Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5310/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(005)-1359/2021 №-li mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Baş Səhiyyə İdarəsinin 3 №-li Şəhər Kliniki Xəstəxanası və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 05.02.2017-ci il tarixində İsrail Dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar Cavabdeh1 şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsi Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin üzərinə qoyulması, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunu müəyyən edərək Cavabdeh1 Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsinin cavabdeh Xidmətin üzərinə qoyulması, “Vətəndaşlığın azaldılması haqqında” Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və Cavabdeh1 Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsinin cavabdeh Xidmətinin üzərinə qoyulması, xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı Cavabdeh1 tərəfindən qanunsuz olaraq alınan Azərbaycan Respublikası pensiyasının Cavabdeh1 tutulması, saxtalaşdırma yolu ilə iddiaçının xeyli miqdarda əmlakının oğurlanması, qrup halında dələduzluq haqqında ifadə verməsi üçün Cavabdeh1 mütləq qaydada məhkəməyə çağırılması, 17.12.2006-cı il tarixində saat 00:10-da vəfat etmiş 1958-ciil təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədləri həmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsinin Baş Səhiyyə İdarəsinin 3 №-li Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.01.2021-ci il tarixli qərardad ilə iddianın yolverilməzdiyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqan olan Dövlət Miqrasiya Xidmətinə qarşı iddia irəli sürməklə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və bu tələbin ümumi məhkəməyə verilməsi yolverilməzdir. Bundan başqa, iddiaçı tələbini həm də cavabdeh orqanların qanunsuz hərəkətləri ilə əsaslandırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1 və 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.4. maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» 06.10.2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad etməklə iddianın yolverilməzliyinə görə yuxarıda qeyd edilən iddia ərizəni icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qəbul etdiyi qərardaddan iddiaçının verdiyi şikayət əsassızıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan, habelə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5310/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5310/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver