Məhkəmə qərarları › İş №2(103)-5312/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5312/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5312/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə mənzilə köçürmə” tələbinə dair ilk, cavabdeh X2 İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179 nömrəli evin 44 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179 nömrəli evin 44 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 318/2019 saylı qətnaməsi ilə İddiaçı övladları - xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 179 nömrəli evin 44 nömrəli mənzilinə köçürülməsinə dair ilk iddianın təmin, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179 nömrəli evin 44 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması zamanı İddiaçıməhkəməyə ərizə ünvanlayaraq, iddia tələbindən imtina etməsini və qarşılıqlı iddianı qəbul etməsini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının tələbinə münasibətdə ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, tərəflər öz aralarında olan mülki mübahisəni məhkəmədən kənar qaydada həll etməklə bağlı razılaşmışlar və buna dair notarial qaydada yazılı razılaşma imzalamışlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-318/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata ilk iddiaya aid hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 318/2019 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı “yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə icraata həmin hissədə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar