunu bildirmiş və ərizəni baxılmamış saxlamışdır. Mülki Məcəllənin 453.1-ci maddəsi məcəllənin 6-cı bölməsində, öhdəlik hüququnun ümumi hissəsində, 23-cü – öhdəliklərin icra edilməməsi üçün məsuliyyət fəslində verilmişdir. Eyni zamanda həmin məcəllənin 453.2-ci maddəsində göstərilir ki, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. “xxxxxxx” MTK-nın təsisçilərindən olan, hazırkı iş üzrə Cavabdeh2 həmin MTK-ya müraciət etmiş və MTK-nın nə fəaliyyəti, nə vəsaiti, nə hazırkı iddianı yönəltmək üçün məsul şəxsi (sədri) olmadığına görə, MTK-nın təsisçilərinə qarşı iddia qaldırmış və Yasamal Rayon Məhkəməsində iddia təmin edilmişdir. Hazırda isə eyni məhkəmənin digər hakimi oxşar iddia və predmet üzrə ərizəni baxılmamış saxlamaq barədə qərardad qəbul etmişdir. MPM-in ərizənin baxılmamış saxlanılmasının əsaslarına aid 269-cu maddəsi üzrə hakim heç bir prosessual norma ilə qərarını əsaslandıra bilməmişdir Çünki ərizəni baxılmamış saxlamağa əsas yoxdur. İclas zamanı hakimin bildirdiyi - kreditorun, Mülki Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməli olması, yəni pretenziya qaydası isə, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində aşağıdakı kimi göstərilmişdir: - məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlana bilər. Lakin hazırkı iddia mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş müddəaya uyğun deyil, tərəflər arasında belə bir müqavilə yoxdur. Məhkəmə iclasında iddiaçı və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını və vəkilini dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ilkin iddia tələbinin baxılmamış saxlanılması hissəsində ləğv edilməli və mülki iş ilkin iddiaya baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırda ilkin iddia üzrə iddiaçılar şikayət verdiyindən apelyasiya baxışının hədlərini qərardadın ilkin iddia tələbinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmişdirlər. Belə ki, ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə iddiaçı xxxxxxx MTKnın təsisçilərinə qarşı iddia irəli sürərək MTK-nın mənfəətinin onların payına uyğun hissələrini tələb etmişdirlər. İddialarının əsasını da o təşkil edir ki, təsisçilər MTK-nın öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçıların bu mövqeyi ilə razılaşır. Lakin məhkəmə qeyd edir ki, təsisçilər Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tələbinə əsasən MTK-nın öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyırlar, lakin subsidiar məsuliyyət əlavə məsuliyyətdir və Mülki Məcəllənin 453-cü maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Göründüyü kimi iddiaçılar (təsisçilər) kooperativin mənfəətini birbaşa buna görə məsuliyyət daşıyan hüquqi şəxsə qarşı deyil, subsidiar məsuliyyət daşıyan təsisçilərə qarşı irəli sürmüşlər və Mülki Məcəllənin 453-cü maddəsinin tələblərinə də riayət etməmişdirlər, həmçinin əsl olmayan cavabdehlərin əsl cavabdeh, yəni xxxxxxx MTK ilə əvəz edilməsinə məhkəmə baxışında razılıq verməmişdirlər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 Zəkəriyə oğlu və X1 cavabdehlər X15-Musa oğlu, İddiaçı2 və Cavabdeh1 qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddiaları qismən təmin edilmiş, həmin qətnamədən iddiaçılar Cavabdeh2 Zəkəriyə oğlu və X1 birgə verdikləri apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, “xxxxxxx” MTK-dan mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının alınaraq Cavabdeh2 Zəkəriyə oğluna verilməsi, “xxxxxxx” MTK-dan ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dollarının X1 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissədə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)-1683/2018 saylı qərarı ilə qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyev xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, icra tədbirləri nəticəsində “xxxxxxx” MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri Samir Əliyevin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlaklarının olmadığının müəyyən olunduğunu bildirmiş, buna görə də MTK-nın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıb-tanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələsinə izah verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 674/2017 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 674/2017 nömrəli iş üzrə verdiyi xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsinə dair Nəsimi rayon İcra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Bu zaman məhkəmə kollegiyası öz qərardadında qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırkı işdə isə belə hallar yoxdur və Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tətbiq olunub-olunmayacağı icra sənədinə izah verilməsi yolu ilə deyil, müstəqil məhkəmə araşdırması çərçivəsində müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik müdafiə hesab olunur. İcra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna da belə izah verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Həmin məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. İş materiallarından da görünür ki, hazırkı iş üzrə tərəf olan Cavabdeh2 və X6 “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə xxxxxxx” MTK-dan pulun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. İcra mərhələsində MTK-nın rəhbərinin vəfat etdiyi və MTK-nın bank hesablarında pul vəsaitlərinin və əmlaklarının olmadığı müəyyən edilmişdir. Bundan sonra Cavabdeh2 olğu və X6 MTK-nın digər təsisçilərinə qarşı məhkəmədə yenidən iddia qaldırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yəni hazırda da ilkin iddia üzrə iddiaçıları nəticəsi əvvəlcədən məlum olan və yalnız formallıq baxımından yenidən hec bir rəhbəri olmayan MTK-ya qarşı tələbi yönəltməyə məcbur etmək və heç bir nəticə əldə edilmədikdən sonra təsisçilərə qarşı iddia irəli sürmək barədə qərar qəbul edilməsi ilkin iddia tələbi üzrə iddiaçıların konstitusiyada müəyyən edilmiş hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir müddəasına uyğun olmamaqla süni olaraq vaxt itkisinə gətirib çıxaracaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ilkin iddia ərizəsinin baxılmamış saxlanılması hissəsində ləğv edilməli və iş ilkin iddiaya baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6454/2019 saylı qərardadı ilkin iddia tələbinin baxılmamış saxlanılması hissəsində ləğv edilsin. İş ilkin iddia tələbinə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-5310/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5310/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver