Məhkəmə qərarları › İş №2(103)-5317/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5317/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5317/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)-1387/2022 saylı qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və özünün qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülməkləri və ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Nərimanov rayonu, S.Ələsgərov küçəsi 8A saylı evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirərək, həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)- 1387/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) “qeydiyyatdan çıxarılma tələbinə dair” Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7558/2022 saylı nömrəli mülki iş üzrə müvafiq məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində icraatda olan e-2(005)-1387/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarı). Göründüyü kimi, işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Birinci instansiya məhkəməsi isə icraatın dayandırılması barədə qərardadda bu halı ümumiyyətlə əsaslandırmamış, işlərin bir-birindən asılılığının və hazırki işə baxılmasının mümkün olmamasının nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçının hazırki tələbi mənzilə köçürülməklə bağlı olmaqla, qeydiyyatdan çıxarılma tələbinə dair olan inzibatı işlə elə bir asılılığı müəyyən edilmir ki, mülki işə baxılması mümkün olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları pozulduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)-1387/2022 saylı qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar